Kəngərlidə Şahtaxtinskilər
muzeyi yaradılır
Ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm və əhəmiyyətli rol oynayan nəsillər, sülalələr az olmayıb. Buna Bakıxanovları, Naxçıvanskiləri misal göstərmək olar. Şahtaxtinskilər də ölkəmizdə məşhur və tanınmış sülalələrdən olub.
Son iki əsr ərzində bu nəsil ölkəmizin ictimai-siyasi və elmi-mədəni mühitinə böyük şəxsiyyətlər bəxş edib. Tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin imzalanmasında müstəsna xidmətlər göstərmiş Behpud ağa Şahtaxtinski, görkəmli Azərbaycan publisisti, şərqşünas və maarifçisi, ikinci Rusiya Dövlət Dumasının deputatı Məhəmmədtağı Şahtaxtılı, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən və Azərbaycan parlamentinin ilk üzvlərindən olan Həmid ağa Şahtaxtinski, dövrünün tanınmış ziyalılarından sayılan İsasultan Şahtaxtinski və digərləri də bu sülalənin tanınmış üzvləri olublar. Sonrakı dövrlərdə də nəslin ardıcılları bu ənənəni layiqincə davam etdiriblər. Onlar ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında müstəsna xidmətlər göstərməklə yanaşı, bütün dövrlərdə ölkəmizin xoşbəxt gələcəyi uğrunda mərd mübarizlər kimi tanınıblar.
Muxtar respublika Ali Məclisi sədri bunları əsas tutaraq Kəngərli rayonunun Şahtaxtı kəndində
- tanınmış sülalənin
doğma ata-baba ocağında Şahtaxtinskilər
muzeyinin yaradılması
ilə bağlı sərəncam imzalayıb.
İndi muzey inşa olunur.
Azərbaycan.- 2010.- 19 fevral.- S. 11.