Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr etmişdir

 

Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində "Qarabağ həqiqətləri" toplusunu yapon dilində nəşr etmişdir.

Silsilə toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" adlı 5 bukleti əhatə edir. Burada Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticələri, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktlarından bəhs olunur.

Yeni nəşr 130 milyon əhalisi olan Yaponiya kimi inkişaf etmiş bir ölkədə Azərbaycan üçün vacib olan yeni informasiya mənbəyinin əldə olunmasında və xalqımızın haqq səsinin eşidilməsində əvəzsiz rol oynaya bilər. Toplunun Yaponiyanın dövlət orqanları, nüfuzlu təşkilatları, müvafiq təhsil qurumları və kitabxanaları, habelə aparıcı TV kanalları və KİV arasında yayılması nəzərdə tutulur.

Toplu "OİSCA-İnternational"ın dəstəyi ilə nəşr olunmuşdur.

Qeyd edək ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verən fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Daha sonra "Qarabağ həqiqətləri" oxuculara alman və macar dillərində təqdim olunmuşdur. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılmış, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilmişdir.

Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilmiş və burada Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz göstərilmişdir. Eyni zamanda, burada münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları və digər məlumatlar yer almışdır.

Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi "Qarabağ həqiqətləri" toplusu Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın bir çox ölkələrində keçirilən aksiya və anma mərasimlərində təqdim olunacaqdır.

 

 

Azərbaycan.- 2010.- 20 fevral.- S. 3.