Siyasətşünaslıqda yeni tendensiyalar

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox mühüm və ciddi vəzifələr dayanırdı. Başlıca vəzifələrdən biri sovet sistemindən miras qalmış dövlət idarəçiliyini müstəqil dövlətin tələblərinə uyğun formada yeniləşdirmək, siyasi, iqtisadi və ideoloji sahədə əsaslı dəyişikliklərə nail olmaq idi. Azərbaycanın müstəqilliyinin bərpasından sonra digər postsovet respublikalarından fərqli olaraq, ölkəmiz bir sıra problem və çətinliklərlə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistanın təcavüzünü dayandırmaq, digər tərəfdən, ölkənin daxilində mövcud olan hərc-mərclik və qarşıdurmanı aradan qaldırmaq lazım gəlirdi.

 

Aydındir ki, yaranmış boşluqdan istifadə edən daxili və xarici dairələr müstəqil Azərbaycanın inkişafına və möhkəmlənməsinə mane olmağa çalışırdılar. Təəssüf ki, istiqlalımızın ilk illərində hakimiyyətdə olan dairələr xalqımızın qarşısında dayanan tarixi vəzifələri nəinki müəyyən edə bilməmiş, hətta yol verdikləri nöqsanlarla vəziyyəti daha da mürəkkəbləşdirmişdilər. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin üzləşdiyi mürəkkəb və böhranlı vəziyyətindən çıxması istiqamətində əsaslı addımlar atıldı. Qısa zaman kəsiyində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi səmərəli siyasət sayəsində Azərbaycan iqtisadi və siyasi böhranın məngənəsindən xilas ola bildi.

Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın bütün sahələr üzrə inkişafına nail olmuş və Azərbaycan elm, mədəniyyət və iqtisadiyyat sahəsində dəyərli nailiyyətlər əldə etmişdi. Lakin Heydər Əliyevin Azərbaycanda olmadığı illərdə onun yaratdığı sosial - iqtisadi potensial səriştəsiz rəhbərlər tərəfindən dağıdılmış, ölkə total böhrana məruz qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət bir neçə istiqamətdə özünü əks etdirirdi. Birincisi, ölkədə ictimai-siyasi sabitlik yaratmaq; ikincisi, Ermənistanın davam edən təcavüzünü dayandırmaq; üçüncüsü, sosial, siyasi, iqtisadi islahatları həyata keçirərək müstəqil dövlət quruculuğu sahəsində əsaslı addımlar atmaq; dördüncüsü, Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirəcək xətti müəyyənləşdirmək. Ulu öndərin böyük əməyi sayəsində qarşıya qoyulan vəzifələr az vaxt içərisində yerinə yetirildi. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu, iqtisadi gerilik aradan qaldırılaraq inkişaf üçün əsaslı baza yaradıldı, müstəqil dövlət idarəçiliyini müəyyən edən ilk milli Konstitusiya qəbul edildi, Ermənistanın təcavüzkarlığını dəf etməyə qadir hərbi və xarici siyasət xətti uğurla həyata keçirildi. Bütün dünya azərbaycanlılarını öz ətrafında birləşdirən azərbaycançılıq ideoloji konsepsiyası müəyyən olundu.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin uğurları ölkəmizi regionda söz sahibinə çevirdi. Azərbaycanın inkişafı üçün müəyyən edilən Heydər Əliyev yolu Prezident İlham Əliyevin tərəfindən bu gün çox böyük uğurla davam etdirilir. Xüsusilə, elm sahəsində dövlət siyasəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə mühüm və əhəmiyyətli yerlərdən birini tutur. Respublikamızda hərtərəfli elmi tədqiqatlar üçün maddi-texniki baza və kadr potensialı yaradılmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər və əldə olunmuş uğurlu nəticələr elmi cəhətdən istənilən səviyyədə təhlil edilməyibdir.

Azərbaycanın bir tərəfdən coğrafi-siyasi vəziyyətinə görə, digər tərəfdən, zəngin təbii sərvətlərə malik olan bir ölkə kimi böyük dövlətlərin siyasi və iqtisadi maraqlarının diqqət mərkəzində olması onun özünün dünya siyasətinin və ümumbəşəri mədəni-mənəvi proseslərin fəal iştirakçılarından birinə çevrilməsini tələb edir, ölkəmizdə dünya ictimai fikrinin aktual problemlərinin tədqiqinə böyük ehtiyac yaranır.

Beləliklə, ictimai fikir, bir tərəfdən müstəqillik əldə etmiş bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər tərəfdən də bir ictimai-iqtisadi sistemin yenisi ilə əvəzlənməsindən irəli gələn yeni ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasına xidmət etməlidir. Bütün bunlar siyasətşünaslığın ənənəvi problematikasından kənara çıxmadan, mövcud elmi-fəlsəfi və ictimai fikrə istinad etməklə həyata keçirilməlidir.

Məlumdur ki, respublikamız iqtisadi sahədə çox ciddi uğurlar əldə edib. Prezident İlham Əliyev ölkəmizin iqtisadiyyatının keçid dövrünü başa vurduğunu xüsusi olaraq qeyd etmişdir. Keçid dövrünün başa çatması yalnız iqtisadi sahəyə deyil, digər sahələrə də öz təsirini göstərmişdir. Azərbaycanın iqtisadi modeli sınaqlardan çıxa bilmiş və dünyanı bürümüş maliyyə-iqtisadi böhranına baxmayaraq, yalnız 2009-cu ildə respublikamızda ümumi daxili məhsulun artımı 9,3 faiz olmuşdur. Iqtisadi inkişafın Azərbaycan modeli və onun başlıca xüsusiyyətləri hərtərəfli təhlil olunaraq öyrənilməli və bunun əsasında perspektiv vəzifələr müəyyən olunmalıdır.

Bütün bu məsələlərin elmi şəkildə təhlil olunması zərurəti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində ("Azərbaycan" qəzeti, 8 dekabr 2009-cu il) geniş və hərtərəfli şəkildə işıqlandırılmışdır. Qeyd olunan məqalədə Ramiz Mehdiyev yazır: "Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir. Bu gün Azərbaycan dövləti çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirir: yeni iş yerləri açılır, regionların yüksək inkişafı təmin edilir. Ölkədə yaranan əlverişli biznes mühiti ümumi tərəqqimizə müsbət təsir göstərir. Vətəndaş cəmiyyətinin bir çox strukturları aktiv fəaliyyət göstərərək, ölkəmizin inkişafına xidmət edirlər. Kütləvi informasiya vasitələri, o cümlədən efir və internet məkanı uğurla inkişaf edir. Demək olar ki, yeniləşmə prosesindən kənarda qalan sahə yoxdur." Yuxarıda iqtibas gətirdiyimiz və zamanında söylənilmiş bu fikirlər ictimai-siyasi və iqtisadi mühitin çağdaş elmi metodologiya əsasında geniş təhlilinin və analitik proqnozlaşdırmanın zəruriliyini bir daha aydın şəkildə sübut edir. İctimai elmlər, o cümlədən politologiya həyatımızda baş verən dəyişikliklərə çevik reaksiya verməlidir. Bu gün dünyada informasiya mübadiləsinin sürətlə artması, insanların çoxlu sayda və müxtəlif yönümlü məlumatlar əldə etməsi hadisələrin vaxtaşırı təhlil olunaraq cəmiyyətə çatdırılmasını zəruri edir. Zamanın tələbi digər elm sahələrində olduğu kimi, politologiyanın qarşısında da çox mühüm və ciddi vəzifələr qoyur.

XXI əsri səciyyələndirən ən mühüm cəhət, heç şübhəsiz, onun "bilik" və ya "elm" çağı kimi xarakterizə olunması, elmi düşüncə səviyyəsinin və yaradıcı intellektin heç vaxt olmadığı qədər xalqların və dövlətlərin taleyində həlledici faktora çevrilməsiylə əlamətdar olmasıdır. Yaşadığımız coğrafi məkanda əlverişli mövgelərə malik olan Azərbaycan daim elm, sənət və mədəniyyət mərkəzi kimi aparıcı yerlərdən birinə sahib olmuş, müsəlman Şərqində maarifçilik hərəkatının başlandığı, ilk demokratik respublikanın qurulduğu ölkə olaraq, dünya sivilizasiyasına mühüm töhfələr vermişdir. Eyni zamanda, çağdaş sivilizasiyanın əsas aparıcı göstəricilərindən biri qloballaşma prosesinin daha sürətlə getməsidir. Bu proses cəmiyyətin siyasi həyatında da özünü büruzə verir. Bir yandan siyasi proses kütləviləşir, digər tərəfdən isə siyasi fərdiyyətçilik və onun elementlərı açıq şəkildə özünü büruzə verir. Ötən əsrdə Azərbaycan cəmiyyəti totalitar rejimdə yaşadığından bu rejimin idarəçilik formaları istər-istəməz öz qalıqlarını bəzi hallarda təfəkkürlərdə yaşatmaqdadır.

Bu gün Azərbaycan demokratik inkişaf yolunda çox mühüm irəliləyişə nail olmuşdur. Ölkəmizdə siyasi qərarların qəbul olunması demokratik yolla həyata keçirilir. Təbii ki, politologiya elmimiz ölkəmizdə baş verən dəyişiklikləri təhlil edərək, inkişafımızın əsas istiqamətini və əldə olunmuş uğurları ümumiləşdirmiş şəkildə verməli və bu yöndə geniş tədqiqatlar aparılmalıdır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri və bu prinsiplərin hər birinin təhlil olunaraq öyrənilməsi elmi və ideoloji baxımdan əhəmiyyətlidir. Müstəqil Azərbaycan dövlətinin söykəndiyi dövlətçilik prinsipləri sırasında ən mühüm yerlərdən birini azərbaycançılıq tutur. Bununla yanaşı, ulu öndərimiz ədalətlilik, qanunçuluq, vətəndaş həmrəyliyi, varislik və s. bu kimi çox mühüm prinsipləri dövlət idarəçiliyinin vacib şərtləri tək irəli sürmüşdür. Azərbaycanın dövlət müstəqilliyi, Heydər Əliyevin göstərdiyi kimi, xalqımızın tarixi nemətidir. Müstəqilliyimizi qorumaq, ölkəmizi daha da inkişaf etdirmək üçün xalqımızı vahid məqsəd və ideya ətrafında birləşdirmək vacib bir vəzifə kimi qarşıda dayanırdı. Məhz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, xüsusilə, azərbaycançılıq məfkurəsi xalqımızı birləşdirən ideya olaraq olduqca əhəmiyyətlidir. Akademik Ramiz Mehdiyevin məqaləsində deyilir: "Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir. Gənclərimizin əsl azərbaycanlı kimi tərbiyəsi bizim vətəndaşlıq borcumuzdur və xalqımızın gələcəyi deməkdir. Müasir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsaslarını işləyib hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi məsələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır." Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycançılıq məfkurəsi ilə yanaşı, Heydər Əliyevin müstəqil dövlətimizin inkişafı üçün müəyyən etdiyi digər təməl prinsipləri də ətraflı şəkildə təhlil olunmalıdır.

Müasir dünyamızda cəmiyyətin siyasi baxımdan məlumatlandırılması, gənclərin siyasi hazırlığının artırılması vacib sahələrdən biridir. Bu baxımdan, politologiya fənni məsuliyyətli vəzifənin yerinə yetirilməsinə xidmət edir. Müstəqil dövlətimiz üçün geniş siyasi dünyagörüşünə malik vətəndaşların formalaşdırılması, xüsusilə, siyasi mədəniyyətin ayrı-ayrı komponentlərinin gənc nəslə aşılanması əhəmiyyətli bir məsələdir. Hamıya məlumdur ki, politologiya elmi bir gənc elm kimi XIX əsrin axırlarında meydana gəlsə də, XX əsrdə bu elm Qərb ölkələrində, xüsusilə, Amerika Birləşmiş Ştatlarında daha geniş yayılmışdır. 1949-cu ildə YUNESKO-nun nəzdində beynəlxalq siyasi elmlər assosiasiyasının yaradılması politologiyanın bir elm kimi geniş inkişafına güclü təkan vermişdir.

İkinci dünya müharibəsindən sonra Qərb ölkələrində politologiyanın yeni formada inkişaf etdiyi müşahidə olunur. Xüsusilə, seçki kampaniyaları dövründə politoloji təhlillərdən daha çox istifadə edilir. Hazırda politologiya tədris fənni kimi dünyanın qabaqcıl ölkələrinin ali məktəblərinin dərs proqramlarına daxil edilmişdir. Politologiya üzrə beynəlxalq miqyasda müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter almışdır. Dövlət müstəqilliyimizin bərpasından sonra digər humanitar fənlər kimi, politologiyanın da yeni dövrə uyğunlaşması zərurəti yaranmışdır. Bu gün politoloji təhlillərimiz bir neçə istiqaməti özündə əks etdirir. Azərbaycanın xarici siyasəti və onun başlıca hədəfləri, sivilizasiyalararası dialoq və burada Azərbaycanın yeri və rolu, Azərbaycanda siyasi partiyaların formalaşması və inkişafı, çoxpartiyalı sistem, siyasi elita, konfliktlər və onların həlli yolları, ekologiya problemləri və cəmiyyət, geopolitika, milli münasibətlər, seçki sistemi, seçkilər, demokratiya, siyasi mədəniyyət, cəmiyyətdaxili proses və onun gedişatı, cəmiyyətin strukturu, qlobal problemlər, siyasi stereotiplər və s. bu kimi məsələlər politoloji tədqiqatların subyetki kimi təqdim olunur. Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Ancaq məlum həqiqətləri təkrar etməyə ehtiyac yoxdur. Politoloji tədqiqatlarda Heydər Əliyev irsinin öyrənilməsi xüsusi yer tutur. Ulu öndərin idarəçilik məktəbinin daha geniş tədqiq və tədris olunması istiqamətində işlər davam edir. Əliyevşünaslıq üzrə tədqiqatlar aparılır.

Politologiya elmi hazırkı siyasi prosesləri və onun nəticələrini təhlil edir. Bu elmin obyektiv baxımdan çətinlikləri ondan ibarətdir ki, hələ tarixə çevrilməmiş hadisənin qiymətini verir. Lakin subyektiv amil politoloji təhlillərdə özünü göstərir. Azərbaycanın sovet dönəmindəki siyasi təhlilləri ideoloji ehkamlarla buxovlanmışdı. Müstəqillik illərində politoloji təhlillərin mahiyyəti və istiqaməti yeniliyə uyğun şəkildə dəyişmişdir. Ancaq bu gün də təhlillərdə çatışmazlıqların və subyektivizmin elementlərini müşahidə etməkdəyik. Bir qayda olaraq, mediada Azərbaycanın ictimai-siyasi həyatı, geopolitik vəziyyəti, xarici siyasəti və digər məsələlər ilə əlaqədar təhlillər verilir. Təəssüf ki, bəzi hallarda politologiya elminin əsaslarını və qarşısında dayanan vəzifələri mükəmməl şəkildə mənimsəyə bilməyən şəxslər o qədər də səriştəli olmayan politoloji ümumiləşdirmələrini bəyan edirlər. Təbii ki, bu cür "politoloji təhlillər" elmi gerçəklikdən, həqiqətdən uzaq olur. Qeyd etmək lazımdır ki, bu sayaq təhlillər, əslində, bizim dövlətimizin apardığı siyasətə və milli maraqlara uyğun gəlmir. Odur ki, ictimai və humanitar elmlərin qarşısında duran vəzifələrdən danışarkən politologiya sahəsində həlli vacib olan məsələlərin də yer tutduğunu xüsusi qeyd etmək lazımdır. Məhz akademik Ramiz Mehdiyevin qələmə aldığı dəyərli məqalədə bu problemlər elmi şəkildə təhlil edilmişdir.

Elektron kütləvi informasiya vasitələrində vaxtaşırı müxtəlif xarakterli politoloji təhlillər aparılır. Bu tipli təhlillərdə və analitik verilişlərdə real vəziyyəti əks etdirən faktlara istinad edilməli, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin mühüm və əhəmiyyətli istiqamətləri ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Politoloji araşdırmalarımız və təhlillərimizdə Azərbaycanın iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxması, Cənubi Qafqazda lider dövlətə çevrilməsi faktlar əsasında göstərilməlidir. Qeyd etmək lazımdır ki, bununla bağlı tədqiqatçılarımızın ixtiyarında kifayət qədər faktlar və materiallar var.

Müstəqil dövlətimiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, iyirmi faiz ərazimiz işğal altındadır. Beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində əsaslı addımlar atılmaqdadır. Qərb və Şərqin qovşağında yerləşən Azərbaycanın geostrateji və geopolitik mövgeyi, onun yeritdiyi xarici siyasətin mahiyyəti, Prezident İlham Əliyevin çevik, hücumçu və balanslaşdırılmış xarici siyasət xətti, Azərbaycanın Avropa təhlükəsizliyi sistemində yeri, "Şərq tərəfdaşlığı" proqramında iştirakı, islam dünyasında oynadığı rol, antiterror koalisiyasında fəaliyyəti və s. politoloji təhlil üçün ən dəyərli və əhəmiyyətli mövzulardır.

Bu gün bizim üçün vacib istiqamətlərdən biri milli təhlükəsizlik konsepsiyası və onun ayrı-ayrı cəhətlərinin öyrənilməsidir. Milli təhlükəsizlik dedikdə, hərbi və siyasi nöqteyi - nəzərdən ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə paralel olaraq, respublikanın enerji, ərzaq, ekoloji, demoqrafiq və s. sahələr üzrə təhlükəsizliyinin qorunması nəzərdə tutulur. Sual olunur, politoloji cəhətdən Azərbaycanın təhlükəsizliyi ilə əlaqədar əldə edilmiş uğurlarımız tam şəkildə təhlil olunubmu? Əlbəttə, bu istiqamətdə son illərdə ciddi araşdırmalar və mühüm nəticələr əldə edilib. Xüsusilə, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətə başlaması və bu mərkəzin xətti ilə bir sıra əhəmiyyətli konfransların, toplantıların və "dəyirmi masa"ların keçirilməsi qeyd olunmalıdır.

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında və ali təhsil ocaqlarında siyasi prosesin təhlili ilə bağlı aparılan tədqiqatlar, nəşr olunan elmi məqalə və kitablar respublikamızda bu sahəyə diqqətin daha da artdığını göstərir. Ancaq bunlar kifayət deyildir. Azərbaycanın geopolitik əhəmiyyəti, regional təhlükəsizlik sistemində yeri və rolu, beynəlxalq təşkilatlarda getdikcə artan nüfuzu və digər sahələrdə əldə edilmiş uğurlar elmi cəhətdən adekvat olaraq öz qiymətini almalıdır. Politoloji təhlil və tədqiqatlarda Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ problemi, təcavüzkar Ermənistanın sosial-iqtisadi və mənəvi cəhətdən böhrana düçar olması, ermənilərin beynəlxalq aləmdə xalqımız əleyhinə apardığı təbliğatın iflasa uğraması, Xocalı soyqırımı və digər məsələlər diqqət mərkəzində olmalıdır.

Göründüyü kimi, ictimai elmlər sahəsində dünya intellektual dairələrində müzakirə olunan problemlər, xüsusilə, siyasətşünaslıq, siyasi sosiologiya və siyasi fəlsəfə sferalarındakı çağdaş inkişaf səviyyəsi, həmçinin Azərbaycanın mövcud sosial-iqtisadi vəziyyəti alim və mütəxəssislər qarşısında yeni vəzifələr qoyur. Zəngin və qüdrətli Azərbaycanın gələcəyi keyfiyyəli və ixtisaslı insan resursları, uğurla aparılacaq elmi araşdırmalar, elmi metodologiyalara əsaslanan tədqiqatlar və dəqiq proqnozlaşdırmalar hesabına təmin olunacaqdır. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: "Dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniyyət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sahələrinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır. İctimai və humanitar elm sahələri irəliləyərək bizdə bu əlaqələrin dərin surətdə təmin olunmasına gətirib çıxarmalıdır. Güman etmək olar ki, ictimai və humanitar elmlərin nümayəndələri ölkəmizin dinamik inkişafına öz töhfələrini verəcək və onun regionda həm də güclü elm mərkəzinə çevrilməsi yolunda üzərlərinə düşən vəzifələri az bir vaxtda yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcəklər."

 

 

Mübariz QURBANLI,

Milli Məclisin deputatı,

tarix elmləri namizədi, dosent

 

Azərbaycan.- 2010.- 19 fevral.- S. 5.