2010-cu il Azərbaycan tarixinə
ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində dönüş ili kimi yazılacaqdır
Azərbaycan Prezidenti İlham Əliyevin
yanında ekoloji problemlərə həsr olunmuş
müşavirə keçirilmişdir
Fevralın 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanında
ekoloji problemlərə həsr olunmuş müşavirə
keçirilmişdir. Dövlətimizin başçısı
müşavirəni giriş nitqi ilə
açmışdır.
Prezident İlham Əliyevin
giriş nitqi
- Bu il Azərbaycanda
"Ekologiya ili" elan edilib. Biz bütün il ərzində
və ondan sonrakı illərdə ekoloji məsələlərin
həllinə böyük diqqət göstərməliyik.
Artıq uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə
işlər görülür. Bir müddət bundan əvvəl
geniş ekoloji proqram qəbul edilmişdir. Proqram
çoxşaxəlidir, çox müfəssəl proqramdır.
Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər
öz əksini tapıb, eyni zamanda konkret icra mexanizmləri də
müəyyən edilibdir. Maliyyə resursları haqqında
orada kifayət qədər istiqamətlər vardır. Bir
sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması
istiqamətində daha da ciddi addımlar atmalıyıq.
Ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatı son illər ərzində dünyada ən
sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm
iqtisadi göstəricilər əyani şəkildə
sübut edir, eyni zamanda Azərbaycanda görülən işlər
göz qabağındadır. Bizim iqtisadiyyat 6 il ərzində
təxminən 3 dəfə artıbdır. Bu, dünyada
analoqu olmayan inkişafdır. Hətta bütün dünya
üçün ağır olan 2009-cu ildə bizim
iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili məhsulun
artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı
dayanıqlıdır, çoxşaxəlidir və
uğurludur.
Bütün bu işlərin
təməlində apardığımız islahatlar, ölkəmizin
hərtərəfli inkişafı, regionların sosial-iqtisadi
inkişafının icrası ilə bağlı görülən
tədbirlər, regional proqramın birinci mərhələsinin
uğurla başa çatdırılması və Azərbaycanda
gözəl investisiya iqliminin yaradılması dayanır. Bu
gün Azərbaycanda investisiyalar həm xaricdən daxil edilir,
həm də ancaq son bir neçə il ərzində daxili
investisiyalar xarici investisiyaları üstələyir. Bu onu göstərir
ki, artıq Azərbaycan dövləti və Azərbaycan
şirkətləri öz ölkəsinə böyük sərmayə
qoyulması istiqamətində önəmli addımlar
atırlar.
Azərbaycanda investisiya iqlimi
gələcəkdə də müsbət olacaqdır. 2009-cu
ildə həm beynəlxalq maliyyə qurumları, həm kommersiya
bankları, yəni dünyada fəaliyyət göstərən
kommersiya bankları müəyyən dərəcədə
maliyyə sıxıntıları içində idilər.
Buna baxmayaraq, Azərbaycana ayrılan kreditlər, onların məbləği
artır. Xarici şirkətlər hətta 2009-cu ildə Azərbaycan
iqtisadiyyatına böyük sərmayənin qoyulması
istiqamətində vacib addımlar atmışlar. 2009-cu ildə
ölkə iqtisadiyyatının şaxələndirilməsi
üçün çox vacib sənaye obyektlərinin
açılışında iştirak etmişik, eyni zamanda
çox vacib müəssisələrin təməl
daşı qoyulmuşdur.
Görülən
bütün bu işlər, yenə də deyirəm ki,
çox konseptual xarakter daşıyır. Biz çox ciddi
proqram üzərində işləyirik. Proqram çoxşaxəlidir.
Proqramın əsas vəzifəsi Azərbaycan
iqtisadiyyatını gücləndirmək, şaxələndirmək,
Azərbaycanın bütün problemlərini həll etmək,
insanların sosial problemlərinin həlli üçün
vacib addımlar atmaq və beləliklə, ölkəmizin
müstəqilliyini, iqtisadi azadlığını, iqtisadi
müstəqilliyini gücləndirməkdir. Azərbaycanda
sahibkarlığın inkişafı üçün
çox gözəl şəraitin yaradılması, əlbəttə,
həmişə olduğu kimi, prioritet məsələlərdən
biridir.
Əlbəttə ki, son illərdə
ölkə qarşısında duran əsas vəzifələr
diqqət mərkəzindədir. Çünki biz
çalışırdıq və
çalışırıq ki, ölkəmiz uğurla
inkişaf etsin. İlk növbədə, ölkə
üçün ən vacib problemlərin həllinə diqqət
göstərilmişdir. İnfrastruktur layihələri,
iqtisadi islahatlar, investisiyalar, sosial məsələlərin həlli.
Energetika sektorunda böyük sərmayələr qoyulubdur. Həm
neft-qaz istehsalı bir neçə dəfə artıbdır,
eyni zamanda Azərbaycan öz ixrac imkanlarını
böyük dərəcədə genişləndirə
bilibdir. Bizim neft-qaz sahəsindəki uğurlar bütün
dünya tərəfindən tanınır. Azərbaycan
özünü etibarlı tərəfdaş kimi artıq
dünyada təsdiq edibdir. Bu gün çoxşaxəli ixrac
marşrutlarımız imkan verir ki, təkcə bir
marşrutdan asılı olmayaq. Beləliklə, həm
iqtisadi, həm siyasi imkanlarımız daha da genişlənir.
Elektrik enerjisinin istehsalı
üçün əlavə güclərin yaradılması
istiqamətində də çox vacib, konkret addımlar
atılmışdır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini
tam şəkildə təmin edir. Bununla bərabər, ərzaq
təhlükəsizliyinin təmin edilməsi işində
vacib addımlar atılmışdır, böyük
investisiyalar qoyulmuşdur. Bu gün biz özümüzü əsas
ərzaq məhsulları ilə demək olar ki, təmin edirik.
Çalışmalıyıq ki, yerli istehsalı daha da
artıraq və kənd təsərrüfatı məhsullarının
ixracı ilə bağlı bütün məsələləri
həll edək, yeni bazarlar əldə edək. Beləliklə,
kənd təsərrüfatının inkişafını da
gələcəkdə təmin etmək üçün
lazımi tədbirlər görüləcəkdir.
Mən bütün bu məsələləri
ona görə deyirəm ki, ölkə qarşısında
duran əsas iqtisadi və sosial məsələlər öz həllini
tapmalı idi, onların böyük əksəriyyəti
öz həllini tapıbdır. Gələcək illərdə,
xüsusilə regionların və ümumiyyətlə,
ölkəmizin sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci mərhələsinin uğurla başa
çatdırılması üçün 2013-cü ilə
qədər bütün əsas məsələlər öz
həllini tapmalıdır.
Ekologiya məsələlərinə
gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə
ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa
edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf
mühitin qorunması sanki beşinci, onuncu dərəcəli
məsələ kimi gündəlikdə dayanırdı. Yəni
hətta ekologiya sözü, əvvəlki illərdə o qədər
də çox işlədilmirdi. Beləliklə, Abşeron
yarımadasının torpaqlarının müəyyən
hissəsi çirklənibdir. Neft tullantıları ilə
çirklənmiş gölməçələr bu gün də
bizi narahat edir. Məişət tullantılarının
utilizasiyası məsələləri ilə demək olar ki,
ciddi məşğul olmamışıq. Azərbaycanda
içməli su problemi həmişə, bütün
dövrlərdə ən ciddi, ən böyük problemlərdən
biri idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini
gözləyən əsas problemlərdən biridir. Yəni
ki, bütövlükdə ekologiya məsələlərinə
bir az ögey münasibət bəslənilirdi. Deyə bilərəm
ki, bütün sovet məkanında, postsovet məkanında,
Sovet İttifaqı zamanında daha çox planın icrası
məsələləri nəzərdə tutulurdu. Ancaq ekoloji
tədbirlər ya yarımçıq görülürdü,
ya görülmürdü.
Sovet İttifaqına xas olan
bütün bu ümumi meyillərə baxmayaraq, Azərbaycanda
ekoloji məsələlərin həlli işinə 1970-80-ci
illərdə böyük diqqət göstərilirdi. Bu
gün Bakının ətrafında gördüyümüz
ağaclar, meşəliklər, yaşıllıq zolaqları
ulu öndər Heydər Əliyevin təşəbbüsü,
onun şəxsi iştirakı ilə
salınmışdır. O illərdə Bakının
kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar
atılmışdır. Yəni, bütün bu məsələlər
o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə
ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə
müstəqil siyasət apara bilmirdi.
Bu gün ekoloji məsələlərin
həlli vacib məsələlərdən biridir. Ona görə
yox ki, bütün dünyada bu məsələlərə
böyük diqqət göstərilir. Ona görə ki, bu
gün Azərbaycan qarşısında həllini gözləyən
əsas məsələlərdən biri ekoloji vəziyyətin
yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu
istiqamətdə vacib addımlar atılıbdır, konkret
proqram qəbul edilibdir. Bu gün isə mən hesab edirəm ki,
biz əlavə tədbirlər haqqında
danışmalıyıq. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə
2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir.
Artıq bütün cəmiyyətdə bu təşəbbüs
müsbət qarşılanır və görülən tədbirlər
əhali tərəfindən, ictimaiyyət tərəfindən
dəstəklənir, ağacəkmə kampaniyası və
digər vacib məsələlər xalqın iştirakı
ilə həyata keçirilir.
Mən hesab edirəm ki,
ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə
məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə
bu məsələlərə ciddi diqqət göstərməliyik.
Həllini gözləyən əsas məsələlər
aydındır. Bu gün biz bu barədə
danışacağıq. Ətraf mühitin qorunması, əhalinin
içməli su ilə təmin edilməsi - bu istiqamətdə
də kompleks tədbirlər görülür. Hansısa bir
istiqamətdən söhbət getmir. Burada həm də
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə
tutulur. Ümid edirəm ki, bu il bu su kəməri - Bakıya
hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək
və beləliklə, Bakı əhalisi təmiz içməli
su ilə təmin ediləcəkdir. Samur-Abşeron
kanalının tikintisi, - bu da çox böyük vəsait tələb
edən layihədir, - uğurla davam edir. Artıq 122 kənddə
kiçik təmizləyici modul qurğular
quraşdırılıbdır və 220 mindən çox vətəndaş
- əvvəllər çay sularından, bulanıq sulardan
istifadə edən vətəndaşlar bu gün təmiz
içməli su ilə təmin edilir. Hazırda 60-dan
yuxarı kənddə işlər gedir və hesab edirəm
ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində
350 mindən çox vətəndaş təmiz içməli
su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı
illərdə davam etdirilməlidir.
İçməli su ilə
bərabər, əlbəttə ki, biz həm Bakının, həm
ölkəmizin bütün şəhər və
rayonlarının kanalizasiya məsələlərini həll
etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan
aerasiya stansiyasının açılışında
iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək
olar ki, Bakının kanalizasiya problemlərinin böyük
hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər
planı vardır. Biz bu il və gələn illərdə bu
məsələlərə böyük diqqət göstərməliyik
ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin,
müasirləşsin, ən yüksək standartlara cavab
versin. Beləliklə, şəhərimiz üçün
bütün dövrlərdə çox ciddi olan bu problem
öz həllini tapacaqdır.
Bu gün Azərbaycanda
yaşıllaşdırma istiqamətində vacib addımlar
atılır, ağacəkmə kampaniyası uğurla davam
edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu
gözəl təşəbbüsə çox fəal şəkildə
qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki,
qısa müddət ərzində Bakıda və Abşeron
yarımadasında ən azı 3 milyon ağac əkilsin,
bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə
vacib addımlar atılır. Biz artıq nəticələri
görürük. Bakının müxtəlif yerlərində
artıq bu çox gözəl mənzərə göz
qabağındadır. Əvvəlki illərdə antisanitariya
mənbəyi olan aeroport yarmarkası
köçürüldü və o boşalan ərazidə
böyük meşə zolaqları yaradılır. Yəni,
bu istiqamətdə işlər görülür və biz bu
gün bu barədə eşidəcəyik.
Havanın çirklənməsi
məsələlərinə böyük diqqət göstərilməlidir.
Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər
vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə
bütün məsələləri Avropa standartlarına
uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata
görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın
payına düşür. Hesab edirəm ki, nəzərdə
tutulmuş tədbirlərin icrası nəticəsində biz
bu sahədə də Avropa standartlarına
çatacağıq.
Əlbəttə ki, bu, asan
proses deyildir. Çox böyük tədbirlərin görülməsi
nəzərdə tutulur. Ancaq biz bunu etməliyik.
Bir sözlə, ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
çox işlər görülməlidir. Əsas məsələ
ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin
görülməsi üçün ciddi və güclü
iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib
edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri
təhlil edib, əlavə tədbirlərin görülməsi
haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və
ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi
addımlar atılsın.
Mən şübhə etmirəm
ki, görülən və görüləcək tədbirlər
nəticəsində bir neçə ildən sonra görəcəyik
ki, Azərbaycan vətəndaşlarının
sağlamlığı daha da möhkəmlənib.
Çünki insan sağlamlığına ən ciddi zərbə
vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə
olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu
amillər insanın sağlamlığına ən
böyük təsir edən amillərdir. Əgər biz bu
istiqamətdə işlərimizi ən qabaqcıl Avropa
ölkələrinin standartlarına uyğunlaşdırsaq,
görəcəyik ki, müəyyən müddətdən
sonra həm insanların sağlamlığı, həm
onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda
yaşamaq üçün ən lazımi şərait
yaradılmışdır. Bu istiqamətdə
görülmüş işlər sayəsində
xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və
Azərbaycan hərtərəfli inkişafını bundan
sonra daha da uğurla irəliyə aparacaqdır.
İndi isə söz verilir
ekologiya və təbii sərvətlər naziri Hüseyn
Bağırova.
AzərTAc
Azərbaycan.- 2010.- 19 fevral.- S. 1.