BSU-da "Dünya
ədəbiyyatı kitabxanası"
seriyasından yeni kitabların təqdimatı
olmuşdur
Fevralın 18-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" seriyasından çap edilmiş 29 kitabın təqdimatı olmuşdur.
Mərasimdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxış edərək görülmüş işlər haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, bu layihənin elmi-yaradıcılıq işləri - kitabların elmi-ədəbi tərtibatı (mündəricatın tərtibatı, ön sözlər, şərhlər), əsərlərin tərcüməsi, redaktəsi (orijinalla tutuşdurma, ədəbi redaktə), korrektəsi və digər texniki işlərlə (mətn yığımı, düzəlişlər və s.) BSU, kitabların bədii tərtibatı ilə "Tutu" nəşriyyatı, çapı ilə "Şərq-Qərb" nəşriyyatı məşğuldur. Çap olunmuş 29 kitabın 21-nə daxil edilmiş əsərlər Azərbaycan oxucularına əvvəllər təqdim olunsa da, bu kitabların üzərində yenidən ciddi redaktə və korrektə işləri getmişdir.
Rektor bu lahiyənin Azərbaycanda tərcümə prosesini canlandırması, BSU-da ölkənin tərcüməçilik, redaktə və korrektə məktəbinin formalaşmasına təkan verməsini də xüsusi vurğulamışdır.
Yeni nəşrlər kimi təqdim edilən P.Lagerkvist, O.Pamuk və J.Amadunun seçilmiş əsərlərindən ibarət üç kitab oxucularımıza, ümumiyyətlə, ilk dəfə olaraq, K.Hamsun və C.Selincerin əsərləri isə əsaslı şəkildə yeni tərcümə variantında təqdim olunur. H.Böll, M.Rid və E.M.Remarkın Azərbaycan oxucularına əvvəlcədən tanış olan əsərləri ilə yanaşı, müəlliflərin yaradıcılığından yeni tərcümələr də nəşr edilmişdir.
Hazırda BSU-nun yaradıcı heyəti tərəfindən F.Dostoyevskinin, S.Kinqin, R.Stivensonun, S.Moemin, X.Kortasarın, L.Sinklerin, A.Azimovun, H.Hessenin, S.Svayqın, V.Nabokovun, F.Kafkanın, L.Borxesin, A.Platonovun, J.Saramaqonun, C.Qolsuorsinin və başqalarının Azərbaycan dilinə ilk dəfə tərcümə olunmuş əsərləri çapa hazırlanır.
Ümumilikdə isə 150 cildlik
"Dünya ədəbiyyatı
kitabxanası" seriyasından
çap olunacaq kitabların 120-də Azərbaycan
oxucuları dünya ədəbiyyatının bir
çox görkəmli
nümayəndələrinin yaradıcılığı ilə
ana dilimizdə yeni tərcümələrdə
ilk dəfə tanış ola biləcəklər.
Azərbaycan.- 2010.- 19 fevral.- S. 10.