Regionların sosial-iqtisadi
inkişafı yeni keyfiyyət mərhələsində
yüksək dinamizmlə davam edir
Azərbaycanın 2009-cu ildə sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, son illərdə müşahidə olunan dinamik inkişaf dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Sözsüz ki, bu uğurların həlledici amili Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla həyata keçirilən, elmi əsaslara söykənən iqtisadi islahatlar siyasətidir. İslahatların, dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanın bütün bölglərində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir infrastruktur formalaşır.
2009-u ildə qlobal böhrana, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz çətinlikləri uğurla dəf etməyə nail oldu. Bütün sosial proqramlar və layihələr fasiləsiz icra olunmuş, qarşıya qoyulmuş vəzifələr öz həllini tapdı. Dünyada davam edən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin hələ də əvvəlki tempini bərpa etməməsinə baxmayaraq, ötən il Azərbaycanda ümumi daxili məhsulun artımı 9,3 faiz təşkil etdi və ölkəmiz bu göstəriciyə görə dünya ölkələri arasında yenə də liderdir. Azərbaycan iqtisadiyyatının qlobal böhrana kifayət qədər dayanıqlılıq və dözümlülük nümayiş etdirməsi ilə yanaşı ÜDM-in artımında irəliləyişin əldə edilməsi dövlətimizin başçısının rəhbərliyi ilə son illər ərzində yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün oldu. Prezident İlham Əliyev ötən ilin yekunları barədə danışarkən deyib: "Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi".
Böhran ili olmasına baxmayaraq 2009-cu il Azərbaycanın regionlarının da sosial-iqtisadi inkişafında mühüm mərhələ oldu. Əvvəlki illərdə müşahidə olunan dinamiklik ötən il də qorunub saxlanıldı, respublikanın bölgələrinin yüksəlişinə hesablanmış bütün layihələr icra edildi. Azərbaycan Prezidentinin 2009-cu il ərzində bölgələrə səfərləri zamanı istifadəyə verilən yeni istehsal və xidmət sahələri, müxtəlif təyinatlı sosial obyektlər, infrastruktur layihələri regionlarda böyük əzmkarlıqla davam edən dinamik inkişafın əyani göstəricisidir. Xatırladaq ki, ötən il Prezident İlham Əliyev Gəncə, Mingəçevir şəhərlərinə, Naxçıvan Muxtar Respublikasına, Bərdə, Yevlax, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy rayonlarına və Şamaxı rayonlarına səfərlər edib. Regionların inkişafını xüsusi diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu səfərləri zamanı Xırdalan dairəsində tunel tipli yolötürücünün, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Bərdədə Müalicə-Diaqnostika Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin, musiqi məktəbinin binasının, Yevlax şəhərində uşaq xəstəxanasının, xalq teatrı binasının, şahmat məktəbinin, "EL-TV" regional televiziya şirkətinin, Mingəçevirdə Heydər Əliyev muzeyinin, "River side" mehmanxanasının, Gəncədə Polis İdarəsinin yeni inzibati binasının, Daxili Qoşunların "N" saylı hərbi hissəsində zabit yataqxanasının, Göygöldə mədəniyyət və istirahət parkının, Göygöl rayon mərkəzi xəstəxanasının, Şəmkir olimpiya idman kompleksinin açılışlarında iştirak edib. Bunlardan başqa Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun, şahmat mərkəzinin, doğum mərkəzinin, Naxçıvan-Sədərək avtomobil yolunun, Şərur Olimpiya-İdman Kompleksinin, Şahbuzda mərkəzi xəstəxananın yeni binasının, Hacıqabulda uşaq tibb mərkəzinin, kərpic zavodunun, İsmayıllıda Heydər Əliyev Mərkəzinin, olimpiya-idman kompleksinin, Ağsuda Heydər Əliyev Mərkəzinin, Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının, Qəhrəmanlar parkının, Sumqayıtda elektrik stansiyasının, Ucar-Yevlax avtomobil yolunun, Goranboyda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin, "Goranboy" hotelinin, Bakı-Şamaxı avtomobil yolunun, Şamaxıda Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının, müalicə-diaqnostika mərkəzinin, "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılışı olub. Yeni istifadəyə verilən müəssisələrin və digər obyektlərin sırasına paytaxt Bakını da əlavə etsək daha böyük inkişaf mənzərəsinin şahidi olarıq.
Azərbaycan Prezidenti 2010-cu ildə regionlara səfərinə Nizami yurdu Gəncədən başladı. Azərbaycanın qədim şəhərlərindən olan Gəncə son illərdə sürətlə inkişaf edib, qədim çalarlar qorunmaqla şəhərin siması müasirləşib. Hələ 2004-cü ildə cənab Prezident Gəncəyə səfəri zamanı deyib: "Gəncə də mənim üçün çox əziz, doğma şəhərdir. Mən burada dəfələrlə olmuşam. Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın".
Ötən illər təsdiq edir ki, dövlətimizin başçısının bu fikri real həyatda öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin son 6 ildə Gəncəyə 10 dəfə səfər etməsi dövlət başçısının şəhərin inkişafına xüsusi diqqətinin təcəssümüdür. Dövlət başçısının hər səfəri isə Gəncənin həyatında əlamətdar hadisələrlə yadda qalıb. Gəncə Beynəlxalq Hava Limanının, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun, üzgüçülük hovuzunun, "Jardin Royal" şokolad fabrikinin, müalicə-diaqnostika mərkəzinin istifadəyə verilməsi son illərdə Gəncənin inkişafına, sakinlərin rahatlığına, sosial rifahlrarının yüksəldilməsinə böyük töhfələrdir.
Dövlət başçısı Gəncənin qədim tarixinə, memarlıq və dini abidələrin bərpa edilməsinə, burada fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərin - Nizaminin, Cavad xanın adının uca tutulmasına da daim böyük ehtiramla yanaşıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncənin qədim rəmzi yenidən gerb olaraq bərpa olunub. Nizaminin məqbərəsi üzərindəki kompleksdə, eləcə də şəhərdəki digər məscid və ziyarətgahlarda təmir, yenidənqurma işləri aparılıb.
Fevralın 11-də Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı "Ramada Plaza" mehmanxanasının açılışında iştirak etdi. Xatırladaq ki, dövlət başçısı Gəncəyə əvvəlki səfərlərində mehmanxananın tikintisi ilə tanış olmuşdu. Dünyanın ən inkişaf etmiş ölkələrindəki otellərdən geri qalmayan belə bir mehmanxananın Gəncədə fəaliyyətə başlaması çox önəmlidir. Çünki Gəncə son illərdə sürətli inkişaf yoluna qədəm qoyub və ona görə şəhərin xidmət infrastrukturunda belə bir otelin olması mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Gəncədən sonra Ağdaş və Göyçay rayonlarına səfərləri də regionların sosial-iqtisadi inkişafına töhfə verən bir sıra obyektlərin açılışı və təməlinin qoyulması ilə əlamətdar oldu. Hər iki rayonda istifadəyə verilən olimpiya idman kompleksləri bölgədə idmanın inkişafına yeni təkan verəcək. Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər isə əhalinin su ilə təchizatında mühüm rol oynayacaq. Bu layihə çərçivəsində Ağdaş şəhərində yeni su xəttinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib k, respublikamızda əhalinin təmiz içməli suya olan tələbatını ödəmək üçün böyük işlər görülür və müxtəlif layihələr icra olunur.
Ağdaşda təməli qoyulan mərkəzi rayon xəstəxanasının yeni binası ölkəmizdə səhiyyə sektorunda görülən işlərin davamıdır. Xəstəxananın istifadəyə verilməsindən sonra rayonda əhaliyə tibbi xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.
Azərbaycanda son illərdə diqqət yetirilən sahələrdən biri də əhalini və istehlak sahələrini fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə son illərdə bir neçə modul tipli elektrik stansiyası istifadəyə verilib, mövcud stansiyalarda rekonstruksiya işləri aparılıb, gücləri artırılıb. Prezident İlham Əliyevin iştirakı ilə Ağdaşda təməli qoyulan regional elektrik yarımstansiyası və Göyçayda təməli qoyulan "Göyçay-1" Su Elektrik Stansiyası işə düşdükdən sonra ölkədə istehsal olunan elektrik enerjisinin həcmi bir qədər də artacaq.
Prezident İlham Əliyevin Gəncə şəhərinə, Ağdaş və Göyçay rayonlarına səfərləri bir daha təsdiq etdi ki, regionların sosial-iqtisadi inkişafı yeni keyfiyyət mərhələsində yüksək dinamizmlə davam edir. Dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi siyasət və regional inkişaf prioritetləri 2010-cu ildə də respublikanın bütün bölgələrinin davamlı inkişafını təmin edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 21 fevral.- S. 1.