Haqsız tökülən qan yerdə qalmaz

 

O vaxt respublikada çoxları, xüsusilə ölkə rəhbərliyi yaxşı bilirdi ki, 1991-ci ilin sonlarından başlayaraq Xocalı şəhəri erməni qəsbkarlarının mühasirəsindədir, düşmən halqası getdikcə daralır. Dözülməz çətinliklərə, əhalinin ölkə rəhbərliyindən kömək istəməsinə və Xocalının bu gün-sabah işğal ediləcəyi barədə həyəcan dolu teleqramların Bakıya axmasına baxmayaraq, şəhər sakinlərinin səsinə səs verən, harayına yetən yox idi. Bu vəziyyətdən istifadə edən erməni qəsbkarları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən müasir silahlarla hücuma keçərək bir gecənin içində Xocalını oda qaladılar, əhalisinə isə misli görünməmiş divan tutdular. Həmin müdhiş gecəni həyat yoldaşını, iki oğlunubir nəvəsini itirmiş, digər iki oğluözü ayrı-ayrılıqda ermənilərə əsir düşərək ağır işgəncələrə məruz qalmış 9 uşaq anası, 80 yaşlı Məleykə nənə belə xatırlayır:

 

- O gecə oğlanlarım NovruzZiyadxan, həmişəki kimi, səngərdə düşmənlə üz-üzə dayanmışdılar. Həyat yoldaşım Salah Allahverdiyev, mən və 18 yaşlı nəvəm Mahir təzəcə yatmışdıq ki, dəhşətli atışma, partlayış səsləri eşidilməyə başladı. Həyat yoldaşım, 1919-cu il təvəllüdlü Salah İkinci dünya müharibəsi iştirakçısı idi. 1945-ci ildə Berlində yaralanaraq Varşava hospitalında müalicə olunmuş və 1946-cı ildə evə əlil qayıtmışdı. Böyük oğlum Novruz Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirərək Xocalının üzümçülük sovxozunda aqronom işləyirdi. Üç övladı vardı. 1957-ci ildə anadan olmuş digər oğlum Ziyadxan isə həmin vaxtlar Xocalını müdafiə edirdi. İki övladı vardı. Atışma başlayandan az sonra Novruz bizi xilas etmək üçün evə qayıtdı. Biz elə üstümüzdəki pal-paltarla meşəyə qaçdıq. Nəvəm Mahir mənə bacardıqca buradan qaçıb uzaqlaşmağımı tapşırdı, özü isə düşmənlə döyüşmək üçün Salahın və Novruzun yanına qayıtdı. Gecəni meşədə, qarın üstündə qaldıq. Həmin gecə meşədə qız-gəlinlərimizin başına min bir oyun açdılar. Onların tükürpədici nalələri, çığırtıları indi də qulaqlarımda səslənir. Səhərə yaxın bizi mühasirəyə aldılar, piyada Əskərana apardılar və 300-ə yaxın qız-gəlinlə birlikdə həbsxanaya saldılar. Sonradan yanımıza gətirilən qonşu qadın mənə digər iki oğlumun da işgəncələrə məruz qalaraq əsir alındıqlarını və yaxınlıqdakı kamerada olduqlarını bildirdi. Mən onları görmək məqsədilə qonşunun uşağını qucağıma alaraq qapıda duran erməni keşikçiyə yaxınlaşdım. Uşağı bir neçə dəqiqəlik atasına göstərmək istədiyimi bildirdim. Çox yalvardıqdan sonra oğlumun saxlandığı kameraya keçdim. İnsanların hansı ağır işgəncələrə məruz qaldıqlarını sözlə deməyə çəkinlik çəkirəm. Erməni qaniçənlər oğlum Mirzənin tətik çəkdiyi barmağını kəsmiş, qızıl dişlərini çıxarmış, ayaqlarına şişlə dağ basmışdılar. Döyülməkdən sifəti tanınmaz hala düşmüşdü. Kiçik oğlum Elşənin də qızıl dişlərini çıxarmış, başına o qədər vurmuşdular ki, məni güclə tanıya bildi. Bir aydan sonra övladlarım əsir düşmüş ermənilərlə dəyişdirilib yarımcan halda bizə qaytarıldılar. Məni isə bir neçə gün bundan qabaq azad etmişdilər. İndi hər iki oğlum əlildir və heç biri işləmir. Həyat yoldaşım Salahın, böyük oğlum Novruzunonun oğlu, 18 yaşlı nəvəm Mahirin necə öldürüldüyünü bilmədim. Ziyadxan haqqında isə müdhiş xəbərlər eşitdim. Düşmən güllələrlə onun ayaqlarını qırıb. O da yoldaşlarına deyib ki, onu polislərin növbədə dayandıqları vaqona qoysunlar. Düşməndən qisasını almamış əsir düşmək, ölmək istəmir. Belə də edirlər. Ziyadxan vaqonda daldalanaraq xeyli erməni öldürür. Bundan duyuq düşən düşmən onu qumbara ilə partladır. Cəsur balam "İgidliyə görə", Salah isə "Böyük Vətən müharibəsinin 60 illiyi" medalları ilə təltif edildilər. Hər iki medal mənə təqdim olundu. Ziyadxanın vəfatından iki ay sonra bir oğlu dünyaya gəldi, erməniyə qalib gələcəyimizə böyük inam hissi ilə adını Qalib qoyduq.

Moskvada ali təhsil alan 19 yaşlı qızım Xına 1989-cu ildə Xocalıda maşın qəzasına düşərək dünyasını dəyişmişdi. Onun faciəsi qəddimi əymişdi. Sən demə, faciələrimizin çoxu hələ qabaqda imiş. Xocalıda bir çox qohum-qardaşımla yanaşı ailəmin 4 üzvü də şəhid oldu. 18 ildir ki, ürəyi dağlı yaşayıram.

Məleykə nənə deyir ki, qəddarcasına öldürülən əzizlərindən heç bir nişanə qalmayıb, heç şəkillərini də gətirə bilməyib, hətta məzarları da yoxdur.

Ümid axırda ölür, - deyiblər. Bəlkə də, Məleykə nənə elə buna görə axırda bildirdi ki, ümidimi itirməmişəm. Tökülən haqsız qan heç vaxt yerdə qalmır, o cümlədən Xocalıda tökülən qan.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2010.-  19 fevral.- S.  9.