Milli varlığın əks-sədası

 

1999-cu ildə YUNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında verdiyi qərar 11 ildir ki, qeyd olunur. Dünyanın ana dili uğrunda mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur.

Bu faktdır ki, Azərbaycan dili öz şirinliyini ilk növbədə anamızın laylalarından alıb. Hələ körpəlikdən sözün nə olduğunu bilmədiyimiz çağlarda qulağımızı oxşayan səsin ahəngindəki qeyri-adi şirinlik ruhumuza axaraq bütün varlığımıza hopur. Bəlkə də buna görədir ki, insanlar arasında ünsiyyət yaradan bu vasitəyə Ana dili deyirik. Elə qucağında böyüdüyümüz, boya-başa çatdığımız, daşına, qayasına, torpağına vurğun kəsildiyimiz, yolunda hər cür fədakarlığa hazır olduğumuz məmləkətimizə də Ana Vətən deyirik. Anaya məhəbbət dilə münasibəti formalaşdırır, dilə münasibət isə Vətən sevgisi deməkdir. Gərəkdir ki, hər kəs öz doğma dilində mükəmməl və səlis danışmağı bacarsın. Bu tamam ayrı məsələdir k, insan nə qədər çox dil bilsə, bir o qədər də yaxşıdır.

Hər bir dilin gözəlliyi və özünəməxsusluğu var. Bunu heç kim inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin şirinliyini, cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı özlərinə ar bilirdilər. Hətta elə bir məqam yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, iş yerlərində özgə dildə danışmağa üstünlük verilirdi. Sovet quruluşunun sərt rejimi bir sıra məmurlar arasında ana dilinə qarşı ögey münasibət yaratmışdı. O ziddiyyətli dövrdə Azərbaycanın şair və yazıçıları dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi, bir sözlə varlığı qorunub saxlandı.

Ardı 3-cü səh.

Əlbəttə, bizim milli varlığımızın əks-sədası ilk növbədə, ana dilimizdir. Vaxtilə onun başının üstünü almış təhlükəni millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona əbədi həyat verən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük rol oynamışdır. Dilin inkişafı ilə bağlı unudulmaz şəxsiyyətin müntəzəm olaraq verdiyi fərman, imzaladığı sərəncamlarda, eləcə də tövsiyələrində, çıxış və məruzələrində bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. Sovet dövründə qəbul edilmiş Konstitusiyada dilimizlə bağlı ayrıca bir maddə də var idi.

Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında çatmaq istədikləri arzuları reallığa çevirən Heydər Əliyev oldu. Sovet dövründə Şüvəlanda yazıçıların yaradıcılıq evində qələm sahibləri ilə olan görüşündə Heydər Əliyev çox cəsarətlə, milli təəssübkeşliklə belə bir cümlə işlətmişdi: "Sizə nə olub? Niyə doğma dilinizdə danışmırsınız?" Əlbəttə, cəmiyyətə ünvanlanan bu mesajın məna çaları çoxdur. Heydər Əliyevin Azərbaycan yazıçılarını ana dili uğrunda mübarizəyə səsləməsi bütün vətəndaşların diqqətini bu yönə çəkmək idi.

Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan dilinin tədqiqi və işlədilməsi ilə bağlı müxtəlif tədbirlər görüldü. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanda göstərilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilmək üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır".

Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb bir yol keçmişdir. Biz dəfələrlə qəzetimizdə ana dili ilə bağlı müxtəlif problemlərə toxunmuş, dilimizə xələl gətirmiş nöqsanları göstərmiş, alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Unutmaq olmaz ki, dilimiz çox zəngindir, hər sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə də danışıqda məntiqli olmaq, sözü düzgün ifadə etmək lazımdır.

"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun respublikamızda tətbiq edilməsi barədə 2003-cü il tarixdə fərman imzalandı. Konstitusiyamıza uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlandı. Bir daha həm öz vətəndaşlarımıza, həm də respublikamızda müəyyən işlər görən xarici iş adamlarına bəyan edildi ki, Azərbaycan dili ölkənin siyasi, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməlidir. Bununla bərabər, onun qorunması və inkişafı da əsas məsələlərdən biridir.

Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında (2001-ci il) dəyərli nitq söyləyən ümummilli lider Heydər Əliyev planetin müxtəlif guşələrindən paytaxtımıza toplaşmış soydaşlarımıza üz tutaraq bir məsələni dəfələrlə vurğulayırdı ki, hər bir azərbaycanlı öz ana dilində təmiz danışmağa, həm də onu qorumağa borcludur. Unudulmaz Heydər Əliyevin bütün salonu riqqətə gətirən sözləri indi də beynimizdən çəkilmir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". Təbii ki, bu, adicə arzu, tapşırıq deyil. Böyük bir şəxsiyyətin, dahi bir insanın, hər birimizin boynunda haqqı olan ulu öndərin bizim üçün, dilimizin gələcəyi üçün verdiyi müdrik proqramdır. Bu proqramın bəndi pozulanda dilin səlisliyi itir, məntiqi dağılır, gülünc vəziyyət yaranır.

"Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunun 6-cı maddəsinin 2-ci bəndində oxuyuruq: "Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır". Sözsüz ki, qanunun bu tələbindən sonra dilin qorunması ilə bağlı televiziya verilişlərində, xüsusilə, özəl kanallarda müəyyən normalara, Azərbaycan dilinin qramatik qayda və qanunlarına mütləq əməl edilməlidir. Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə ovqat, xoşagəlməyən məqamlar illərdir ki, davam etməkdədir. Çox halda dilimizin saflığını pozanlar məhz onun keşiyində dayanmalı insanların özləri olurlar. Xüsusilə də, bu məsələdə bir sıra televiziya aparıcılarının, qəzet redaktorlarının, müxbirlərin günahı çoxdur. Aparıcının dilindən qopan ifadənin mənasını tapmaq üçün lüğət belə kömək edə bilmir. Özəl teleradiokanallar bu məsələyə daha çox diqqət verməlidirlər. Azərbaycan dilində mükəmməl danışa bilməyən, aparıcılıqdan çox uzaq kəslər şit, duzsuz danışıqları, yersiz zarafatları ilə tamaşaçını bezdirməkdə davam edirlər. Müxtəlif ləhcələr, şivələr, teleməkana hücumunu dayandırmayıb. Bəzən də müxtəlif dillərdən gəlmə ifadələr apacının dilində o qədər lövbər salır ki, nəticədə qeyri-normal bir veriliş təqdim olunur. Bir məsələni anlamaq olmur ki, uzun müddət Azərbaycan mədəniyyətində izi olan bəzi insanlar, xüsusilə də, xalq artisti adına layiq görülmüş sənətçilər, məşhur rejissorlar televiziya verilişlərində həmişə rusca danışırlar. Aparıcı onlara Azərbaycan dilində müraciət etsə də, cavab mütləq rusca olur. Anlaya bilmirik ki, 70 yaşına çatmış bu sənətkarlar Azərbaycanca mahnı oxuyur, teatra rejissorluq edə bilirlər, amma Azərbaycan dilində danışmırlar. Evində hər kəs hansı dildə danışırsa, özü bilər. Amma teleməkanda dövlət dilinin tələblərinə Azərbaycan vətəndaşının əməl etməsi çox vacibdir. Adicə xarici bir ölkəyə səfər edəndə hər kəs çalışır ki, getdiyi məmləkətin dövlət dilində "salam-sağol"u öyrənsin. Bu qonağı olduğun ölkənin rəsmi dilinə göstərdiyin sayğıdır. Bəs vətəndaş olaraq öz ölkəsində dövlət dilində danışmağa bu laqeydlik nə deməkdir?

Hələ də vəzifə başında olan məmurlarımızın bir çoxu ana dilimizdə danışa bilmir, sözü təhrif edərək onu mənasından çıxarıb başqa səmtə çəkir. Məsələn, mütəxəssisə "mütəhəssis", xaricə "haric", xahişə "haiş", qabında olsuna "qabığında olsun", müsahibəyə "müsabiqə", yaylım atəşinə, "yayılan atəş", qəlbə "gəlb", təvazökara "təcavüzkar" (və yaxud da əksinə), xəstəyə "həstə"E deyənlər var.

Son illər gənc yazarların, xüsusilə də, özlərini şair adlandıranların dilində həddən artıq şit, mənası anlaşılmayan sözlər bol-bol işlədilir. Bəzən də elə insanlara efirdə vaxt ayrılır, onun "yaradıcılıq gecəsi" keçirilir ki, təqdim olunan bütün cızma-qaralarda dilin başına xoşagəlməz oyunlar açılır. Bəzən də qafiyə xatirinə yerinə düşməyən sözlər yan-yana düzülür. Dilə elə zərbə vurulur, sitəm edilir ki, eşitdiyin ifadələrə inanmaq istəmirsən. Məsələn, cavan bir qızın şeirindən: "Hardasan mən sənə yerikləyirəm". Heç cür bu bioloji terminin lirik şeirdə işlənməsini anlamaq olmur və yaxud da teleaparıcı söyləyir: "kafeda baş verən partlayış kafenin zirzəmisində baş verib. Baş verən partlayışın baş verməsinə səbəb..." Bu nə cümlə quruluşudur? Məgər Azərbaycan dilinin sinonimləri, antonimləri yoxdur? Sadəcə olaraq naşı, savadsız insanlara efir və ekran tapşıranda belə biabırçılıqlar yaranır.

Sürətlə danışmaq, qışqırmaq, açıq-saçıq ifadələr işlətmək, gurultulu hay-küy qoparmaq... Bu, müasirlik deyil, həm dilin evini yıxmaqdır, həm də tamaşaçının zövqünü korlayaraq əsəblərinə toxunmaqdır. Bu gün Azərbaycan teleməkanında maarifçiliyə xidmət edən verilişlər çox azdır. Bəzən özəl telekanalların ekranı bir-birinə o qədər bənzəyir ki, düşünürsən, bir müğənnidən neçə nüsxə var? Hansı kanalı açırsan, onun əcaib formasını, şit danışığını, yöndəmsiz hərəkətlərini görürsən. Qadının - özünü sənətkar adlandıran bu zərif məxluqun ekrandakı çığırtısına, hərcayi danışığına, ləhcəsinə, bir sözlə, abır pərdəsindən çıxmasına efir məkanında necə yol verilir? Məgər efir söyüş və dava-dalaş meydanıdır? Ədəb-ərkan hara getdi?

Niyə indiyə qədər teleməkanların birində Azərbaycan dilinin gözəlliyi ilə bağlı sanballı bir veriliş hazırlanmayıb?

Qəzetdə dəfələrlə şəhərimizdəki reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin adları ilə bağlı müxtəlif qüsurların olduğunu yazmışıq. Amma hələ də heç nə dəyişməyib. Dəyirman bildiyini etməkdədir. Hərdən elə reklama rast gəlinir ki, mənası anlaşılmır. Bəzi mağaza və dükan adları lap əcaibdir. Fasadlara vurulmuş reklamlara, adlara nəzər salanda, hansı ölkədə olduğunu anlaya bilmirsən. Bakıda onlarla şadlıq sarayı var. Əksəriyyətinin də adı bizim dildə deyil. Niyə? Məgər orda ancaq xarici ölkədən gələn müsafirlər şənlənir, toy edir, ziyafət verir və yaxud da dincəlirlər? Məsələn, "Mona Liza", "Madonna", "Neapol", "Neolit", "Lido","Kleopatra", "Flaminqo", "Prins", "İmperator", "Kral", "Niaqara", "İmperial"E kimi yad isimlərdə şadlıq sarayları quranlar məgər Azərbaycan dilində uyğun ad tapa bilməzdilər?

Hansısa bir ölkə ilə qardaşlıq və əməkdaşlıq naminə hansısa bir şəhərin, məşhur şəxsiyyətin, dağın, dənizin, şəlalənin adını nəyəsə vermək olar. Bu o qədər də pis səslənmir. Amma daha "Kral", "İmperator", "Madonna" axtarmağa gərək yoxdur. Özümüzün müraciət etməli adlarımız, tarixi şəxsiyyətlərimiz, şəhərlərimiz, milli düşüncəni əks etdirən maraqlı ifadələr azdır?!

İtirilmiş torpaqlarımızın adlarının da şadlıq saraylarına, restoranlara, mağazalara verilməsinin tərəfdarı deyilik. Təsəvvür edin ki, yurdumuzun dilbər guşəsi Şuşa yağı tapdağında tar-mar olub. Soydaşlarımız Şuşadan didərgin düşərək yurd həsrətindən saralırlar. "Şuşa" restoranında isə gecə-gündüz atılıb-düşürlər. "Xudafərin", "Xarı bülbül", "Xan qızı" (istər-istəməz Natəvan yada düşür), "Laçın" və digər bu kimi adların restoranlara verilməsi də xoşagəlmir. Ad tarixdir, məqamdır, onu da qorumaq gərəkdir.

Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə ana dili ilə bağlı imzaladığı fərmanda yazılır ki, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsidir. Deməli, yenə də bütün fikirlər dilin üzərində cəmləşir. Ana laylasından rişələnmiş dilimizin saflığını qorumaq hər birimizin vətəndaşlıq borcubdur. Həm də hər bir ad millətin düşüncə tərzindən, təfəkküründən, ətrafa münasibətindən, mənəvi aləmindən xəbər verməlidir. Nahaq yerə deməyiblər ki, adlarda tarix yaşayır. Gələcək tarix isə bu gün yazılır. Təsəvvür edin ki, yüz ildən sonra tədqiqatçılar Bakıda olan tikililər və onların adları haqqında araşdırmalar aparır. Nəticə nə olar? Bu mənada dilimiz uğrunda mübarizə onun saflığı naminə çalışmaqdan ibarətdir. Dilə münasibət Vətən sevgisidir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-21  fevral.- S. 1, 3.