Xırdalanda Nəbi Xəzrinin xatirəsi anılmışdır
Xırdalan Mədəniyyət sarayında xalq şairi Nəbi Xəzrinin xatirəsi anılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbir şairin 85 illik yubileyinə həsr olunmuşdur.
Gecədə çıxış edən şairin yaxın dostları Zöhrab Tahir, Nahid Hacızadə və başqaları onu müasir Şərqin böyük lirik şairi kimi səciyyələndirmiş, yaradıcılığının fərqli cəhətlərindən, vətənpərvərliyindən danışmışlar.
Nəbi Xəzri 19 poemanın, 10 dram əsərinin, bir neçə şeir kitabının müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları Nəbi Xəzrinin pyeslərindən səhnələr nümayiş etdirmişlər. Şairlə bağlı xatirələrini bölüşən Əminə Yusifqızı onun şeirlərindən və poemalarından parçalar oxumuşdur.
Nəbi Xəzri həm də nəğməkar şairdir.
Yaqub Zurufçu, Zöhrə Abdullayeva, Nadir Qafarzadə və başqaları onun sözlərinə yazılmış
mahnıları ifa etmişlər. Şairin oğlu Arzu Babayev gecədə atasının xatirəsinə
göstərilən ehtirama
görə ailəsi adından toplaşanlara təşəkkürünü bildirmişdir. Sonda o, Nəbi Xəzrinin
sonuncu, dərc olunmamış şeirini oxumuşdur.
Azərbaycan.- 2010.- 19 fevral.- S. 11.