Açılan pərdələr

 

Yaxud Nəsimi olduğu kimi

 

Sovet dövründə böyük Azərbaycan şairi Nəsiminin haqqında aparılan tədqiqatlarda, yazılan məqalələrdə, eləcə çəkilən bədii filmdə belə müəyyən təhriflərə yol verilib. Dövrün diktələri nəticəsində Nəsimi adətən dinsiz, imansız, Allahı qəbul etməyən bir asi kimi təqdim edilib. Bəzən Nəsimi haqqında dəqiq məlumat əldə olunmadığından yanlışlıqlara yol verilib. Məsələn, Nəsiminin diri-diri soyularaq şaqqalanması haqqında olan məlumat kimi. Halbuki Nəsiminin boynu vurulduqdan sonra dərisi soyulub s.

 

Uzun illər Nəsiminin qəbrinin harada olması Azərbaycan ictimaiyyətinə bəlli olmayıb. Yalnız 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu üzə çıxardı bir sıra əlyazma nüsxələrini əldə etdi. Rəsul Rzanın "Cahana sığmayan şairin qərib məzarı", "Böyük şair haqqında qeydlər", "Nəsiminin bir beyti haqqında" adlı məqalələri bu gün əhəmiyyətini itirməyən bir sıra mətləblərdən söz açır. Nəsiminin bizə bəlli olmayan divanında Allaha, islam dininə, peyğəmbərimizə başqa müqəddəslərə həsr olunan çoxlu şeirləri olub. Amma sovet dönəmində bu barədə söz açmaq asan olmadığından üzərindən sükutla keçilib.

2008-ci ildə isə Rəsul Rzanın saldığı izlə Hələbə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev getdi. O, unudulmaz Azərbaycan şairinin qəbrini ziyarət edərək öz fikirlərini mətbuatda çap etdirdi. Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatında Nəsimi ilə bağlı bir sıra araşdırmalar aparılaraq onun bəzi əsərləri üzərindəki pərdələr açılaraq bu böyük sufi şair olduğu kimi oxuculara çatdırılır. Bu istiqamətdə Qəzənfər Paşayevin xidmətləri danılmazdır.

Bəllidir ki, Prezident İlham Əliyev Nəsiminin məqbərəsinin ətrafının abadlaşdırılması ilə bağlı Suriya Prezidenti Bəşar Əsədə istəyini bildirmişdi. Nəticə ürəkaçan oldu. 2008-ci ildə Hələbdə Nəsimi ilə bağlı I beynəlxalq, 2009-cu ildə isə Bakıda II beynəlxalq konfranslar keçirildi. Hər iki konfransda Nəsimi yaradıcılığından söz açıldı bəlli oldu ki, şairi dini görüşlərinə görə deyil, məhz siyasi baxışlarına görə edam ediblər. Bunu bir çox tədqiqatlar da təsdiq edir.

Professor Qəzənfər Paşayevin bu günlərdə çapdan çıxan "Nəsimi haqqında araşdırmalar" kitabında da yazılır: "Gün kimi aydındır ki, Nəsimi dini etiqadına görə edam edilsəydi, məsciddə dəfn olunmazdı, ona məqbərə tikilməzdi. Türbəsi ziyarətgaha çevrilməzdi. Adına küçə qoyulmazdı, təkyəsi olmazdı. Təkyənin üstündə "Həzrət Nəsimi", türbəsinin üstündə isə "Şeyx Nəsimi" yazılmazdı".

Xatirimizdədir ki, uzun illər Nəsiminin bir məşhur beytini sovet rejiminin tələbinə görə təhrif edirdilər. Nəsimi deyirdi: "Məndə sığar iki cahan, mən bu cahana sığmazam". Fikirləşib tapmışdılar ki, iki cahan o dünya, bu dünya mənasındadır. Buna görə "novator" tədqiqatçılar belə düzəliş etdilər: "Məndə sığar ikən cahan, mən bu cahana sığmazam". Amma haqq çox da gizli qalmadı. Professor Qəzənfər Paşayev apardığı tədqiqatlarda həm Nəsiminin poetik irsini bugünün baxışları ilə araşdırıb, həm uzun illər gizli qalmış taleyinin üzərinə işıq salıb. Nəsiminin həyat yaradıcılığına həsr olunan məqalələrini, araşdırma tapıntılarını bir topluda cəmləşdirərək kitabsevərlərə, ədəbiyyatşünaslara təqdim edən müəllifin bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir. Ən ümdəsi odur ki, 600 il yol gələn Nəsimi irsi bu gün olduğu kimi öz oxucularına çatdırılır.

Kitabın elmi redaktoru ön sözün müəllifi akademik Bəkir Nəbiyev, rəyçi AMEA-nın müxbir üzvü Əlyar Səfərlidir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-18  fevral.- S. 8.