"Qarabağ
tarixin burulğanında"
sənədli filmi Ukrayna Milli Televiziyasında
nümayiş etdirilib
Kiyevin "Opera" mehmanxanasında Azərbaycan və Ukrayna televiziyalarının birgə layihəsi əsasında çəkilmiş "Qarabağ tarixin burulğanında" sənədli filminin təqdimat mərasimi iki dost ölkənin mədəni əməkdaşlığında yeni səhifə açıb. Ukrayna Milli Televiziyasının aparıcı jurnalisti Georgi Spasokotskinin və Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun ssenarisi əsasında çəkilmiş sənədli filmdə ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasəti tarixi faktlarla ölkə ictimaiyyətinə çatdırılıb.
Azərbaycan Milli Məclisi və Ukrayna Ali Radası deputatlarının, diplomatik korpus nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, mətbuat işçilərinin qatıldığı təqdimat mərasimində Georgi Spasokotski bir il müddətində ərsəyə gələn kinolentin çəkilişi zamanı Azərbaycanın bir sıra qaçqın şəhərciklərində, Qarabağın ermənilər tərəfindən viran qoyulmuş kəndlərində rastlaşdığı mənzərələrdən ürək ağrısı ilə danışıb. Sonra o, mərasim iştirakçılarını dinc azərbaycanlıların başına gətirilən faciələri özündə əks etdirən filmə baxmağa dəvət edib. Tarixi faktlarla zəngin olan filmdə ermənilərin nəinki təkcə Qarabağa, o cümlədən zaman-zaman İrəvana, Vedibasara, Göyçə mahalına, bütövlükdə indi Ermənistan adlandırılan ölkəyə yerləşdirilməsi xarici arxiv materiallarının köməyi ilə tamaşaçılara çatdırılır. Ermənilərin Qarabağa nə zaman köçürülməsini araşdıran müəlliflər bu faktı onların Qarabağa gəlmələrinin 150 illiyi münasibətilə özlərinin ucaltdıqları abidə-kompleksinin dili ilə danışdırıblar. Ermənilərin Qarabağda, xüsusən də Xocalıda dinc əhaliyə, uşaqlara, qadınlara qarşı törətdikləri amansız işgəncələri və qətliamları olduğu kimi Ukrayna ictimaiyyətinə təqdim edən müəlliflər xəbis qonşularımızın əsl qəddar və qaniçən obrazını ustalıqla yarada biliblər.
Filmdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ermənilərin Azərbaycana qarşı gizli planlarının alt-üst edilməsi, bununla da ölkəmizin inkişaf edərək bölgədə lider dövlətə çevrilməsi müdrik düşüncənin şər üzərində qələbəsi kimi təqdim olunur. Film belə bir nikbin sonluqla başa çatır ki, beynəlxalq təşkilatların Qarabağ məsələsinə laqeyd və ədalətsiz münasibətinə baxmayaraq, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Dağlıq Qarabağ və işğal olunan digər ərazilərimiz erməni tapdağından azad olunacaq.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev çıxışında Xocalı faciəsinin 18-ci ildönümü ərəfəsində belə bir tarixi filmin Ukraynanın Milli Televiziyasında nümayişini mühüm hadisə adlandırdı. Son 3-4 ildə Azərbaycan və Ukrayna televiziyalarının birgə həyata keçirdikləri layihələrin xüsusi önəm daşıdığını bildirən səfir bu sahədə addımların daha da genişlənəcəyini bildirdi. Milli Məclisin deputatı Qənirə Paşayeva son illər Heydər Əliyev Fondunun Rusiya üzrə nümayəndəsi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı, Ukrayna televiziyasında nümayiş etdirilən filmin ssenari müəlliflərinə, rejissorlar İqor Rıjenko və Anar Tahirova, eləcə də filmin hazırlanmasında çəkiliş qrupuna maddi və mənəvi cəhətdən kömək edən Möhlət Hüseynova minnətdarlığını çatdırıb. Ukraynanın tanınmış ictimai xadimi Anatoli Raxanski, Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəsi Möhlət Hüseynov və digər ziyalılar Qarabağ həqiqətlərinin Ukrayna xalqına obyektiv çatdırılmasında yeni sənədli televiziya filminin müstəsna rol oynayacağına əminliklərini bildiriblər. Filmin ssenari müəlliflərinə Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin fəxri diplomları təqdim edilib.
Tədbirdə Milli Məclisin deputatları Rüfət Quliyev, Nizami İsgəndərov, Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin, "Azərbaycan Hava Yolları" ASC-nin bu ölkədəki nümayəndəliyinin əməkdaşları, diaspor fəalları, Kiyevdə təhsil alan azərbaycanlı tələbələr, Ukraynanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak ediblər. Heydər Əliyev Fondunun nəşr etdirdiyi Qarabağ həqiqətlərindən bəhs edən kitablar mərasim iştirakçılarına paylanıb. Onu da qeyd edək ki, ilk dəfə Ukrayna Milli Televiziyasında efirə gedən "Qarabağ tarixin burulğanında" filmi reytinq cədvəlində həftənin ən çox baxılan filmi elan olunub.
Akif CABBARLI
Azərbaycan.- 2010.- 20 fevral.- S. 4.