O il Qarabağa qırmızı
qar yağırdı
Hər il fevral ayı gələndə, qarlı-çovğunlu günlər başlayanda köhnə yaramız qövr edir, yaddaş arxivimizin 1992-ci ilin şaxtalı Daşaltı, Xocalı faciələri vərəqlənir. Kətik meşəsində səs salmasın deyə altı aylıq körpəsini əlləri ilə boğan, elə həmin gecə ölmüş balası qucağında özü də donan cavan gəlin yada düşür. Evlərindən çıxıb böyük bacısı ilə qaçan 11 yaşlı Ülkərin meşədə: "Bacı, Ağdama çatan kimi bir yerdə çoxlu isti çay içərik" deməsi və hava işıqlaşanda bu körpənin donmuş meyitinin Ağdam məscidinə gətirildiyi günü, sanki, yenidən yaşayırıq. Qarın üstünə sərilmiş 80 yaşlı ixtiyarı xatırlayanda əllərimlə üzümü örtür, xəcalətimdən özüm də donub ölürəm min kərə. O il Qarabağa qırmızı qar yağırdı, qönçə dodaqlı körpələrin cəsədləri qarın üzərinə səpələnmişdi. Necə də çiçəyə bənzəyirdilər.
1992-ci ilin qışı çovğunlu gəlmişdi. Daşaltıda çinar boylu onlarla igid mühasirəyə düşdü, şəhid oldu, bəziləri də xəbərsiz-ətərsiz itkinə çevrildi. Neçə-neçə qız qarıdı, qocaldı gəlinlik, analıq sevincini yaşamadan.
Görəsən Qarqarçayın vadisinə yenə də qar yağırmı? Az qalıram Qarqarı lənətlənmiş çay adlandıram, Allahın lənətlədiyi Misir fironları kimi. Çiyinlərində daşıdığı günahın yükü eyni olduğundan. Çovğunun tükürpədici səsini eşidirəm, Qarabağın bacasından tüstü çıxmayan, həyət-bacasında qoyun-quzusu mələşməyən, iti hürüşməyən, qaranquşları uçuşmayan gününü gətirirəm gözlərim önünə. İçimiz çöldəki çovğundan betər. Bu zamanlar atam təzəcə calağ edilmiş fidanların üstünü geyilmiş, nimdaş sırıqlı, qazaq və karxana ilə basdırardı ki, don vurmasın. Budaqlar qırılmasın deyə hamı ağacların qarını çırpardı... Məni məzur tutun, xatırlamaya bilmirəm fevral acılarını.
Ağdamda təzəcə salınmış Şəhidlər xiyabanı vardı, ilk şəhidlərimiz uyuyurdu burada. Yəqin ki, yenə də ağappaq qara boyanıblar. Onların analarını, bacılarını, övladlarını xatırlayıram. Yəqin ki, üstünə getmək, qarlarını təmizləmək, buz kimi daşlarını qucaqlayıb nəfəslərilə isitmək istəyərlər.
Bir də atamı xatırladım. Yeddi il öncə yanvarın 22-si idi, hava qarlı-çovğunluydu. Qardaşlarıma yalvarırdı ki, qoyun gedim kəndimizə, evimizə, silahım yox, sursatım yox, düşmən mənə heç nə etməz. Həmin gecə üçüncü dəfə ürəyi çatladı (infarkt). Dili-dodağı kömür kimi yanmışdı. 23-ü səhər tezdən dünyasını dəyişdi, torpaq, vətən deyə-deyə. Atamın qəbrini qardan təmizləmək, ən isti paltarımla üstünü örtmək, sonra da qəbrinə söykənib dərdləşmək istəyirəm onunla.
Xocalı dərdi hər birimizin ürəyində çat yaradıb. Bunu görsək də, görməsək də! O yara hələ sağalmaz.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 19 fevral.- S. 9.