Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral
tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu (bundan sonra - Fond) "Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 21 oktyabr tarixli 526 nömrəli sərəncamına
uyğun olaraq yaradılmışdır.
1.2. Fond dövlət
sifarişi əsasında fundamental, tətbiqi və
axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları
və digər elmi tədbirləri qrant şəklində məqsədli
maliyyələşdirməklə elmin inkişafına xidmət
edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.3. Fond öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Nizamnaməni rəhbər tutur.
1.4. Fond bu Nizamnamədə nəzərdə
tutulmuş vəzifə və funksiyalarını yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət, yerli özünüidarəetmə
orqanları, kütləvi informasiya vasitələri, yerli və
xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla
qarşılıqlı fəaliyyət göstərir.
1.5. Fond öz fəaliyyətini şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
1.6. Fond müstəqil balansa, xəzinə hesabına, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara, loqotipə malikdir.
1.7. Fondun fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun əsas məqsədi və
vəzifələri
2.1. Fondun əsas məqsədi
Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil
müəssisələri, digər müvafiq qurumlar və
fiziki şəxslər tərəfindən təqdim
olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər
sahəsində dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən fundamental,
tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat
proqramları və layihələrini və digər elmi tədbirləri
(bundan sonra - layihələr) qrant şəklində
ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini
stimullaşdırmaq və onlara azad yaradıcılıq
imkanı yaratmaq, habelə elm müəssisələrinin fəaliyyətinin
təkmilləşməsini nəzərdə tutan və
inkişafını dəstəkləyən tədbirləri
həyata keçirmək yolu ilə Azərbaycanda elmi-texniki
potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatın
inkişafında bu potensialdan səmərəli istifadə etmək,
mühüm sosial problemlərin həllində elm və
texnikanın rolunu yüksəltmək və dövlətin
elmi informasiya və innovasiya ehtiyatlarını
artırmaqdır.
2.2. Fondun vəzifələri aşağıdakılardır:
2.2.1. elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
2.2.3. Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək;
2.2.4. elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək;
2.2.5. öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək;
2.2.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Fondun funksiyaları
3.1. Fond bu Nizamnamə ilə müəyyən olunmuş vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
3.1.1. bu Nizamnaməyə uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir;
3.1.2. Azərbaycan Respublikasının sosial-iqtisadi və elmi-mədəni inkişafına müvafiq olaraq müsabiqə üçün prioritet elmi istiqamətləri müəyyən edir;
3.1.3. layihələrin idarə edilməsi qaydalarını və maliyyələşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi qaydalarını müəyyən edir;
3.1.4. müsabiqəyə təqdim edilən layihələrə baxılması qaydalarını müəyyən edir;
3.1.5. müsabiqə yolu ilə layihələrin seçilməsini təşkil və təmin edir;
3.1.6. qanunvericiliyə, o cümlədən bu Nizamnaməyə uyğun olaraq layihələri maliyyələşdirir, Fond tərəfindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edir, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür;
3.1.7. digər qrant ayıran yerli və xarici qurumlarla və şəxslərlə birgə elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir;
3.1.8. müsabiqəyə təqdim edilən və icrası başa çatmış layihələrin ekspertizadan keçirilməsini təşkil edir, qrant yolu ilə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və müvafiq hesabatları qəbul edir;
3.1.9. dövlət orqanları ilə elmi tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir;
3.1.10. elmi tədqiqat layihələrinin dəstəklənməsi və maliyyələşdirilməsi ilə bağlı ictimai rəyin öyrənilməsini təşkil edir;
3.1.11. bu Nizamnaməyə müvafiq olaraq elmi tədqiqat müəssisələrinə, digər qurumlara və fiziki şəxslərə müsabiqə əsasında maliyyə dəstəyinin göstərilməsi üçün müvafiq tədbirləri həyata keçirir;
3.1.12. maliyyə yardımından istifadə etmək üçün elmi tədqiqat müəssisələrinə, digər qurumlara və fiziki şəxslərə bərabər şərait və imkanlar yaradılmasını təmin edir;
3.1.13. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir, bununla əlaqədar zəruri tədbirləri həyata keçirir;
3.1.14. layihələrin həyata keçirilməsi məqsədi ilə müsabiqələri təşkil edir və bununla bağlı:
3.1.14.1. elanlar verir;
3.1.14.2. layihələr üzrə vəsaitin miqdarını müəyyənləşdirir;
3.1.14.3. layihələrin təqdim olunma formalarını, müddətlərini və zəruri sənədlərin siyahısını müəyyən edir;
3.1.14.4. təqdim olunmuş layihələrin qiymətləndirilməsi işini həyata keçirir;
3.1.14.5. layihələri məqbul hesab edilən elmi tədqiqat müəssisələrinin və digər qurumların nümayəndələri və fiziki şəxslərlə şifahi müsahibə keçirir;
3.1.14.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirir və müvafiq qərar qəbul edir;
3.1.14.7. müsabiqənin qalibi ilə vəsaitin istifadəsi şərtləri haqqında müqavilə bağlayır;
3.1.14.8. müsabiqəni
baş tutmamış elan edir;
3.1.14.9. müsabiqənin nəticələri
barədə məlumatları açıqlayır;
3.1.15. Azərbaycan
Respublikasının dövlət büdcəsində elmin
inkişafına maliyyə yardımının göstərilməsi
və Fondun saxlanılması üçün nəzərdə
tutulmuş vəsaitin bölgüsü ilə bağlı təkliflərini
aidiyyəti üzrə təqdim edir;
3.1.16. layihələrin həyata
keçirilməsi ilə bağlı elmi tədqiqat müəssisələrinin,
digər qurumların və fiziki şəxslərin
hesabatlarını nəzərdən keçirir, qiymətləndirmə
aparır və zəruri hallarda müvafiq qərar qəbul
edir;
3.1.17. Fondun ümumi fəaliyyəti
haqqında, aktual və elmi-praktiki əhəmiyyət kəsb
edən mühüm müsabiqələrin nəticələri
haqqında məlumat verir;
3.1.18. internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini
təmin edir;
3.1.19. Fondun fəaliyyəti
barədə illik hesabatı bu Nizamnaməyə uyğun olaraq
Azərbaycan Respublikasının Prezidentinə və aidiyyəti
qurumlara təqdim edir və ümumi informasiyanı mətbuatda
dərc etdirir;
3.1.20. elmi tədqiqatlar sahəsində
fəaliyyət göstərən xarici və beynəlxalq təşkilatlarla
əlaqələrin genişləndirilməsi, xarici təcrübənin
öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlər
görür;
3.1.21. qanunvericiliyə
uyğun olaraq digər funksiyaları həyata keçirir.
4. Fondun hüquqları
4.1. Fondun öz vəzifələrini
həyata keçirmək üçün
aşağıdakı hüquqları vardır:
4.1.1. məqsədlərinə
uyğun olaraq layihələrin maliyyələşdirilməsi
məsələsini həll etmək;
4.1.2. öz vəzifə və
funksiyalarının yerinə yetirilməsi üçün zəruri
olan məlumatları və sənədləri qanunvericiliyə
uyğun olaraq dövlət və yerli özünüidarəetmə
orqanlarından, hüquqi və fiziki şəxslərdən
sorğu vermək yolu ilə əldə etmək;
4.1.3. Fondun fəaliyyətini
və qrant layihələrinin mühüm elmi nəticələrini
ölkə daxilində və xaricdə təbliğ etmək;
4.1.4. qanunvericiliyə
uyğun olaraq xarici ölkələrdə müvafiq
funksiyaları yerinə yetirən dövlət qurumları,
qeyri-hökumət və digər təşkilatlarla əməkdaşlıq
əlaqələri qurmaq, elmi-informasiya mübadiləsi aparmaq,
razılaşdırılmış şərtlər əsasında
müştərək ekspertlər qrupu yaratmaq;
4.1.5. qanunvericiliyə
uyğun olaraq regional və beynəlxalq təşkilatlara
üzv olmaq;
4.1.6. qanunvericiliklə müəyyən
edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq, internet resursları yaratmaq;
4.1.7. layihələr üzrə
elmi tədqiqat müəssisələri, digər qurumlar və
fiziki şəxslər tərəfindən müqavilə
şərtlərinin pozulması və təyinatdan kənar
istifadə halları aşkar edildikdə, bu halların aradan
qaldırılması ilə bağlı müqavilə tərəfinə
və zəruri hallarda, qanunvericiliyə uyğun olaraq
müvafiq tədbirlərin görülməsi
üçün aidiyyəti orqanlara müraciət etmək;
4.1.8. layihələr üzrə
müqavilə şərtlərini pozan elmi tədqiqat müəssisələrini,
digər qurumları və fiziki şəxsləri iki ilədək
müddətə Fondun layihələrində iştirakdan məhrum
etmək;
4.1.9. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
5. Fondun vəsaitinin formalaşdırılması və
istifadəsi
5.1. Fondun vəsaiti
aşağıdakı mənbələr hesabına
formalaşdırıla bilər:
5.1.1. Azərbaycan
Respublikasının dövlət büdcəsindən
ayırmalar;
5.1.2. hüquqi və fiziki
şəxslər tərəfindən könüllü verilən
ianələr;
5.1.3. məqsədlərinə
uyğun müxtəlif tədbirlərin təşkilindən əldə
edilən gəlirlər;
5.1.4. xarici dövlətlər
və beynəlxalq təşkilatlar tərəfindən verilən
qrantlar və digər ayırmalar;
5.1.5. qanunvericilikdə
qadağan olunmayan digər mənbələr.
5.2. Fondun vəsaiti Azərbaycan
manatı və xarici valyutalarla formalaşdırılır.
5.3. Fondun vəsaiti və sərəncamında
olan əmlak bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlərə
istifadə edilə bilməz.
5.4. Fond sərəncamında
olan vəsaitdən bu Nizamnamədə əks olunmuş məqsədlər
üzrə həyata keçirilən layihələrə,
Fondun bu Nizamnamə ilə müəyyən edilmiş digər
məqsədlərinə və Fondun xərclər
smetasına uyğun istifadə edir.
5.5. Maliyyə ilinin sonunda
Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.
5.6. Layihələr üzrə
qrantlar böyük, orta və kiçik həcmli, həmçinin
qısamüddətli və uzunmüddətli olmaqla, layihələrin
məzmununa uyğun olaraq, akademik və təhsil sistemindəki
elmi təşkilatların və müəssisələrin,
digər qurumların, fiziki şəxslərin müvafiq olaraq
statusundan, tabeliyindən və təşkilati-hüquqi
formasından, həmçinin müsabiqədə iştirak
edən alimlərin yaşından, onların tutduqları vəzifələrdən,
elmi adlarından və elmi dərəcələrindən
asılı olmayaraq, müəyyənləşdirilmiş
elmi prioritetlərə uyğun, şəffaf müsabiqə əsasında
ayrılır.
5.7. Layihələrin maliyyələşdirilməsi
Fondla müsabiqənin qalibi (elmi rəhbəri) arasında
bağlanmış müqavilə əsasında həyata
keçirilir. Layihənin xərclər smetası, layihənin
yerinə yetirilməsi, elmi nəticələrin dərc
etdirilməsi və ictimaiyyətə
çatdırılması ilə bağlı xüsusi
öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər
müqaviləyə əlavə olunur.
6. Fondun idarə edilməsi və fəaliyyətinin təşkili
6.1. Fondun fəaliyyətinə
ümumi nəzarət Fondun Himayədarlar Şurası (bundan
sonra - Şura) tərəfindən həyata keçirilir.
6.2. Şura doqquz üzvdən
ibarət tərkibdə formalaşdırılır.
6.3. Şura üzvləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təyin
edilirlər.
6.4. Şura üzvlərinin
səlahiyyət müddəti 4 ildir. Eyni şəxs
ardıcıl olaraq iki dəfədən artıq
Şuranın üzvü ola bilməz.
6.5. Şuranın üzvləri
Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
6.6. Şuranın üzvləri
ictimai əsaslarla fəaliyyət göstərirlər.
6.7. Şuranın
iclasları ildə iki dəfədən az olmayaraq
keçirilir. Şuranın növbədənkənar
iclasları Şura üzvlərinin yarıdan çoxunun və
ya Fondun icraçı direktorunun təşəbbüsü ilə
keçirilə bilər. Şuranın iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətli
sayılır. Şuranın qərarları açıq səsvermə
yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər
bölündükdə Şura sədrinin səsi həlledici
hesab edilir.
6.8. Şuranın sədri və
sədr müavini Şuranın iclasında Şuranın
üzvləri tərəfindən Şuranın üzvləri
sırasından seçilir.
6.9. Şura:
6.9.1. Fondun fəaliyyətinin
qanunvericiliyə uyğun olmasına, vəsaitinin
formalaşmasına və xərclənməsinə ümumi nəzarəti
həyata keçirir;
6.9.2. Fonda əlavə vəsait
cəlb edilməsi strategiyasının hazırlanmasında
iştirak edir;
6.9.3. layihələrin həyata
keçirilməsi məqsədi ilə dövlət dəstəyinin
yönəldilməsi daha məqsədəuyğun hesab edilən
elmi tədqiqat sahələri barədə təkliflərini
Fondun icraçı direktoruna təqdim edir;
6.9.4. elmi tədqiqat müəssisələrinin
və digər hüquqi və fiziki şəxslərin layihələrinin
qiymətləndirilməsi məqsədi ilə aidiyyəti
dövlət orqanlarının, elmi tədqiqat müəssisələrinin
nümayəndələrindən və digər mütəxəssislərdən
(o cümlədən xarici mütəxəssislər cəlb
edilməklə) ibarət daimi və ya müvəqqəti
ekspert komissiyalarının yaradılmasına və tərkibinə
dair tövsiyələr verir;
6.9.5. Fondun icraçı
direktorunun təqdimatına əsasən Fondun vəsaitinin
istifadə edilməsinin əsas istiqamətlərini, onun illik
xərclər smetasının layihəsini və
balansını müzakirə edir və tövsiyələr
verir;
6.9.6. Fondun fəaliyyəti
ilə bağlı Fondun icraçı direktorunun illik
hesabatlarına baxır və rəy verir;
6.9.7. səlahiyyətləri
daxilində digər vəzifələri həyata keçirir.
6.10. Şura üzvləri
aşağıdakı hüquqlara malikdirlər:
6.10.1. Şuranın səlahiyyətlərinə
aid məsələlərin həllində iştirak etmək;
6.10.2. Şuranın
iclasının gündəliyi və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olmaq;
6.10.3. Şurada baxılan məsələlərə
dair fikir söyləmək;
6.10.4. Şuranın səlahiyyətlərinə
aid məsələlərə Şuranın iclaslarında
baxılması barədə təkliflər vermək;
6.10.5. Şuranın qərarları,
iclaslarının protokolları və digər sənədləri
ilə tanış olmaq.
6.11. Şura üzvlərinin
vəzifələri aşağıdakılardır:
6.11.1. Şuranın
iclaslarında baxılan məsələlərə qərəzsiz
yanaşmaq;
6.11.2. Şuranın
iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
6.11.3. Şura
üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməmək;
6.11.4. Şurada baxılan məsələlər
haqqında qərar qəbul edilənədək məsələnin
mahiyyətinə dair ictimaiyyət qarşısında fikir
söyləməmək.
6.12. Şuranın sədri:
6.12.1. Şuranın işini
təşkil edir;
6.12.2. Şuranın
iclaslarının gündəliyini müəyyənləşdirir,
iclaslarını çağırır və iclaslarında sədrlik
edir;
6.12.3. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirləri həyata
keçirir.
6.13. Şura sədrinin
müavini Şuranın sədri tərəfindən ona həvalə
edilmiş vəzifələri yerinə yetirir, Şuranın sədri
vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini
həyata keçirir.
6.14. Şuranın hər bir
üzvü Şuranın iclasında baxılan məsələlər
üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə
əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı
və qərarların qəbul edilməsində iştirak etməməlidir.
Belə əsaslar olduqda, Şuranın üzvünə
yazılı və ya şifahi formada əsaslandırılmış
etiraz edilə bilər.
6.15. Şura
üzvünün səlahiyyətlərinə
aşağıdakı hallarda Şuranın qərarı ilə
vaxtından əvvəl xitam verilə bilər:
6.15.1. öz arzusu ilə
Şura üzvlüyündən çıxmaq barədə
yazılı ərizə verdikdə;
6.15.2. bu Nizamnamədə
Şura üzvü üçün nəzərdə
tutulmuş tələblərə uyğun gəlmədiyi
aşkar edildikdə;
6.15.3. səhhətinə
görə vəzifələrini bir ildən artıq müddətdə
yerinə yetirə bilmədikdə;
6.15.4. ardıcıl olaraq 4 dəfə
üzrsüz səbəbdən Şuranın iclaslarında
iştirak etmədikdə;
6.15.5. fəaliyyət qabiliyyətsizliyi
və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən müəyyən edildikdə;
6.15.6. barəsində cinayət
işinə bəraətverici əsaslar olmadan xitam verildikdə,
habelə məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmə qərarı olduqda;
6.15.7. Şura
üzvünün adına ləkə gətirən hərəkətlərə
yol verdikdə.
6.16. Səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilmiş Şura
üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin
qalmış hissəsinə bu Nizamnamədə nəzərdə
tutulmuş qaydada təyin edilir.
6.17. Fondun fəaliyyətinə
rəhbərlik Fondun icraçı direktoru (bundan sonra -
İcraçı direktor) tərəfindən həyata
keçirilir.
6.18. İcraçı
direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilir.
6.19. İcraçı
direktor:
6.19.1. Fondun cari fəaliyyətinə
rəhbərlik edir və Fondu təmsil edir;
6.19.2. Fondun strukturunu təsdiq
edir;
6.19.3. Fondun illik fəaliyyət
planını təsdiq edir;
6.19.4. Fondun maliyyə vəsaiti
də daxil olmaqla, qanunvericiliyə, o cümlədən bu
Nizamnaməyə uyğun olaraq əmlakını idarə
edir, müqavilələr bağlayır, səlahiyyətləri
daxilində əmrlər, sərəncamlar və göstərişlər
verir, onların icrasına nəzarəti həyata
keçirir;
6.19.5. işçiləri əmək
müqaviləsi əsasında, qanunvericiliyə uyğun olaraq
işə qəbul edir, işdən azad edir, onlar barədə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə
və intizam tənbehi tədbirləri tətbiq edir;
6.19.6. Fondun daxili intizam
qaydalarını, əməkdaşların davranış
kodeksini və səlahiyyətləri daxilində Fondun idarə
edilməsi məsələləri ilə bağlı sənədləri
təsdiq edir;
6.19.7. Fondun xərclər
smetasının layihəsini, vəsaitinin istifadə edilməsinin
əsas istiqamətlərinə dair təklifləri
hazırlayır və baxılmaq üçün Şuraya təqdim
edir;
6.19.8. bu Nizamnaməyə
uyğun olaraq müsabiqəyə təqdim olunan layihələrin
qiymətləndirilməsini, maliyyə yardımının
ayrılmasını, bununla əlaqədar müvafiq əqdlərin
bağlanmasını təmin edir;
6.19.9. Fond tərəfindən
maliyyələşdirilən layihələrin və digər
tədbirlərin icra vəziyyətinə nəzarəti həyata
keçirir;
6.19.10. Fondun fəaliyyəti
ilə bağlı illik hesabatı hazırlayır,
Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
6.19.11. Fondun maliyyə-təsərrüfat
fəaliyyətinə nəzarət edir və qanunvericiliyə
uyğun olaraq auditin keçirilməsi üçün zəruri
şəraitin yaradılmasını təmin edir;
6.19.12. Fondun
kargüzarlıq işlərini təşkil edir;
6.19.13. Fondun səmərəli
fəaliyyətini təmin etmək məqsədilə cari və
perspektiv maddi-texniki təminat məsələlərinin həlli
ilə bağlı zəruri tədbirləri həyata
keçirir;
6.19.14. Fondun fəaliyyətinin
və idarəetməsinin təkmilləşdirilməsi və
informasiya təminatının gücləndirilməsi
üçün təkliflər hazırlayır və
müvafiq tədbirlər həyata keçirir;
6.19.15. öz səlahiyyətləri
daxilində Fondun fəaliyyətinə aid qərarların
icrası ilə əlaqədar müvafiq tədbirlər
görür;
6.19.16. Fondun illik fəaliyyəti
haqqında ictimaiyyəti məlumatlandırır;
6.19.17. qanunvericiliyə, o
cümlədən bu Nizamnaməyə müvafiq olaraq digər
səlahiyyətləri həyata keçirir.
6.20. Fondun xərclər
smetası, ştat cədvəli və işçilərinin
aylıq vəzifə maaşları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
6.21. Fondun işçilərinin
say həddi və İcraçı direktorun aylıq vəzifə
maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilir.
7. Fondun yenidən təşkili və ləğvi
Fondun yenidən təşkili
və ləğvi qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
Azərbaycan.- 2010.-20
fevral.- S. 6.