ATƏT-in sədri azərbaycanlı deputatın sualını cavablandırmaqdan yayınmışdır

 

Fevralın 18-də Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) sayca 9-cu qış sessiyası öz işinə başlamışdır.

Təşkilata üzv 56 ölkənin parlament nümayəndələrinin qatıldığı sessiyada ölkəmizi Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Həmin gün sessiyanın tərkibində fəaliyyət göstərən üç baş komitənin birgə iclası keçirilmişdir.

İclasda hazırda ATƏT-ə sədrlik edən Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış etmiş, sədrlik dövründə ölkəsinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışmışdır. K.Saudabayev bildirmişdir ki, Qazaxıstanın sədrlik müddəti üçün devizi "Etimad, ənənə, dözümlülük və şəffaflıq" adlanır və il ərzində göstəriləcək fəaliyyət həmin prinsiplərin tətbiqi üzərində köklənmişdir. Nazir, həmçinin il ərzində ATƏT Sammitinin və Almatıda ATƏT və Avrasiya Parlamentarlar Forumunun təşkil ediləcəyini diqqətə çatdırmışdır.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan ATƏT sədri bildirmişdir ki, hazırda münaqişə tərəflərinin sülhyaratma səylərini dəstəkləmək və gücləndirmək üçün sədrliyin hərəkət planı üzərində iş gedir.

Sonra isə ATƏT sədri parlament nümayəndələrinin suallarını cavablandırmışdır. Azərbaycan nümayəndə heyəti adından söz alan Milli Məclis Sədrinin müavini Bahar Muradova əvvəlcə sədrlik müddətində Qazaxıstana uğurlu fəaliyyət arzulamışdır. Sonra isə B.Muradova sədrə sual ünvanlamışdır: "Hörmətli cənab sədr, müsahibələrinizdən birində qeyd etmişdiniz ki, Qazaxıstan regionda yerləşən dövlət kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesini yekun mərhələdə sürətləndirmək imkanlarına malikdir. Eyni zamanda, bir fikri səsləndirmişdiniz ki, münaqişə Qazaxıstan ATƏT-ə sədrliyi növbəti dövlətə təhvil verənə kimi öz həllini tapacaqdır. Bizim ölkə buna böyük ümid bəsləyir və həmin məqsədə nail olmaq üçün bütün imkanlardan istifadə edir. Bu həftənin əvvəlində Azərbaycana səfəriniz və keçirdiyiniz yüksək səviyyəli görüşlər nəticəsində özünüz şəxsən buna əmin ola bildiniz. Bu mövzu ilə əlaqədar soruşmaq istərdim ki, mayın 23-də keçirilməsi nəzərdə tutulan "DQR-də parlament seçkiləri"nə ATƏT-in münasibəti necə olacaqdır? Əlbəttə, biz bilirik ki, Dağlıq Qarabağda keçirilən "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və heç bir ölkə - Ermənistan istisna olmaqla - həmin seçkiləri ciddi hesab etmir. Buna baxmayaraq, həmin məsələyə Sizin münasibətinizi bilmək maraqlı olardı".

Kanat Saudabayev suala cavab olaraq bildirmişdir ki, Qazaxıstan ATƏT-in sədri qismində hazırda danışıqlar masasına çıxarılmış təklifləri qiymətləndirəcəkdir. Eyni zamanda, münaqişə tərəfləri və vasitəçilər tərəfindən hazırlanmış baza prinsipləri əsasında münaqişənin dinc şəkildə nizamlanmasına səy göstəriləcəkdir. Qazaxıstan tarixi əlaqələr və regiondakı nüfuzundan istifadə edərək münaqişənin tezliklə həll ediləcəyinə ümid bəsləyir.

ATƏT sədri sualın əsas mahiyyətini cavablandırmaqdan yayınaraq fikrini ümumi cümlələrlə yekunlaşdırmışdır.

Milli Məclis Sədrinin müavini B.Muradova AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, bütün beynəlxalq siyasətçilərin, eləcə də ATƏT-ə ondan əvvəl sədrlik etmiş şəxslərin aydın şəkildə münasibət bildirdiyi və Qarabağdakı "seçkiləri" birmənalı olaraq pislədiyi halda, ATƏT-in hazırkı sədrinin cavabı insanda çaşqınlıq doğurur. Ümidvarıq ki, Qazaxıstan ATƏT-ə sədrliyi dövründə bunun əksini sübut etməyə çalışacaqdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 19 fevral.- S. 4.