ATƏT PA-nın
qış sessiyasında
iştirak edən Azərbaycan nümayəndə
heyəti bir sıra ikitərəfli görüşlər keçirmişdir
Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti səfər müddətində bir sıra ikitərəfli görüşlər keçirmişdir.
Avstriya Milli Şura (parlament) sədrinin müavini Frits Noyqebauer ilə keçirilmiş görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova ölkələrimiz arasında əlaqələrin tarixinə toxunmuş və həmin əlaqələrin yüksələn xətlə inkişafını qeyd etmişdir. B.Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Cənubi Qafqazda ölkəmizin iştirakı ilə reallaşdırılan iri beynəlxalq layihələr barədə məlumat vermiş, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm roluna toxunmuşdur.
Bildirilmişdir ki, yaxın gələcəkdə Bakıda fəaliyyətə başlayacaq Avstriya səfirliyi Azərbaycan-Avstriya ikitərəfli əlaqələrində yeni səhifənin açılmasına, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Tərəflər parlamentlərarası münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən F.Noyqebauerin təmsil etdiyi Avstriya Xalq Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq imkanlarından bəhs etmişlər. Qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi ilə F.Noyqebauer Azərbaycana səfərə dəvət edilmişdir.
Dəvətə görə
səmimi təşəkkür
edən F.Noyqebauer fürsət yaranan kimi Azərbaycana səfər edəcəyini
bildirmişdir.
* * *
Avstriya Parlamentinin üzvü, Avstriya-Cənubi Qafqaz parlament dostluq qrupunun sədri Karl Öllinqer ilə keçirilmiş görüşdə Avstriyanın ölkəmizdə səfirliyinin açılması yüksək qiymətləndirilmiş, bu qərarın qəbulunda Avstriya Parlamentinin, xüsusilə də, dostluq qrupunun rolunun mühüm olduğu vurğulanmışdır. Bahar Muradova Azərbaycan-Avstriya parlamentlərarası əlaqələrini intensivləşdirmək baxımından Karl Öllinqeri və başçılıq etdiyi dostluq qrupunu Azərbaycana səfərə dəvət etmişdir.
Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi barədə avstriyalı deputatları maraqlandıran suallar cavablandırılmışdır.
* * *
Fransa Parlamentinin üzvü, ATƏT
PA-da İqtisadiyyat,
Elm, Texnologiya və Ekologiya Komitəsinin sədri Roland Blum ilə görüşdə Azərbaycan
və Fransa arasında əlaqələrin
yüksək səviyyədə
olması, müxtəlif
sahələrdə uğurlu
əməkdaşlıq aparılması
vurğulanmışdır.
Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan Bahar Muradova ATƏT PA çərçivəsində də münaqişənin həllinə diqqət ayırmağın vacibliyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyə ciddi əngəl törətməklə yanaşı, regionun iqtisadi inkişafına da mane olur. Münaqişənin tezliklə həlli Avropanın enerji ehtiyaclarını ödəmək üçün Azərbaycana daha sərbəst hərəkət imkanı verə bilər.
Fransa Parlamentində Xarici Əlaqələr üzrə Komitənin Cənubi Qafqaz üzrə əlaqələndiricisi olduğunu xatırladan R.Blum bölgədəki münaqişələrin mürəkkəbliyini və regional inkişaf üçün doğurduğu fəsadları qeyd etmişdir. Ötən dövrdə Yerevan və Moskvada səfərdə olduğunu qeyd edən R.Blum apreldə Bakıya və Ankaraya gələcəyini bildirmişdir.
B.Muradova vurğulamışdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi gözlənilməklə, Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsinə hazırdır. Bunun üçün isə Ermənistan ordusu işğal edilmiş əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı, Dağlıq Qarabağda Azərbaycan və erməni icmasının birgə yaşaması təmin edilməlidir. Məhz bu şərtlər yerinə yetirildikdən sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Bu, münaqişəyə ədalətli yanaşmadır və beynəlxalq ictimaiyyət Ermənistanı bu fikirlə razılaşmağa çağırmalıdır. Əgər Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar nəticəsiz qalarsa, Azərbaycan beynəlxalq sənədlərlə tanınan hüquqlarını digər vasitələrlə bərpa etmək məcburiyyətində qala bilər. Lakin biz belə bir ehtiyacın yaranmasını arzu etmirik və münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.
Bahar Muradova həmçinin beynəlxalq ictimaiyyətin separatçı rejimləri ruhlandıran hərəkətlərdən, onları leqal hüquqi müstəviyə keçirməyə hesablanmış addımlardan çəkinməsinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, hazırda Fransada çoxlu erməni yaşayır və onlar Dağlıq Qarabağdakı ermənilərlə əlaqə saxlaya bilərlər. Lakin ATƏT-in həmsədri olan Fransa dövləti separatçı rejimlə əlaqələrin rəsmi xarakter daşımasına imkan verməməlidir. Belə ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndə heyəti ötən ilin payızında Fransanın Marsel şəhərində olmuş və Roland Blum Marsel şəhərinin meri adından "DQR" parlamentinin spikeri Aşot Qulyana "Şərəf" ordeni təqdim etmişdir. Bu cür hallar Fransanın ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyətinin obyektivliyinə kölgə salır.
Roland Blum Marseldə 50 min erməninin məskunlaşdığını və deputat seçilməsində onların güclü elektorat rolunu oynadığını etiraf etmişdir.
Bahar Muradova Azərbaycana səfəri çərçivəsində Roland Blumun azərbaycanlı qaçqın və məcburi köçkünlərlə, o cümlədən Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşməsinin vacibliyini qeyd etmiş və eyni zamanda, onun şəxsində yeni qüvvələrin münaqişənin dinc yolla həlli üçün danışıqlar prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2010.- 20 fevral.- S. 2.