"EcoVision"
jurnalının Azərbaycan-Türkiyə
əlaqələrinə həsr
olunmuş növbəti
sayı nəşr edilib
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək və sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərin həllində yardımçı olmaq məqsədilə təsis etdiyi "EcoVision" jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalın bu sayı ötən ildə Azərbaycan-Türkiyə əlaqələrinə həsr olunub. Bununla bağlı təqdim olunan məqalədə iki qardaş ölkə arasında münasibətlərin müxtəlif tərəflərinə toxunulur, həmçinin bir sıra rəsmilər və mütəxəssislərlə, o cümlədən Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Nizami Cəfərov və Mustafa Kabakçı, hər iki ölkənin iş dairələri təşkilatlarını təmsil edən Rüfət Quliyev və Tuğrul Erkin, hər iki ölkənin siyasi elitasında təmsil olunmuş Vəfa Quluzadə və Hikmet Çetinlə müsahibələrdə əlaqələrimizin fərqli cəhətləri təhlil edilir.
Jurnalın bu sayında ölkə və dünya iqtisadiyyatı ilə bağlı məlumatlarla yanaşı, ATİB İdarə Heyətinin sədri Ahmet Erentok yazdığı məqalədə təşkilatın keçdiyi 6 illik yola qısa nəzər salmağa çalışır; biznes sahəsində uğur qazanmış iş adamı Ali Ağanın rabitə sektorunun böhrana davamlılığı məsələsinə də toxunduğu müsahibəsi oxucuların diqqətinə çatdırılır. Azərbaycanda rəqabətin səviyyəsi və təhsil sektoru ilə bağlı analitik yazılar, ölkə qanunvericiliyi ilə bağlı ən son yeniliklər də jurnalın bu sayında yer alır. Jurnalda ATİB-ə daxil olan biznes təklifləri və önümüzdəki dövrdə ölkəmizdə və regionda planlaşdırılan tədbirlər barədə məlumatlar da öz əksini tapır.
V.CƏFƏROV
Azərbaycan.- 2010.- 20 fevral.- S. 7.