Hər bir yaradıcı insanın öz yolu var

 

Ədəbi-bədii fikir tariximizi araşdıran tədqiqatçıların, şair və yazıçıların, bir sözlə, yaradıcı insanların qismətinə müxtəlif quruluşların zaman kəsiyində yaşayıb-yaratmaq düşdü. Ötən əsrin əvvəllərində də belə idi, sonunda da. Bəkir Çobanzadə, Böyükağa Talıblı, Salman Mümtaz, Vəli Xuluflu, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Əhməd Cavad və onlarla başqalarının taleyindən, yaradıcılığından keçən ziddiyyətli dövrün sonu repressiya ilə nəticələndi. Qara caynaqlardan qurtulanlar və sonradan mətbuta, ədəbiyyata gələnlər də bu çətin, amma şərəfli yolu ləyaqətlə davam etdirdilər. Sovet dövrünün bütün tələb və diktəsinə baxmayaraq, milli ədəbiyyatımız yarandı, inkişaf etdi, ədəbi tənqid də bu sahənin əsas aparıcı qüvvəsinə, yolgöstərəninə çevrildi.

 

Dövlət müstəqilliymizi əldə etdikdən sonra bədii fikrin yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Təbii ki, yenə də quruluşların kəsişməsində ziddiyyətli məqamların varlığından müəyyən giziltilər keçdi. Sovet partiya həyatının tərənnümünə, sovet mətbuatının şəninə yönələn qələm məhsulları tarixin arxivinə verildli. Bu gedişatın başqa bir pərdəsi də qaldırıldı. Vaxtilə qəsdən gizlədilən mənbələrin, "düşmən" libasında təqdim edilən şəxsiyyətlərin taleyinə gün doğdu. Zamanın burulğanlarında baş verən hadisələrə, həqiqətlərə, sənət, ədəbiyyat nümunələrinə, mətbuat tarixinə, ayrı-ayrı fədailərin - repressiya qurbanlarının məram və məqsədlərinə, mübarizə əzminə, vətənə xidmət naminə çəkdikləri əzablara, böyük ideallara, ən nəhayət, bu yolda baş verən səhvlərə bugünün gözü və vətəndaşlıq mövqeyindən yanaşılaraq təhlil aparmaq qismətimizə çıxdı.

Ömrünü bu sahəyə bağlamış yeni tədqiqatçılar yetişdi. Kamal Talıbzadənin, Qulu Xəlilovun, Asif Əfəndiyevin, Yaşar Qarayevin, Elçinin, Şamil Salmanovun... ardıcılları - yeni imzalar göründü. Bu sırada Nizami Cəfərov, Arif Əmrahoğlu, Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Şamil Vəliyev kimi istedadlı ədəbiyyatşünas tənqidçilər ədəbi həyatın dolğun simasını müəyyənləşdirməyə çalışdılar. Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin də bu sahədə böyük xidmətləri var. O, tənqidin tarixi və nəzəri xüsusiyyətləri ilə daha müntəzəm, ardıcıl məşğul olan alim kimi səmərəli fəaliyyət göstərir. Milli mətbuat tariximizi araşdıran alimlər az deyil, amma Şamil Vəliyevin bu istiqamətə yönələn tədqiqatları çox fərqli və demək olar ki, işlənməmiş sahələrdir. O, milli mətbuatın və siyasi fikrin öyrənilməyən səhifələrini tədqiqata çəkən zəhmətkeş, eləcə də mövqeli alimdir.

Ömrünün 50-ci zirvəsinə çatmaqda olan Şamil Vəliyev Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiridir. Onun "Füyuzat" ədəbi məktəbinin təşəkkülü və inkişaf mərhələsilə bağlı apardığı tədqiqatlar indiyədək ətraflı tədqiq və mükəmməl işlənməyib. Mütəxəssislər haqlı olaraq Şamil müəllimin bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək onu "füyuzatçıların ədəbi irsinin mənəvi varisi" adlandırırlar. İlk baxışda adi təsir bağışlayan bu sözlərdə, əslində, böyük ciddilik və həqiqət var. Mərhum akademik Kamal Talıbzadə öz yetirməsinin - Şamil Vəliyevin araşdırmalarını yüksək qiymətləndirərək yazırdı: "Çoxsaylı elmi-tənqidi araşdırmalarında, publisistik yazılarında Şamil Vəliyev milli fikir tariximizin dünəni və bugünü ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışmış, müxtəlif ədəbi tarixi şəxsiyyətlər və proqramlar haqqında sərrast mülahizələr söyləmişdi. Elmi ictimai və siyasi həyatımızın tarixinə və unudulmuş şəxsiyyətlərə ardıcıl, sistemli münasibət onun vətəndaşlıq mövqeyini səciyyələndirən əsas keyfiyyətlərdir... Sevinirəm ki, yüksək mədəniyyəti ilə yanaşı, elmi-nəzəri hazırlığı və intellektual yetkinliyi ilə diqqətimi çəkən Şamil Vəliyev ədəbi tarixi keçmişlə müasir həyat arasında irs - varislik əlaqələrinə həssaslıqla yanaşan alim kimi elmi-ictimai fikrin və ümumxalq mədəni-mənəvi ehtiyaclarının ödənilməsi yolunda fədakarlıqla çalışmaqdadır". Bu uzaqgörən fikrin nəticəsi olaraq Şamil Vəliyev "Füyuzat"ı dərindən araşdıraraq arxiv sənədləri, ədəbi-tarixi fakt, hadisə və problemlərə istinadən təhlil etdi. Onun bu zəhməti elmimizə layiqli bir töhfə - "Füyuzat" ədəbi məktəbi" adlı sanballı monoqrafiyası ilə nəticələndi. Kitab iki dəfə "Elm" nəşriyyatında çap edilib.

Şamil Vəliyevin bir alim və vətəndaş kimi füyuzatçılığa baxışı çox maraqlıdır. O bu barədə fikirlərini belə şərh edir: "Füyuzatçılıq sərbəst düşüncənin, müstəqil fikrin, azad sözün, hadisə-olay, fakt və həqiqət haqqında tam, bütöv, aydın və şəffaf informasiyanın, ictimai haqq və hüquqların qorunması, ədalət və bərabərlik uğrunda mübarizə sənəti, "türkləşmək, islamlaşmaq və müasirləşmək - avropalaşmaq" ideyalarının toplusu, modernizm - islahatçılıq və yaradıcılıq mövqeyidir". Bəlkə də elə bu cazibəsinə görədir ki, Şamil Vəliyevin bütün yaradıcılıq yoluna "Füyuzat"dan bir nur seli işıq saçmaqdadır. Bu aydınlığın içində alimin apardığı elmi araşdırmalar da maraqlı və sanballıdır.

Şamil Vəliyev başqa bir araşdırmasında isə XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemlərini tədqiqata çəkərək klassik ədəbi irs və müasirlik, bədii sənətkarlıq, novatorluq meyilləri, forma və məzmun axtarışları ilə səciyyələnən ötən yüzilliyin poetik mənzərəsini hərtərəfli yarada bildi.

Tanınmış tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru Şamil Vəliyevin 2004-cü ildə işıq üzü görmüş "Azərbaycanşünas alim" adlı bir kitabı çap edilib. Müəllif bu monoqrafiyasında XX əsrin sonlarında Azərbaycan ədəbi tənqidində özünəməxsus yer tutan Nizaməddin Şəmsizadənin yaradıcılıq yolunu araşdırıb. Şamil Vəliyev öz müasirinin çoxcəhətli elmi-nəzəri irsinə əsaslanaraq onun Azərbaycan ədəbi-tarixi fikrindəki mövqeyini müəyyənləşdirməyə çalışıb. Burada təkcə bir alimin həyat yolu yox, XX əsrin ədəbi prosesində rolu və xidmətləri olan bir sıra tənqidçilərin də adları xatırlanır. Əslində, bu monoqrafiya milli ideologiyamız - azərbaycançılıq konsepsiyasının çox sanballı araşdırmasıdır.

İnsan bu dünyaya doğulandan sonra ona ayrılmış bir ömür yolunu yaşamağa məcburdur. Müxtəlif dönümlərdən, uğur və itkilərdən ötən bu yol bəzən zirvəyə çatır, bəzən də yoxuşa düşür. Əlbəttə, ömrün qədərini yazan Tanrıdır, amma onu necə yaşamaq sahibindən asılıdır. Şamil Vəliyevin ömür yolu ilə bağlı maraqlı düşüncələri var: "Biz özümüzdən öncə gələnlərdən, klassiklər, sənət adamları və şəxsiyyətlərdən nə öyrəndik, necə öyrəndik, nə qədər öyrəndik?! Bunu sadalamaq çətindir. Bunu bacardıqmı? Çətin sualdır. Ancaq özümüzdən sonra gələnlərə təmiz bir ad, imza, gərəkli iş, xeyir əməl, xoş xatirə, faydalı əsər və unudulmayacaq şəxsiyyət nümunəsi verməyə hər birimiz borcluyuq. Bunu mütləq etməliyik. Biz özümüzü qiymətləndirməyi və arxamızca gələnlərə həyatı sevdirməyi, onlara fəxarət hissini miras qoymağı bacarmalıyıq. Bacara bilsək, bir ömür xoşbəxtliyi nəsibimizdir və bəsimizdir. Çünki bu möhtəşəm xalq tarixinə qovuşmağa aparan yolun tale payıdır. Bu yol hər birimizin yoludur. Əlbəttə, yollar çox, eniş-yoxuş çox, döngələr çox, aşırımlar çoxdur. Amma hər birimiz həyatın əzab və iztirablarına dözməli, sabahkı nəslə ümid və inam dolu duyğular çələngi çatdırmalı, mütləq o yolu getməliyik".

Çoxumuzun üzərində "ziyalı ömrü" adlanan bir epitetin olmasına baxmayaraq, hər kəs bu şərəfli yolu özünəməxsus tərzdə naxışlayır. Şamil Vəliyevin bioqrafiyasına nəzər salanda onun necə də böyük yaradıcılıq potensialına malik olduğu, dürüst və səmərəli çalışdığı göz önündə canlanır. Şamil Vəliyev, sözün həqiqi mənasında, ziyalı və alim ömrü yaşayır və bu şərəfli adların siyahısına pedaqoji fəaliyyət də qoşulanda Şamil Vəliyevin mənəvi portreti bütövləşir.

O, 1960-cı ilin fevralında indi erməni işğalı altında qalan Körpülü kəndində anadan olub. Orta təhsil alıb, ali məktəb bitirib, hərbi xidmətdə olub... Bütün bunlar bioqrafiyasının axarı ilə gedən təbii faktlardır. Əsası odur ki, onun ilk iş yeri Səməd Vurğunun ev-muzeyi olub. O, burada elmi işçi vəzifəsində çalışıb. Sonralar aspiranturada təhsil alıb, 1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 20 ildən artıqdır ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda müxtəlif elmi vəzfiələrdə çalışıb. İndi də həmin institutda baş elmi işçidir. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Müxtəlif elmi şuraların, yaradıcılıq təşkilatlarının üzvü olan Şamil Vəliyev beş ildir ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində çalışır. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan Şamil Vəliyev gələcək jurnalist kadrların yetişməsində gərgin əmək sərf edir. O bu sahədə gənc alimlərin işlərinə də qayğısını əsirgəmir. Onun rəhbərliyi altında elmi iş yazan, tədqiqat aparan onlarla aspirant var.

Ötən il Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Şamil Vəliyevin həm həmkarları, həm də tələbələri arasında böyük hörməti var. O bu rəğbəti həm sanballı alimlik tədqiqatları, dürüstlüyü, mövqeyi, həm də həssas müəllimlik fəaliyyəti, böyük ürək sahibi olması ilə bağlı qazanıb. İstedadlı tələbələri ilə qürur duyan professorun bir fikri də maraqlıdır: "Bizdən əvvəl gedənlərin işığına qanadlandıq. Müqavimətlə də rastlaşdıq, qayğı da gördük. Arzumuz budur ki, bizdən sonra gələnlər də bizim nə çəkdiyimizi, necə yaşadığımızı dəqiq bilsinlər. Onların xoşbəxtliyi, millət üçün seçilən vətəndaş olmaları bizim qürurumuzdur, fəxrimizdir, arzumuzdur. Əgər bunlar baş verərsə, bizdən sonra gələnlər bilsinlər ki, ruhumuz həmişə şad olacaq. Arzum odur ki, ən gözəl günlər gənclərin olsun. Çünki hər birimizin ömrü və xoş gələcəyi bizdən sonra gələnlərin niyyətlərində, arzularında çin olacaq".

...BDU-nun jurnalistika fakültəsində bu il yubileylər ilidir. Şirməmməd Hüseynovun 85, Akif Rüstəmovun, Yalçın Əlizadənin 70, indi də filologiya elmləri doktoru, professor Şamil Vəliyevin 50 yaşları... Doğma təhsil ocağının bir-birinə bağlanan bu şad günlərini ürəkdən təbrik edirik. Yaxşı ki sizlər varsınız!..

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 19 fevral.- S. 12.