2010-cu il Azərbaycan tarixinə
ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində dönüş ili kimi yazılacaqdır
Azərbaycan Prezidenti İlham Əliyevin
yanında ekoloji problemlərə həsr olunmuş
müşavirə keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Mən hesab edirəm ki,
müşavirədə iştirak edən bütün vəzifəli
şəxslər öz sahələrində ekoloji tədbirlərin
gücləndirilməsi işində praktiki addımlar
atacaqlar. Bu gün məruzə edilən məsələlər
öz həllini gözləyir. Əlbəttə ki,
görülən işlər haqqında bu gün
danışıldı və bu da çox vacibdir.
Çünki bu, onu göstərir ki, Azərbaycanda bu istiqamətdə
çox ciddi işlər aparılır və çox ciddi
yanaşma vardır. Ancaq görülən işlərlə bərabər,
biz diqqəti daha da çox həllini gözləyən
işlərə yönəltməliyik. Konkret
addımların atılması nəticəsində, əminəm
ki, bu gün burada səslənən və səslənməyən
digər vacib məsələlər öz həllini
tapacaqdır.
Hesab edirəm ki, ekoloji
tarazlığın bərpası istiqamətində,
bütün istiqamətlərdə vacib addımların
atılması nəzərdə tutulur. Onların bəziləri
artıq öz həllini tapıb və biz gələcəkdə
bu istiqamətlər üzrə daha da böyük işlər
görəcəyik. Onu demək istəyirəm ki, elə bir
sahə yoxdur ki, o sahə konkret təkliflərlə təmin
edilməsin. Konkret icra mexanizmləri vardır və biz
onları daha da dəqiqləşdirməliyik.
Ağacların əkilməsi
və yaşıllıqların yaradılması istiqamətində
əlavə tədbirlər görüləcəkdir. 2010-cu
ildə həm büdcə vəsaiti nəzərdə tutulub,
eyni zamanda, digər mənbələrdən istifadə edilməlidir.
Mən giriş sözümdə qeyd etdim ki, ictimaiyyət
geniş mənada bu işlərə çox fəal
qoşulmuşdur. Qarşıda qoyulan vəzifə - Bakıda
və Abşeronda üç milyon ağacın əkilməsi
proqramı əminəm ki, tezliklə öz həllini
tapacaqdır. Mən çox şadam ki, bütün ölkədə,
bütün şəhər və rayonlarımızda bu
işlər geniş vüsət alıb və insanlar
çox böyük fəallıq göstərirlər.
Bu gün burada qeyd edildi ki, kanalizasiya sularından təkrar istifadə layihəsi işlənilməlidir. Yaxın Şərq ölkələrində və digər ölkələrdə bu təcrübə vardır. Biz bütün imkanlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Biz damcılı suvarma sisteminə keçməliyik. Çünki bizim işimiz ağacların əkilməsi ilə bitmir. Əsas məsələ ağaclara qulluq etmək, onları vaxtlı-vaxtında suvarmaq və onlara xidmət göstərməkdir. Mən istəmirəm ki, bu ağacəkmə məsələləri ancaq ağacların əkilməsi ilə məhdudlaşsın və ondan sonra ağacların gələcək taleyi diqqətdən kənarda qalsın. Yox, bir halda ki, bu ağaclar əkilir, ağaclara qulluq edilməlidir və bütün lazımi tədbirlər görülməlidir.
Əhalini içməli su ilə təmin etmək üçün qeyd olunduğu kimi, kompleks tədbirlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi daha da sürətlə getməlidir. Qeyd etdiyim kimi, bu il kəmər istifadəyə verilməlidir. Modul təmizləyici qurğular nəinki Kür-Araz boyu yerləşən kəndlərdə, digər çaylar üzərində yerləşən kəndlərdə də quraşdırılmalıdır. Bu proses gedir və biz modul qurğuların quraşdırılması ilə böyük sosial məsələnin həllini təşkil edəcəyik. Burada da əsas məsələ ondan ibarətdir ki, bu qurğular istifadəyə veriləndən sonra onlara xidmət göstərilsin. Bu iş hazırda bələdiyyələrə həvalə edilibdir. Mən bütün bələdiyyələrdən tələb edirəm ki, bu işlərə ciddi yanaşsınlar, bu qurğular diqqətsiz qalmasın və onların istismarında bütün lazımi tədbirlər görülsün. Çünki əgər, bu qurğulara lazımi xidmət göstərilməsə, onda bir müddətdən sonra onlar sıradan çıxacaqdır.
Kanalizasiya sisteminin yeniləşməsi və yaradılması istiqamətində vacib addımlar atılır. Hövsan aerasiya stansiyası qeyd olunduğu kimi, istismara verilmişdir. Bakının kanalizasiya sistemi tam şəkildə yenidən qurulmalıdır. Bununla bərabər, bu işlər digər şəhər və rayonlarımızda getməlidir. Bu işlər böyük bir proqram çərçivəsində aparılır. Azərbaycan bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir və biz artıq ilkin layihələrin icrasını da görürük. Bu yaxınlarda Göyçay və Ağdaş rayonlarında olarkən, orada həm içməli suyun verilməsini qeyd etdik, eyni zamanda, rayonların, rayon mərkəzlərinin içməli su və kanalizasiya sistemi ilə tam şəkildə təmin edilməsi haqqında mənə təqdimat göstərilmişdir. Yəni, demək olar ki, bütün şəhər və rayonlarımız bu proqramla əhatə olunur. Çalışmalıyıq ki, bu məsələlər tezliklə öz həllini tapsın. Çünki bu gün qeyd etdiyim kimi, əsas ciddi problemimiz içməli su və kanalizasiya problemidir. Əvvəlki illərdə elektrik enerjisi və qazla təminat ən ciddi problemlər sayılırdı. Bu istiqamətdə çox vacib addımlar atılıb. Demək olar ki, problemlərin əsas hissəsi öz həllini tapıb. Bu gün içməli su, kanalizasiya problemləri öz həllini gözləyən problemlərdən biridir.
Kanalizasiya sisteminin quraşdırılması Xəzər dənizinin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına xidmət göstərəcəkdir. Bu istiqamətdə vacib addımlar atılıb. Artıq iki ildir ki, çimərliklərimiz vətəndaşlar üçün açıqdır. Əvvəlki illərdə Səhiyyə Nazirliyi hər il bahar-yay mövsümlərində açıqlamalar verirdi ki, o çimərlikdən istifadə edilməməlidir, bu çimərlikdə ekoloji vəziyyət bərbaddır. Beləliklə, Bakının demək olar ki, bütün çimərliklərindən insanlarımız istifadə edə bilmirdilər, yaxud da ki, istifadə edirdilər, ancaq bunun ciddi mənfi nəticələri ola bilərdi. Son iki il ərzində demək olar ki, şəhərimizin əsas çimərliklərində ekoloji vəziyyət yaxşıdır, suyun tərkibi yaxşıdır, təmizdir. Bu proses davam etdirilməlidir ki, bu günə qədər kanalizasiya və təmizləmə sistemləri ilə təmin edilməyən bölgələrdə də tezliklə bu sistemlər quraşdırılsın.
Bakı buxtasının təmizlənməsi bizim ümumi işimizdir. Bakı buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl sərvəti qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı buxtasında suyun təmizliyi bizi heç cür qane edə bilməz. Ciddi tədbirlərin görülməsi üçün mənim tərəfimdən müvafiq göstərişlər verilmişdir. Ümid edirəm ki, yaxın zamanlarda kompleks tədbirlərin görülməsi nəticəsində Bakı buxtasında suyun təmizliyi lazımi səviyyədə olacaqdır. Bu çox ağır məsələdir. Bu asan məsələ deyildir. Onilliklər, əsrlər boyu Bakı buxtası çirkləndirilibdir. Nəinki kanalizasiya axınları Bakı buxtasının ekoloji vəziyyətini ağırlaşdırırdı, eyni zamanda, neft-qaz əməliyyatları nəticəsində Bakı buxtası neft tullantıları ilə böyük dərəcədə çirklənmişdir.
Ancaq lazımi tədbirlər görülərsə, biz bu məsələnin həllinə də nail ola biləcəyik. Hesab edirəm ki, vacib olan bu məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik. Bizim böyük su mənbəyimiz vardır. Sirr deyil ki, bizi qidalandıran çayların böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır və biz ekoloji təhlükəsizliyin, su təhlükəsizliyinin təmin edilməsi üçün əlbəttə ki, Xəzər dənizinin suyundan dediyim məqsədlər üçün də istifadə etməliyik. Mən əminəm ki, pilot layihəsi uğurlu olacaqdır. Çünki burada yenə də deyirəm ki, heç bir yenilik yoxdur, müxtəlif ölkələrdə bu təcrübədən istifadə edilir. Düzdür, bu, bahalı bir layihədir. Ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün biz, hesab edirəm ki, maliyyə problemlərinə baxmamalıyıq, biz bunu təmin etməliyik. 2010-cu ildə, hesab edirəm ki, biz ilkin layihəni görməliyik.
Meşələrin qorunması məsələləri çox böyük əhəmiyyət daşıyır. Bu gün bu barədə deyilmədi, ancaq bu məsələyə də çox ciddi diqqət göstərilməlidir. Meşələri qıranlar cəzalandırılmalıdırlar, onlara qarşı ciddi tədbirlər görülməlidir. Eyni zamanda, Azərbaycanda qazlaşdırılma prosesi daha da sürətlə getməlidir. Bu gün Azərbaycanda qazlaşdırılma demək olar ki, 85 faizdir. Ancaq bu 85 faiz o demək deyil ki, hər bir yaşayış məntəqəsində əhalinin 85 faizi qazla təmin edilir. Bu 85 faizin böyük əksəriyyəti Bakı, Sumqayıt və böyük şəhərlər hesabına formalaşır. Biz elə etməliyik ki, bütün rayonlarda, əlbəttə ki, indi bütün rayon mərkəzlərinə qazın verilməsi təmin edilir, rayon mərkəzlərinə yaxın olan kəndlərə də qaz xətləri çəkilməlidir. Biz çalışmalıyıq ki, Azərbaycanda qazlaşdırılmanı ən azı 90 faizə qaldıraq. Beləliklə, biz meşələrin qırılmasına da sədd qoymuş olarıq.
Bakıda məişət tullantıları zavodunun tikintisi başlamışdır. Bu böyük maliyyə vəsaiti tələb edən layihədir. Ancaq Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əvəzolunmaz rol oynayacaq layihədir. Balaxanı poliqonunda işlər gedir, "Təmiz şəhər" qurumu yaradılmışdır. Növbəti illərdə Balaxanı məişət tullantıları zavodunun istismara verilməsi nəticəsində Bakının havası böyük dərəcədə təmizlənəcəkdir. Biz artıq bunu görürük, artıq əvvəlki illərdə olduğu kimi, o yerdən tüstü də gəlmir, orada çeşidlənmə aparılır və bütün lazımi tədbirlər görülür ki, biz bu məsələni birdəfəlik həll edək. Ondan sonra və onu da deyə bilərəm ki, biz bununla paralel olaraq başqa şəhərlərdə də məişət tullantılarının utilizasiyası məsələləri ilə ciddi məşğul olmalıyıq.
Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Bibiheybət buxtasının təmizlənməsi birinci mərhələ idi. Çünki deyə bilərəm ki, ən acınacaqlı vəziyyət məhz orada idi, şəhərin elə bil ki, mərkəzidir, şəhərə girişdir. Bu gün göstərilən fotoşəkillər onu göstərir ki, hər şeyi etmək mümkündür. Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir. Beləliklə, biz Abşeron yarımadasını neftlə çirklənmiş yerlərdən, gölməçələrdən təmizləyəcəyik.
Torpaqların və göllərin bərpası məsələləri də öz həllini tapmalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır. Bu göllərin abadlaşdırılması üçün konkret təkliflər vardır. İndi biz gərək maliyyə mənbələri müəyyən edək ki, bu işləri də aparaq. Beləliklə, biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik.
Atmosfer havasının mühafizəsi üçün ciddi tədbirlər görülür. Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu, özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz Avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz "Avro-2" və ondan sonra "Avro-3", "Avro-4", "Avro-5" səviyyəsinə çatmalıyıq. Biz bu sahədə ölkədəki vəziyyəti tam şəkildə Avropa standartlarına uyğunlaşdırmalıyıq.
Bərpa olunan enerji növlərinin yaradılması işində ciddi addımlar atılır və bu istiqamətdə artıq ilkin layihələr müzakirə olunur. Azərbaycanda su, günəş, külək enerji növlərinin yaradılması işləri aparılmalıdır, müxtəlif xəritələr var, bütün su mənbələrimiz artıq bəllidir. Bu yaxınlarda Göyçayda kiçik su elektrik stansiyasının təməl daşı qoyulmuşdur və bu proses uğurla davam etdiriləcəkdir. Beləliklə, biz Azərbaycanda ekoloji cəhətdən təmiz enerji növlərinin yaradılmasına nail olacağıq. Onu da deyə bilərəm ki, biz son illər ərzində Azərbaycanda bu sahədə, enerji istehsalı sahəsində aparılan islahatlar nəticəsində artıq mazutdan istifadə etmirik, mazut yandırmırıq. Bizim bütün elektrik stansiyalarımız qazla işləyir və bu, həm iqtisadi səmərəliliyi artırır, eyni zamanda, ekoloji vəziyyəti daha da yaxşılaşdırır. Ancaq, əlbəttə, çalışmalıyıq ki, bərpa olunan enerji növlərindən istifadə edərək həm ucuz enerji əldə edək, eyni zamanda, ekologiyamızı daha da yaxşı qoruyaq.
Əlavə
tədbirlərin görülməsi üçün konkret təkliflər
vardır. Bu təkliflər
bir daha təhlil edilməlidir. Bütün aidiyyəti qurumlar,
nazirliklər, dövlət qurumları bir daha bu məsələləri
təhlil etməlidir və əlavə tədbirlərin
görülməsi üçün konkret plan
hazırlanmalıdır, onun maliyyə mənbələri
müəyyən edilməlidir. 2010-cu ilin dövlət
büdcəsində bu məqsədləri təmin etmək
üçün maliyyə resursları vardır. Əgər
onlar kifayət etməsə, biz baxmalıyıq, hansı mənbələrdən
bu məqsədlər üçün maliyyə dəstəyini
artıraq. Texniki imkanlar kifayət qədər vardır. Azərbaycanda
son illər ərzində böyük sayda müxtəlif
texnikalar alınmışdır. Əgər əlavə
texnikaların alınması üçün ehtiyac olarsa, biz
bunu da həll etməliyik. Hər bir layihə üzrə
konkret müddət və icra mexanizmləri nəzərdə
tutulmalıdır. Bizim bütün proqramlarımız konkret
xarakter daşıyır, bütün proqramlarımız icra
olunur. Bu vaxta qədər bütün istiqamətlərdə
işlər konkret proqramlar əsasında
görülmüşdür. Bizim siyasətimiz şüar
naminə aparılmır. Biz konkret məsələni aşkar
edirik, təhlil edirik və o məsələnin həlli
üçün konkret addımların görülməsi nəzərdə
tutulur və tutulmalıdır. Mən şübhə etmirəm
ki, görülən və görüləcək tədbirlər
nəticəsində yaxın zamanlarda Bakı və Abşeron
yarımadasında və ölkəmizin digər yerlərində
ekoloji vəziyyət böyük dərəcədə
yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları
təmiz ekoloji şəraitdə yaşayacaqlar.
Mən artıq bu gün burada səslənən fikirlər və məruzələr əsasında konkret təkliflər gözləyirəm ki, biz onları tezliklə reallaşdıraq. Beləliklə, 2010-cu il Azərbaycan tarixində nəinki "Ekologiya ili" kimi qalacaq və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 19 fevral.- S. 3.