Avropa İttifaqı  ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir

 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində hazırlanmış xüsusi layihəyə əsasən, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlər davam etdirilir.

Fevralın 18-də Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia layihə çərçivəsində mərkəzin qonağı olmuşdur.

“Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda keçirilmiş görüşdə səfir ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlıq məsələlərindən bəhs etmişdir. Diplomat bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Aİ iqtisadi baxımdan sürətlə inkişaf edən və regionun lider dövlətinə çevrilən Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir.

R.Kobia qeyd etmişdir ki, Azərbaycanın Aİ-nin proqramlarında iştirakı, eləcə də imzalanmış sazişlər ikitərəfli əlaqələrin dərinləşməsi, ölkəmizin Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində “Avropa Qonşuluq Siyasəti” və “Şərq tərəfdaşlığı” proqramlarının xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Diplomat, həmçinin qeyd etmişdir ki, Aİ Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi və hüquqi islahatları yüksək qiymətləndirir.

Azərbaycanın həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə kimi strateji əhəmiyyətini vurğulayan R.Kobia ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycanın təcavüzə məruz qaldığını demiş və Aİ-nin münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirmişdir.

Tədbirdə Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, diplomatlar, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 fevral.- S. 10.