Azərbaycan və Polşa daxili işlər orqanları arasında əlaqələr
artır
Fevralın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanla Polşa arasında əlaqələrin son illər yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir hər iki ölkə başçısının qarşılıqlı səfərlərinin və bağlanmış sazişlərin dövlətlərimiz arasında münasibətlərin yaxşılaşmasına, onların yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasında sürətlə inkişaf edən əməkdaşlıq daxili işlər orqanlarımızın əlaqələrinə də müsbət təsirini göstərmişdir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası daxili işlər nazirinin 2008-ci ilin iyununda Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası saziş imzalamışlar.
Sonra qonaqlara ölkədəki kriminogen durum barədə qısa məlumat verilmiş, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilmişdir. Nazir Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, Avropa Şurası ekspertlərinin rəyləri nəzərə alınmaqla polisin fəaliyyətini tənzimləyən yeni qanunvericilik bazasının yaradıldığını qeyd etmişdir.
Görüşdə dünyanı narahat edən transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulmuş, bu sahədə hər iki dövlətin səylərini daha sıx birləşdirməyin, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən təcrübə və informasiya mübadiləsinin zəruriliyi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 19 fevral.- S. 4.