Xocalı soyqırımı xalqımıza qarşı kütləvi qırğın siyasətinin növbəti faktı oldu

 

Mənşəcə latın sözü olub məhv etmək mənasını daşıyan "genosid" kəlməsinin müxtəlif izahları mövcuddur. Bu termini beynəlxalq mütəxəssislər milli qrupların həyati əhəmiyyətli əsas dayaqlarının məhv edilməsinə yönəldilmiş müxtəlif hərəkətlərin əlaqələndirilmiş planı kimi izah edirlər. Yəni, məqsədli şəkildə milli qrupların soykökünün, mədəniyyətinin, dilinin, milli hisslərinin, dininin və iqtisadi mövcudluğunun məhv edilməsi, alçaldılması, bir sözlə, zülm edilən qrupun milli özünəməxsusluğunun yox edilməsi anlamını ifadə edir.

Nürnberq Tribunalı Nizamnaməsinin altıncı maddəsində genosid müharibə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin konstruktiv və təsdiq edilmiş hissəsi kimi göstərilir. Həmin maddədə cinayətin tərkibi belə ifadə olunur: "Müharibəyə qədər və müharibə zamanı hər hansı bir mülki əhaliyə qarşı törədilmiş qətllər, məhvetmə, əsarət altına alma, deportasiya və digər qeyri-insani aktla, həmçinin hadisələrin baş verdiyi dövlətin milli qanunvericiliyində pozuntuların baş verib-verməməsindən asılı olmayaraq Tribunalın yurisdiksiyası altına düşən hər hansı bir cinayətin törədilməsi məqsədilə siyasi, irqi və dini əsasda təqib etmək". (Xocalı soyqırımı: milyon imza - bir tələb, Bakı-2007, səh. 114-115).

Genosid termini 1948-ci ilin dekabrında, İkinci Dünya müharibəsindən sonra ilk dəfə hüquqi status aldı və Konvensiyada onun müxtəlif izahları müəyyənləşdirildi. Siyasi genosid milli hökumətin tamamilə məhv edilməsi, sosial genosid milli ruh dayaqlarının zəiflədilməsi cəhdləri, xüsusən də cəmiyyətin ziyalı təbəqəsinə hücum edilməsi, mədəni genosid yerli dilin işlədilməsinə qadağa qoyulması, milli-mədəni dəyərlərə ciddi nəzarət edilməsi, kitabxanaların, millətə məxsus arxivlərin, qədim əlyazmaların yandırılması, qədim maddi və mədəniyyət abidələrinin dağıdılması, iqtisadi genosid milli-iqtisadi həyat tərzi dayaqlarının məhv edilməsi, bioloji genosid bilərəkdən demoqrafiq artımın qarşısının alınması, uşaqların həyat qabiliyyətinin azaldılması, dini genosid dini mənbələrin və ibadət yerlərinin məhv edilməsi, mənəvi genosid isə milli hisslərin alçaldılması kimi müyyən olunur. Mətləbdən uzaqlaşmadan qeyd edək ki, XX əsrdə Azərbaycan xalqı genosidin bütün növlərinə məruz qalıb. İki dəfə soyqırımı törədilib, düşünən başlar məhv edilib, arxivlər yandırılıb, tarixi abidələr dağıdılıb və s.

1948-ci il konvensiyasında genosid cinayətində təqsirləndirilən şəxslərə universal yurisdiksiya təyin edilir. Qaydaya görə, təqsirli bilinən şəxslər ilk əvvəl ərazisində cinayətin törədildiyi dövlətin səlahiyyətli məhkəməsi tərəfindən mühakimə olunur. İkinci, konkret işin baxılması üçün Beynəlxalq cinayət məhkəməsi yaradıla bilər.

Dünya praktikasında soyqırımı (genosid) aktı kimi daha çox 1935-1945-ci illərdə yəhudilərin və qaraçıların faşist Almaniyasında məhv edilməsi (xolokost), eləcə də İkinci Dünya müharibəsi zamanı Avropanın işğal olunmuş dövlətlərinin mülki əhalisinin qətlə yetirilməsi, Pol Pot və Yieqn Sari rejimi tərəfindən 1974-1979-cu illərdə Kambocanın 3 milyon əhalisinin məhv edilməsi faktları tanınır. Həmin il "qırmızı kxmerlər"in həyata keçirdikləri soyqırım nəticəsində 3 milyon kambocalı öldürülmüş, xüsusən uşaqlar və dinc adamlar amansızlıqla qətlə yetirilmişdi. Buraya 1932-1933-cü illərdə Sovet İttifaqı rəhbərliyinin Ukraynada həyata keçirdiyi hərəkat zamanı aclıqdan baş verən kütləvi qırğınlar, erməni-Azərbaycan, gürcü-abxaz, gürcü-osetin münaqişələri zamanı etnik zəmində baş verən kütləvi qırğınlar və etnik təmizləmələr də daxildir. 1994-cü ildə Ruandada törədilən kütləvi qətllər də soyqırımı (genosid) hesab olundu. Sonralar təqsirli bilinən şəxslər Beynəlxalq Tribunal və Ruandanın milli məhkəmələri tərəfindən mühakimə olundular.

Azərbaycana qarşı törədilən soyqırımın tarixi bir neçə yüz ildir davam edir. Əslində bu tarix XIX əsrin əvvəllərində - 1813-cü ildə Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi haqqında imzalanan Gülüstan müqaviləsindən və 1828-ci ildə imzalanan Türkmənçay anlaşmasından başlayır. Ondan da öncə I Pyotr Rusiya imperiyasının gələcək sərhədlərini cizərkən Cənubi Qafqaza göndərdiyi elçilərinə - erməniləri özümüzə cəlb etməyə çalışın ki, gələcəkdə Rusiyanın dayağı olsunlar - tapşırığı xalqımızın qarşıdakı əsrlərdə başına gətirələcək faciələrin icrasının möhürü idi. Bununla da Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması planının reallaşdırılmasına başlandı.

Həmin müqavilələrdən sonra İran və Türkiyədən 300 minə yaxın erməni Azərbaycana, İrəvana, Qarabağa, Naxçıvana, Zəngəzura, Dərələyəzə, Ordubada, Vedibasara köçürüldü. Ermənilər yerləşdirildikcə yerli əhali oradan çıxarılır, kütləvi şəkildə öldürülür, insanların yaşayış tərzi dəyişdirilir, torpaqlar işğal olunurdu.

1943-cü ildə məlum Tehran konfransının gedişində Sovet-İran münasibətlərinin müzakirəsi zamanı erməni diasporu SSRİ Xarici İşlər Nazirliyinə müraciət edərək V.Molotovdan xahiş edir ki, İranda yaşayan erməni əhalisi SSRİ-yə köçürülsün. Molotov da bu barədə İ.Stalinə məlumat verir. Bununla da ermənilərin köçürülməsinə icazə verilir və o vaxt Ermənistan KP MK-nın katibi Q.Arutyunov bu icazədən istifadə edərək azərbaycanlıların İrəvandan zorla deportasiyasına və xaricdə yaşayan ermənilərin İrəvana köçürülməsinə nail olur. SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də azərbaycanlı əhalinin Ermənistandan Azərbaycanın Kür-Araz düzənliyinə köçürülməsi haqqında qərar verir.

1988-ci ilin yanvarından etibarən "türklərsiz Ermənistan" siyasətinin planlı şəkildə reallaşdırılması başlandı. Ermənistan hökuməti terror təşkilatlarının əli ilə SSRİ-nin himayəsi altında azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiya törətdilər və qədim Azərbaycan torpaqları tamamilə boşaldıldı. Xatın, Lidits, Oradurlar bəşəriyyət tarixində iz qoymuş ən qanlı hadisələrdir ki, Xocalı faciəsi də bu sıradadır. Xocalı soyqırımı beynəlxalq qaydalara uyğun genosid siyasəti kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq aləmdə tanınmış sənədlər bunu təsdiq edir: "1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A saylı qətnaməsilə qəbul edilən "Genosid siyasətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya", Nürenberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, həmçinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il qərarı (Xocalı soyqırımı: milyon imza - bir tələb, Bakı-2007, səh. 124).

"...Beləliklə, Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilmiş hərəktlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq genosid kimi qiymətləndirilir və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq insanlıq əleyhinə cinayət hesab olunur və məsuliyyətli şəxslərin cəzalandırılması nəinki Ermənistanın vəzifəsidir, həmçinin bütün dünya ictimaiyyətinin vəzifəsi hesab olunur. Çünki genosid real mövcud olan və praktiki olaraq bütün hallarda sülhə təhlükə hesab edilir. Onunla güclü və birləşmiş siyasi cəhdlərlə mübarizə aparmaq lazımdır, xüsusi hallarda isə hərbə də müraciət etmək lazımdır..." BMT-nin Baş katibi Kofi Annanın Stokholmdakı beynəlxalq konfransda çıxışından.

Şübhə etmirik ki, qocaman tarix Xocalıda əlləri qana batanların nə vaxtsa cəzalandırılmasına imkan yaradacaq.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 20 fevral.- S. 4.