Hollandiyada Azərbaycan dili məktəbinin yaradıcısı olan həmvətənimizin yubileyi
qeyd edilmişdir
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, Qərbi Avropa ölkələrində ilk dəfə olaraq Hollandiyanın paytaxtı Amsterdam şəhərində ana dili məktəbinin yaradıcısı, soydaşımız Sima Cəfərovanın 60 yaşı tamam olmuşdur. Şərəfli müəllim peşəsini özünə həyat yolu seçmiş təcrübəli pedaqoqun yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Pedaqoji fəaliyyətinə Bakı məktəblərinin birində başlamış S.Cəfərova sonralar məktəb direktoru vəzifəsində çalışmışdır.
Hollandiyada, vətəndən uzaqlarda belə öz sevimli peşəsindən ayrılmayan Sima xanım bazar günü ana dili məktəbinin direktoru olmaqla yanaşı, bu ölkədə dünyaya göz açmış azərbaycanlı uşaqlara doğma Azərbaycan dilini və zəngin ədəbiyyatını tədris edir. 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış məktəbdə kiçikyaşlı azərbaycanlılarla bərabər, ölkəmizə və xalqımıza maraq göstərən Hollandiya ailələrinin uşaqları da təhsil alır. Beynəlmiləl ailəni xatırladan məktəb fond tərəfindən lazımi dərslik və məktəb ləvazimatı ilə təchiz olunmuşdur.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad isgəndərov yubilyarı qəbul etmiş, S.Cəfərovanın müəllimlik işini, habelə Azərbaycan diasporunun üzvü kimi ölkəmizlə bağlı tədbirlərdə xüsusi fəallığını yüksək qiymətləndirmiş və ona xatirə hədiyyələri təqdim etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Amsterdam
Azərbaycan.- 2010.- 19 fevral.- S. 11.