Azərbaycan-Polşa əlaqələri
yüksələn xətlə
inkişaf edir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 18-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşa Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo ilə görüşmüşdür.
Azərbaycana ilk səfərindən məmnunluğunu bildirən A.Şçıqlo ölkələrimiz arasında əlaqələrin cari vəziyyətini yüksək qiymətləndirmiş, bütün sahələrdə münasibətlərin daha da intensivləşdirilməsi üçün geniş imkanların olduğunu demişdir.
Polşalı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.
Tarixən iki xalq arasında xoş münasibətlərin olduğunu qeyd edən nazir E.Məmmədyarov iqtisadi, siyasi, humanitar, təhsil və digər sahələrdə Azərbaycan-Polşa əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın Polşa ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, habelə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd etmiş və bu amilin regionda davamlı sülhə və inkişafa təkan verəcəyini demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.-19
fevral.- S. 4.