Azərbaycan deputatı indiyədək Dağlıq
Qarabağla əlaqədar
qəbul edilmiş sənədlərlə bağlı
məsələ qaldırmışdır
Xəbər
verildiyi kimi, Vyanada ATƏT-in Parlament Assambleyasının (PA)
qış sessiyası keçirilir.
PA-nın
siyasi komitəsinin iclasında 2010-cu ildə Norveçdə keçirilməsi
planlaşdırılan Parlament
Assambleyasının illik
yığıncağının gündəliyi müzakirə
edilən zaman Azərbaycan nümayəndə
heyətinin üzvü,
Milli Məclisin deputatı Azay Quliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həll
edilməməsi ilə
bağlı çıxış
etmişdir.
A.Quliyev
çıxışında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı
danışıqların 15 ildən artıq davam etməsinə
baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində
indiyədək münaqişənin həll variantının
tapılmadığını diqqətə
çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycan
ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın
təcavüzkar siyasəti nəticəsində 1 milyondan
artıq azərbaycanlı qaçqın və məcburi
köçkün şəraitində yaşamaqda davam etməkdədir.
Beynəlxalq təşkilatlar, o cümlədən
ATƏT münaqişənin sülh yolu ilə
nizamlanmasını dəstəklədiyini bəyan edir, Azərbaycan
da münaqişənin sülh yolu ilə nizamlanmasına səy
göstərir. Lakin 17 ildən artıqdır ki, Ermənistan
BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul
edilmiş məlum 4 qətnamənin, Avropa Şurası və
ATƏT-in müvafiq sənədlərinin tələblərinə
əməl etmir, işğal altında saxladığı Azərbaycan
ərazilərini boşaltmır. Ona görə
də artıq Osloda keçiriləcək PA-nın illik
yığıncağında BMT-nin Təhlükəsizlik
Şurasının və ATƏT-in qəbul etdikləri sənədlərlə
bağlı konkret mexanizmlər işlənib
hazırlanmalıdır və iclasda qəbul edilməlidir.
Azərbaycan daha 15 il nəticəsiz
danışıqları gözləyə bilməz və ATƏT
PA bu istiqamətdə konkret mövqeyini ortaya qoymalıdır.
Ermənistan nümayəndə
heyətinin rəhbəri Aram Safaryan isə cavab nitqində
mövzudan yayınaraq diqqəti Azərbaycanda demokratiyanın
vəziyyətinə və may ayında Dağlıq
Qarabağda keçiriləcək "seçki"lərə
cəlb etməyə çalışmışdır.
Yenidən söz alan Azərbaycan nümayəndə heyətinin
üzvü Azay Quliyev bildirmişdir ki, həqiqətən də
Ermənistan nümayəndəsinin faktla bağlı deməyə
sözü olmadığından, diqqəti işğal
faktından yayındırmağa və auditoriyanı
çaşdırmağa çalışır. Əgər demokratiyadan danışmaq gərəkdirsə,
ilk növbədə, Ermənistandakı demokratik vəziyyət
və öz mülki vətəndaşlarını
öldürməkdən belə çəkinməyən Ermənistan
hakimiyyətinin əməllərindən danışmaq olar və
biz bu mövzuda müzakirələrə hazırıq. Hazırda isə biz demokratiyadan deyil, konkret Ermənistanın
işğalçı siyasətindən və beynəlxalq
hüquq normalarını kobudcasına pozmasından danışırıq.
Tanınmamış Dağlıq Qarabağda
keçirilən seçkilərə gəldikdə isə
hamıya məlumdur ki, bu bir məsxərədir və bu
cür addımlar bütün dünyada gülüş
doğurur. Bu kimi təxribat xarakterli
oyunlar, təbii ki, dünya tərəfindən
tanınmayıb və bundan sonra da tanınmayacaqdır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2010.-20
fevral.- S. 4.