Əvvəl varını aldılar...

 

Beş-altı ay idi ki, Soltan bəyin qapısını döyməyən, harada olduğunu soruşmayan az adam tapılardı. Kənd soveti, kolxoz şurasının üzvləri, hətta rayon mərkəzindən gələn məsul işçilər də hər qarşılarına çıxandan Soltan kişinin yerini soruşurdular. Kolxoz quruculuğunun "fəal" komsomolçu gənclərindən Soltan bəyin hərdən gecələr evinə gizli gəlib-getdiyini "araşdıranlar" da olmuşdu. Gizli gəliş-gedişdən ailənin yaxınları məlumatlı olsalar da, açıb-ağartmırdılar.

Şamaxı rayonuna məxsus Qaraqışlaq sovetliyinin Eloba kəndinin keçmiş bəyi Soltan Mehdi oğlu Əkbərov 1933-cü ildə üç illik sürgündən qayıdandan sonra sanki həyatdan küsmüşdü, bəzi həmkəndlilərindən incimişdi. Əmisi Ağababanı və uşaqlarını erməni bolşeviklər 1918-ci ildə gözləri qarşısında vəhşicəsinə qətlə yetirmiş, evlərini talan etmişdilər. O zaman Soltan təsadüf nəticəsində sağ qalmışdı. İndi isə erməni quldurlarından fərqli olaraq, yeni qurulan şura hökuməti o biri əmilərinin və atasının var-dövlətini əlindən almış, özlərini də qolçomaq elan etmişdi. Kənddə sovetləşmə, kolxoz quruculuğu başlanandan Soltan kişiyə "sən bizim düşmənimizsən" deyib, ona qara yaxanlar da tapılmışdı. Kəndin hörmətli adamlarından olan Soltan Mehdi oğlu təsərrüfatında daimi işləyən iki fəhləni, eləcə də mövsümi işlərdə çalışan iki kəndlini "istismar" etdiyinə görə 1929-cu ildən 1933-cü il dekabrın 19-dək adı "kulak"ların və səsdən məhrum edilənlərin siyahısına salınmışdı. El-oba məclislərində yuxarı başda əyləşən, məsləhət-məşvərətdə sözü hesaba alınan Soltan kişini yığıncaqlara, tədbirlərə yaxın buraxmırdılar. "Sən mülkədar olmusan, sən qolçomaqsan", - deyə 1929-cu ildə bolşeviklər Soltan bəyin 8 hektar əkin sahəsini əlindən alıb 1 hektarından istifadə etməyə - "orada da nə əkib-becərsə, filan qədərini kolxoza təhvil vermək" şərtilə izacə vermişdilər. Üstəlik, mal pəyəsini, 1 şum malasını, 1 suvuranını, 1 dəvəsini, 1 atını, 2 camışını, 2 inəyini, 4 öküzünü, 60 qoyununu, 10 keçisini yaşadığı evi, bir sözlə, nəyi varsa, əlindən alıb vermişdilər yeni qurulan kolxoza.

Soltan bəyin qapısında bir araba, bir ulaq, beş-altı qoyun-keçi qalmışdı. Bunun üçün də Allahına şükür edən Soltan Əkbərov əkin-biçinlə, qoyun-quzu saxlamaqla külfətini dolandırırdı. Bunu da gözü götürməyən bolşeviklər 1931-ci ildə başladılar təzədən Soltan Əkbərovun qapısını döyməyə ki, şura hökuməti qurulmamışdan əvvəl varlı olmusan, sən tutulmalısan. Onlar dəfələrlə yaşadığı mənzilə soxularaq - gəvə, kilim, yorğan-döşək, stol-stul, samovar, qab-qacaq... "evdə nə varsa, kolxoza təhvil verməlisən" adı ilə silib-süpürmüşdülər.

...1931-ci ildə Soltan Əkbərovu həbs etdilər. İstintaq-sorğu materiallarında NKVD müstəntiqinin suallarına cavabında Soltan bəyin əkin sahəsində işləyən kəndlilər etiraf edirlər ki, "bizi məcbur etməyiblər, işləyib haqqımızı almışıq", yeni hökumətin NKVD işçiləri isə "Yox, Soltan bəy, sən günahkarsan, cinayətkarsan - onları istismar etmisən...", - deyirdilər.

Beləliklə, respublika Xalq Daxili İşlər Komissarlığı Kürdəmir rayon şöbəsi tərəfindən toplanan istintaq materiallarına əsasən, bütün varidatı əlindən alındığına baxmayaraq, Soltan Mehdi oğlu Əkbərov əvvəllər mülkədar olduğuna, kolxoza və artelə üzv yazılmadığına, kolxoz quruculuğuna qarşı çıxdığına görə, 1931-ci ildən 1933-cü ilədək azadlıqdan məhrum edilərək sürgünə göndərilmişdi. Ailəsi, qohumları yerini-yurdunu da bilmirdilər.

Soltan Əkbərov sürgündə olanda həyat yoldaşı Tamam Baxış qızı böyük minnətlə birtəhər kolxoza üzv yazılmışdı. Axı, "xalq düşməni"nin ailəsi kolxoza, uşaqlarını məktəbə qoymurdular. Çoxuşaqlı ana Tamam Əkbərova bu qınağı bir az yumşaltmaq üçün altı azyaşlı uşağını damın altında qoyub gecə-gündüz kolxoz işində çalışır, fərqlənmək istəyirdi. 13 yaşlı Züleyxaya, 10 yaşlı Məmmədə, 9 yaşlı Qarakişiyə, 6 yaşlı Gövsərə, 3 yaşlı Gülxanıma evin böyük qızı 14 yaşlı Zeyvə baxırdı. Evin bütün qayğıları Zeyvənin öhdəsinə düşmüşdü. Qonum-qonşular Soltan bəyin ailəsi ilə münasibət saxlamağa qorxurdular. İstəyənlər də təsadüfdən-təsadüfə, axşamlar gəlib-gedirdilər. Tamam kolxozun işindən baş açan kimi balalarını başına yığıb həyətindəki dirriklə məşğul olur, toyuq-cücə, qoyun-keçi saxlayır, kimsənin minnətini götürməmək üçün min bir əzab-əziyyətə qatlaşaraq övladlarını böyüdürdü.

Haqsızlığa təkcə Soltan bəy yox, Eloba kəndində çoxları, o cümlədən yaxın qohumu Hacıbaba və Polad bəy də tuş gəlmişdi. Soltan Əkbərov sürgünə göndərilməmişdən bir neçə həftə qabaq eşitmişdi ki, kənddə babat dolanışığı olan, qapısında bir atı, beş-on qoyun-keçisi, bir inəyi olan çox adamın mal-qarasını əlindən alıb kolxoza veriblər. Bəzilərini səsvermə hüququndan məhrum etmiş, bir neçəsini də "kulak" adıyla qazamata salmışdılar.

El qınağı ağır olar, deyiblər. El bilirdi ki, Soltan bəy günahsızdı. El bilirdi ki, Soltan kişinin ailəsi o qınağa layiq deyil. El bilirdi ki... Ancaq nadanlar, nanəciblər, yediyi çörəyə kəm baxanlar, qisas arzusunda olanlar, ən nəhayət, bolşevik kommunistlər və komsomolçular bunun fərqinə varmırdılar. Elə buna görə də Soltan Əkbərov 1933-cü ildə sürgündən qayıdandan sonra kəndə, doğma ev-eşiyinə uyuşa bilmirdi. Gələndən kolxoza üzv də yazılmışdı, amma həyatla, özüylə bacara bilmirdi. Odur ki, hamıdan xəbərsiz qonşu kənddə özünə balaca bir həyətyanı sahə almışdı, yurd-yuva düzəltmişdi. Elə kəndə, evinə gizlin gəlib-getməyinin bir səbəbi də o idi ki, yaxın vaxtlarda ailəsini də götürüb sakitcə kənddən birdəfəlik çıxıb getsin.

Soltan Əkbərov haqsızlıqla barışa bilmirdi. Zəmanədən, üzüdönüklərdən inciyəndən elə-obaya qarışmışdı. Gündüzünü-gecəsini meşədə ovçuluq etməklə keçirirdi. Soltan bəy meşədə vəhşi heyvanlarla bir yerdə yaşamağı camaatın var-dövlətindən, kolxoz yaradan kommunistlərlə, komsomolçularla, satqın və simasızlarla bir yerdə yaşamaqdan üstün tuturdu.

Soltan bəyin qız nəvəsi, 63 yaşlı Səfalı Osmanov deyir ki, mən uşaq olanda böyüklərdən eşitmişdim ki, o vaxt ərki çatan yaxınlar babama təkidlə "A kişi, daşı ətəyindən tök, gəl, evində-eşiyində, ailənin içində yaşa" deyəndə o, "itlə, pişiklə bir yerdə yaşamağa razıyam, amma kommunistlə, komsomolçuyla yox, nadanla, namərdlə bir kənddə üz-üzə gəlməkdənsə, meşədə heyvanlarla yaşamaq mənə daha rahatdır" deyərmiş.

1937-ci il. Payızın orta ayı idi. Sanki ağaclar da Soltan bəydən üz döndərmişdi. Daş palıddan başqa meşədə barmaqla sayılası qədər yarpağı tökülməmiş ağac qalmışdı, meşə dizəcən saralmış otun və xəzəlin içində idi. Haradansa atlı gedəndə, mal-heyvan keçəndə aydınca görünürdü. Komsomolçular Soltan Əkbərovun gecələdiyi yeri elə xəbər vermişdilər ki, hökumət adamları nəhəng çəkil ağacının altında qarğıdan, qamışdan çatılmış, ağac şaxı ilə örtülmüş balaca koma "evi" tapmaqda heç bir çətinlik çəkmədilər.

Gecəni narahat yatan Soltan bəy atın fınxırtısına yuxudan hövlnak ayılıb çölə çıxanda gördü ki, əlisilahlı milis nəfərləri onu dörd tərəfdən mühasirəyə alıblar. Yaxınlıqdakı alça ağacına bağladığı atının yüyəni isə həmkəndlisi təzə kolxoz sədrinin əlindədir. Hökumət adamları Soltan bəyi dan söküləndə Gəgəli kəndinin yaxınlığındakı meşəlikdən çıxarıb atdöşü kənddəki kolxoz idarəsinin qabağına gətirdilər. Orada da qolunu qandallayıb üzü Kürdəmirə, rayon mərkəzinə tərəf aparanda kənd camaatı bir-birinə dəydi. Gəgəli kəndi məsafəcə Eloba kəndinə yaxın olduğundan Soltan bəyi burada da yaxşı tanıyırdılar. Bəd xəbər bir an içində Elobaya da çatdı. Ailəsi, qardaşları, qohum-əqrəba, bir sözlə, kənddə böyükdən kiçiyə hamı bildi ki, NKVD işçiləri Soltan bəyi tutub.

Soltan Mehdi oğlu Əkbərov barəsində 1937-ci il noyabrın 9-da başlanan cinayət işinə on bir gündən sonra, noyabrın 20-də yekun vuruldu. Komsomolçuların şahidlik ərizələrinə istinadən məhkəmə prosesində hətta o da "məlum oldu" ki, Soltan bəy guya əmiləri və digər yaxın qohumları ilə gizli danışığa girib kolxozun klubunu, ot tayasını yandırmağa cəhd göstərib. İfadəyə fikir verək: yandırmayıb ha, yandırmağa cəhd göstərib. Bunu komsomolçular bilib. Məhkəmədə Soltan bəyin işinə komsomolçu, bolşeviklərin yazdıqları yalan məlumatlar, cansız kağızlar "şahidlik" ediblər. Ot tayası niyə yanmayıb, klubda niyə yanğın olmayıb, bu təxribatın qarşısı necə alınıb - soruşan olmadı. Kommunistlərin və komsomolçuların arayışlarından o da "sübuta yetirilib" ki, Soltan bəy kolxoza nəzərdə tutulan miqdarda vergi ödəməkdən imtina edib, kənd camaatı arasında antisovet təbliğatı aparıb. Nəticədə beş nəfər kənd sakini kolxoz üzvlüyündən çıxıb, başqa-başqa kəndlərdə mövsümi işlərlə məşğul olub.

Əslində, bu adamlar kənddə hamının yaxşı tanıdığı bənna Əli, suvaqçı Məmməd, dülgər Əhməd, bıçaq-qayçı itiləyən Dəli Qəşəm, kənkan Əkbər və bu kimi sənət sahibi olan adamlar idi ki, kəndbəkənd gəzib ona-buna müəyyən işlər görür, kiminə hasar çəkir, kiminə ev tikir, kiminə pəyə qurur, kiminə qapı-pəncərə düzəldirdilər.

Beləliklə, komsomolçuların və "fəal" kolxoz üzvlərinin şahidliyi ilə keçən on günlük məhkəmə prosesində Soltan Əkbərov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi üçlüyünün 22 noyabr 1937-ci il tarixli qərarı ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə uzaq Sibirin şimal sərhədlərinə sürgün edildi.

O gündən "xalq düşməni" kimi tanınan Soltan Əkbərovun ailəsi, yaxınları uzun illər bilməyiblər ki, 50 yaşlı Soltan kişi haradadır, ölübmü, qalıbmı?! On il ailə başçısının ata gözləyən övladları, həyat yoldaşı 1947-ci ildən sonra aidiyyəti ünvanlara müraciətlər yazıb cavablar gözləyiblər. Övladlarının 1958-ci ildə respublika Dövlət Təhlükəsizliyi Komitəsinə müraciətindən sonra məlum olub ki, Soltan Mehdi oğlu Əkbərov Azərbaycan Respublikası XDİK-in xüsusi üçlüyünün, yuxarıda qeyd etdiyimiz 22 noyabr tarixli qərarına əsasən 29 noyabr 1937-ci ildə cəza müddətini başa vurduqdan sonra Azərbaycana qayıtmamaq şərtilə uzaq Sibirə sürgün olunubmuş. Eyni tarixli qərarla onun yaxın qohumları - Gəgəli kəndinin sakinləri Hacıbaba və Polad Cəbiyev qardaşları da "qolçomaq" adı ilə əmlakları müsadirə olunmaqla, həmin gecə Bakıda saat 24.10 dəqiqədə güllələnibmişlər.

1920-ci ildə rus imperiyasının XI qırmızı ordusu tərəfindən işğal olunan Azərbaycanda bu və bu kimi ailə faciələrinin yaranmasında, yaşanmasında yeni hökumətin özü maraqlı idi. Kimliyindən və nəçiliyindən asılı olmayaraq istədiyi tərəflər arasında qarşıdurma yaradır, hədə-qorxu, şantaj və terror yolu ilə əvvəl adamların var-dövlətini, sonra da güllələnməyə məhkum etməklə və ya uzaq Sibirin qarlı-şaxtalı meşələrində, Qazaxıstanın insan yaşayışı mümkün olmayan gedər-gəlməzlərində yaradılmış xüsusi ölüm düşərgələrinə sürgünə gönədrilməklə canını alırdı. Bununla da sovet hökuməti camaatın gözünün odunu alır, "məni bəyənməsən, səni bundan da betər edərəm ha!" hədəsi ilə yerdə qalanlara ismarıc göndərirdi.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.-20  fevral.- S. 7.