Aşıqlar diyarı Gədəbəy

 

Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq yaradıcılığı da YUNESKO-nun mənəvi irs siyahısına daxil ediləndən bəri bu ulu sənətin qarşısında yeni üfüqlər açıldı. Prezident İlham Əliyevin keçən ilin may ayında Gədəbəyə tarixi səfəri zamanı rayonun səfalı guşələrindən birində ölkəmizdə ilk dəfə olaraq aşıq musiqi məktəbinin təməli qoyuldu. Bu, heç də təsadüfi deyil. Gədəbəydə aşıq sənəti zaman-zaman inkişaf etmiş, bu qədim torpağı böyük ozanlar diyarına çevirmişdir.

Hələ tarixin dərin qatlarında aşıqlar ən müxtəlif məclislərə, el şənliklərinə xoş ovqat gətirir, şaqraq aşıq havaları döyüşçüləri qələbələrə ruhlandırırdı.

Onbeşinci yüzilliyin iftixarı Misgin Abdal Şah İsmayıl Xətainin tanıdığı, sayıb-sevdiyi sənətkarlardan idi. Köklər, qaynaqlar beləcə əsrlərin dərinliyindən gəlir.

Gədəbəy aşıq sənətinin inkişafında və təbliğində Göyçə aşıq məktəbinin böyük təsiri olmuşdur. Bu sahədə azman el sənətkarlarından Aşıq Alının və Aşıq Ələsgərin xidmətləri xüsusi qeyd edilməlidir.

Hələ ötən yüzilliklərdə elimizin saz-söz yaradıcılığında Gədəbəy məktəbi öz dəst-xətti ilə seçilirdi. El şənliklərinin yaraşığı olmuş alnavatlı zurnaçı İsmayıl Qocaoğlu, dəfçi Əli, balabançı Salman Daryurdlu, züyçü Seti Qələndər bu gün də adları məclislərdə anılan insanlardır. Mahir ifaçılardan Aşıq Vəli Misginli, şair Cavad, Aşıq Məhəmməd, Aşıq Şahsuvar, Aşıq Oruc və başqaları hər zaman nəinki bölgənin, bütövlükdə Odlar Yurdunun diqqət mərkəzində olmuşlar.

Gədəbəyin saz havalarına, söz sənətinə Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif kimi ölməz qələm sahibləri, Dədə Şəmşir, Azaflı Mikayıl, Əmrah Gülməmmədov, İmran Həsənov, Əkbər Cəfərov kimi ifaçılar yüksək qiymət vermişlər.

Aşıq sənəti əsasən fərdi qaydada özünü göstərir. Lakin onların birliyi, vəhdəti daha böyük uğurlara yol açır. Ötən əsrin ortalarında Gədəbəydə böyük bir aşıq kollektivi formalaşmışdı. 1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ona "Xalq aşığı ansamblı" statusu verildi. Yarandığı ilk gündən Aşıq İsfəndiyar Rüstəmov həmin kollektivə rəhbərlik etməyə başlamış və bu gün də öz ustadlıq fəaliyyətini davam etdirir. Ansamblın üzvləri müntəzəm surətdə respublikamızın müxtəlif dövlət tədbirlərində, şəhər və rayonlardakı şənliklərdə, elin toy məclislərində fəal iştirak edir, hər yerdə, hər zaman öz məharətlərini göstərirlər. İslam Əkbərov, Səyyad Pənahov, Fəzail Orucov, Məlik Məmmədov, Sədaqət Rəsulov, Nizami Əsgərov və başqaları ifa tərzləri ilə seçilirlər.

Gədəbəy aşıqlarının sənətkarlığından danışılarkən bir məsələ ayrıca qeyd olunmalıdır. İsfəndiyar Rüstəmov, Səyyad Pənahov, Məlik Məmmədov, Vaqif Cəfərov, Sədaqət Rəsulov və başqaları zilxan aşıq kimi tanınırlar. Folklorşünas-alim Həsən Mirzə deyir ki, adı çəkilən sənətkarlar oxuyanda adamın yadına Aşıq Əsəd düşür. Bəllidir ki, göyçəli Aşıq Əsədin zil səsi var idi.

Gədəbəy aşıqlarından Zahid Aslan oğlu, Seyfəddin Əhmədov, Dəmir Həsənoğlu, İlqar İmamverdiyev Mübariz Əsgərov, Fəzail Misginli, Mübariz Cəfərov, Səyyad Pənahov, Nemət Qasımlı və başqaları solo saz ifaçıları kimi məşhurdurlar. Dəmir Həsənoğlunun bəstəsi olan "Dəmir gözəlləməsi" gədəbəylilərin bir sıra ifaları kimi Azərbaycan radiosunun qızıl fondunda mühafizə olunur.

"Xalq aşığı ansamblı" təkcə Azərbaycanda deyil, çox müxtəlif diyarlarda, Kremlin qurultaylar sarayında, Rusiyanın digər şəhərlərində, Turkiyədə, İranda, Bolqarıstanda və başqa yerlərdə dəfələrlə ölkəmizi layiqincə təmsil etmişdir.

Bakıda, indiki Heydər Əliyev adına Sarayın açılışında aşıqlarımızın zəngin konsert proqramı sürəkli alqışlarla qarşılanmışdır. 1974-cü ildə Moskvada Aşıq Ələsgərin 150 illik yubileyində aşıqlarımız fəxri fərmanlarla və Ələsgər döş nişanları ilə təltif olunmuşlar. 1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivallarında bir neçə ifaçımız qızıl medallara layiq görülmüşdür.

1976-cı illərdə Qazaxda, Gəncədə və Bakıda ölməz Səməd Vurğunun 70 illik yubiley şənliklərində, 1982-ci ildə "Göy qurşağı" beynəlxalq festivalda Gədəbəyin saz və söz ustaları böyük proqramla çıxış etmişlər. 1984-1985-ci illərdə "Gədəbəyin yazı, aşığın sazı" adlı el bayramları heyranlıqla qarşılandı. Aşıqlarımız 1987-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, 1992-ci ildə Türkiyədə, 2000-2004-cü illərdə İranda folklor bayramlarında və bir çox digər mötəbər tədbirlərdə uğurla çıxış etdilər. El sənətinin inkişafındakı xidmətlərinə görə İsfəndiyar Rüstəmov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldü.

90-cı illərdə nankor ermənilər baş qaldıranda Gədəbəy aşıqları müntəzəm surətdə döyüş bölgələrini gəzir, konsertlər verir, xalqın mübariz ənənələrindən danışır, əsgərləri yeni-yeni hünərlərə ruhlandırırdılar. O gərgin günlərin birində Aşıq İsfəndiyar sərhəddə yerləşən Şınıx bölgəsində atəş sədaları altında düşmənin acığına haylı-küylü bir toy məclisi keçirmiş, igid döyüşçülərimizə bir şeir də həsr etmişdi.

 

Şınıx mahalında toy keçirirdim,

Arabir gəlirdi güllənin səsi.

Nərə çəkib düşmən üstə varanda,

Dağlara səs saldı əsgər nərəsi.

Alınmaz qaladır Şınıx dərəsi.

 

Gədəbəy "Xalq aşığı ansamblı"nın tərkibi get-gedə istedadlı gənclərin hesabına zənginləşir, cavan və orta yaşlı aşıqlardan Qələndər Zeynalov, Qədir Əkbərov, Nemət Qasımlı, Altay Məmmədov, Dəmir Vəliyev, Fəzail Misginli, Təbriz Vəliyev, Vüqar Şəmilov, Əlviz Əsgərov, Azər Fərmayıl oğlu, aşıq-balabançı Sərdar Məmmədov və başqaları artıq geniş kütlənin rəğbətini qazanıblar.

Xarakterik cəhətlərdən biri də budur ki, Gədəbəy ölkənin azsaylı qadın aşıqları sırasında yetərincə təmsil olunur. Aşıq Navatın və Aşıq Cəvahirin adları hər yanda tanınır. Aşıq Cəvahir həyat yoldaşı, ustad aşıq Məhəmmədlə əlli ilə yaxın el şənliklərinin yaraşığı olmuşdur. Aşıq Navatın və Aşıq Cəvahirin davamçıları Ulduz Quliyeva, Könül Gədəbəyli, Aytəkin və Gültəkin bacıları söz və saz sənətinə yenilik gətirən ifaçılardan sayılırlar. Təsadüfi deyildir ki, "Gədəbəy şairləri və aşıqları" kitabında onlarca qadın sənətkarımız da təmsil olunur.

Gədəbəy aşıqlarının şöhrəti gündən-günə artır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam və aşıq sənəti YUNESKO-nun mənəvi irs siyahısına daxil ediləndən sonra bu ölməz sənət yüksəlişin yeni mərhələsinə qədəm qoydu. Keçən ilin martında Parisin məşhur Luvr muzeyində ilk dəfə olaraq konsert proqramı ilə çıxış etmiş beş Azərbaycan aşığından üçü Gədəbəydən idi. Sentyabr-noyabr aylarında Gədəbəy aşıqlarından Qələndər Yunisov, Nemət Qasımlı, Altay Məmmədov və Aytəkin Əkbərov YUNESKO-nun xətti ilə Fransada və İngiltərədə Azərbaycanı layiqincə təmsil etdilər.

Bax beləcə, mədəniyyətə, ədəbiyyata xüsusi önəm verən müasir iqtidarın qayğısı və köməyi sayəsində elimizin ölməz mənəvi sərvəti olan aşıq sənəti yeni-yeni zirvələrə ucalır.

 

 

Fazilə MƏMMƏDOVA,

Gədəbəy Rayon Mədəniyyət və

Turizm Şöbəsinin müdiri

 

Azərbaycan.- 2010.-10  fevral.- S. 10.