Daşkənddə Dünya Ticarət Təşkilatının sanitar və fitosanitar tədbirlər üzrə sazişinin tətbiqinə dair regional seminar keçirilmişdir

 

Dünya Ticarət Təşkilatı (DTT) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Dünya Səhiyyə Təşkilatının (DST) birgə təsis etdikləri "Kodeks Alimentarius" komissiyası ilə birlikdə fevralın 16-dan 19-dək Daşkənddə DTT-nin sanitar və fitosanitar tədbirlər üzrə sazişinin tətbiqinə dair regional seminar keçirmişdir.

Tədbirdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın, həmçinin təsisçi təşkilatlardan əlavə, əlaqədar beynəlxalq qurumların nümayəndələri iştirak etmişlər.

Xatırladaq ki, "Kodeks Alimentarius" komissiyası ərzaq və yeyinti məhsullarının keyfiyyətinə nəzarət edən institutdur.

Azərbaycandan gəlmiş nümayəndələr - Kənd Təsərrüfatı Nazirliyinin Sanitar və Fitosanitar Xidmətinin baş məsləhətçisi Vüsalə Salamova, nazirliyin nəzdindəki Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Eldəniz Zeynalov və İqtisadi İnkişaf Nazirliyinin məsul işçisi Kamran Əhmədov müzakirələrdə fəal iştirak etmiş, qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.

 

 

Qulu KƏngƏrli,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2010.- 20 fevral.- S. 5.