Beynəlxalq hüquq normaları
danışıqlar prosesində Azərbaycanın
üstün mövqeyini təmin edir
Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik.
Beynəlxalq ictimaiyyət bu vəziyyətlə razılaşmamalıdır. Əlbəttə, biz ümid edirik ki, beynəlxalq birliyin birgə səyi imkan verəcək ki, bu problem həll olunsun.
Azərbaycan Prezidenti İlham Əliyevin AŞ
PA-nın 2004-cü il yaz sessiyasının iclasındakı
çıxışından
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi ciddiliklə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 22 il ötür. Erməni millətçilərinin azərbaycanlılara və türklərə qarşı iki yüz ildən artıq müddətdə həyata keçirdikləri mənfur siyasətin məntiqi nəticəsi olan bu münaqişənin əsas məqsədi ilk gündən azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, ən çirkin üsul və vasitələrdən istifadə edilmişdir. Azərbaycan xalqının tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələri, toponimləri erməni tarixçiləri və "ideoloqlarının" təcavüzünə məruz qalmışdır.
Erməni vandalizminin tarixi
kökləri
Tarixən başqa dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "milli-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsi prosesinə başlanılmışdır. Beləliklə, soyqırımı və terror Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmiş, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər, - orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, - öz havadarlarının himayəsı altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar.
Belə süni ərazi bölgüsü ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdur. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil etmişdir. "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşlar. 1918-ci ilin 18 martında əzəli Azərbaycan torpaqlarında "Ararat respublikası", sonra isə Ermənistan dövləti yaradılmışdır. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır. Həmin günlərdə ermənilər 30 mindən artıq dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədlərı üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsı siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusı qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.
Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvı təcavüz kampaniyasına başlamışlar. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratmaq məqsədinə yönəlmişdir. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdir.
Hələ respublikaya rəhbərliyinin birinci dövründə ermənilərin məkrli planlarının qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başlamışdır. A.Aqanbekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində cəfəng iddia ilə çıxış edərək demişdir ki, "mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynamışdır.
1988-ci ilin yanvar ayınadək Dağlıq
Qarabağ münaqişəsinin yeni mərhələsinin
startı üçün bütün hazırlıq
yekunlaşmış, Heydər Əliyevin İttifaq rəhbərliyindən
uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin
xeyrinə dəyişən balans problemin həllində
Moskvanın birbaşa olaraq ermənipərəst
mövqe tutacağını şərtləndirmişdir.
Sonrakı mərhələdə isə Ermənistandan xalq
deputatları qismində vilayətə gələn
emissarların təşkilatçılığı ilə
fevralın 13-də Xankəndidə ilk nümayiş
keçirilmişdir. Fevralın 20-də
çağırılan vilayətin Xalq Deputatları Sovetinin
fövqəladə iclasında gündəliyə yalnız
bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi
ilə bağlı təklif müzakirəyə
çıxarılmış və antikonstitusion qərar qəbul
edilmişdir. Belə bir qeyri-konstitusion qərarın verilməsi,
eləcə də SSRİ rəhbərliyinin bu vilayəti
Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmağa çalışması ilə
Azərbaycan zorən hərbi münaqişəyə cəlb
edilmişdir.
Təcavüzkar separatizmin bariz
nümunəsi
Ermənistanın 1987-1988-ci illərdə Azərbaycanın tarixi Dağlıq Qarabağ torpağına başlanan əsassız ərazi iddiası - separatçı hərəkətləri beynəlxalq hüquq və normalarına, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə tamamilə ziddir. Beynəlxalq hüququn əsas normalarından biri də təcavüzkarlığa yol verməmək, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipidir. BMT-nin 1993-cü il tarixli London konfransında verilən izaha əsasən, "Münaqişədə səbəbindən asılı olmayaraq, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş tərəf təcavüzkar hesab edilir". Beynəlxalq hüququn digər normaları, eləcə də dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipi Ermənistan tərəfindən kobudcasına pozulmuşdur. Bu prinsip beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq, onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur. Ərazi bütövlüyü pozulan və təcavüzə məruz qalan dövlətin isə təcavüzkarlıq əməlindən fərdi və ya kollektiv özünümüdafiə hüququ vardır. Azərbaycanın Dağlıq Qarabağ ərazisindən savayı, daha 7 rayonunun işğal edilməsi Ermənistanın təcavüzkarlıq məqsədini bir daha nümayiş etdirir.
Müasir beynəlxalq hüquqda dövlət sərhədlərinin toxunulmazlığı prinsipi də dünya dövlətlərinin təhlükəsizliyini təmin etməyin ən mühüm əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və ikitərəfli sənədlərdə əksini tapmış, onun əsas məzmunu üç mühüm elementdə cəmlənmişdir: mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı ərazi iddialarından imtina etmək; sərhədlərin pozulması və ya zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək.
ATƏT-in 1975-ci il avqustun 1-də imzalanmış yekun sənədini Avropanın 33 dövləti, o cümlədən ABŞ və Kanada da təsdiqləmişdir. Bu prinsip eyni zamanda, hər hansı suveren dövlətin öz sərhədlərinə nəzarət etməsini və onun pozulmasına qarşı tədbirlər görməsini nəzərdə tutur. Sərhədlərin pozulmazlığı və toxunulmazlığı prinsipi bütün qitələrə və dövlətlərə aid olmaqla, BMT Nizamnaməsinin qəbul edilməsi ilə təsbit olunmuş və inkişaf etdirilmişdir. Hansısa dövlətin ərazisi zor tətbiq etməklə hərbi təcavüz obyekti ola bilməz. BMT Nizamnaməsinə və ATƏT prinsiplərinə görə, iştirakçı dövlətlər bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Azərbaycan dövləti bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edir və özünə qarşı da məhz bu cür sivil münasibəti tələb edir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə işğal yolu ilə Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz zona formalaşdırması regionda və Avropada sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, separatçılıq fəaliyyətinin "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək" arzusu kimi qələmə verməsi tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. SSRİ-nin dağılmasından sonra bir sıra postsovet respublikalarında baş qaldıran münaqişələrin kökündə məhz eyni amil - terrorçuluğun başlıca səbəblərindən biri olan təcavüzkar separatizm dayanır. "...Gürcüstan, Moldova və Azərbaycan ərazilərində separatizmlə bağlı baş vermiş proseslərin mənşəyi, dinamikası və nəticəsi eynidir. Etnik təmizləmə siyasəti ilə müşayiət olunmuş təcavüzkar separatizm ölkələrimizin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmışdır", - deyə cənab İlham Əliyev qətiyyətlə vurğulayır.
"Öz müqəddəratını təyinetmə"
iddiası ərazi bütövlüyünü
poza bilməz
Separatçı rejimlər bu və digər vasitələrlə, xarici dəstək faktoru ilə qeyri-qanuni şəkildə nəzarət altında saxladıqları ərazilərdəki fəaliyyətlərini "pərdələmək" üçün hər zaman beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışırlar. Ermənistan tərəfi də belə bəhanələrlə çıxış edir ki, guya millətlərin öz müqəddəratını təyin etmək hüququ dövlətin ərazi bütövlüyündən daha öndə dayanır. Beynəlxalq hüquqi nöqteyi-nəzərindən, millətlərin öz müqəddəratını təyin etmək hüququnun bu cür bəsit şərhi ciddi qanuni maneələrə dirənir. Nə hüquq nəzəriyyəsində, nə hansısa dövlətin milli qanunvericiliyində, nə də beynəlxalq hüquqi sənədlərdə göstərilmir ki, "hər bir millət dövlətdir" düsturu hər hansı dövlətin çoxetniklik təcrübəsinə qələbə çala bilər. Daha dəqiqi, öz müqəddəratını təyin etmək prinsipi etnik qruplar üçün, hər şeydən əvvəl, daha geniş ictimai-siyasi prosesdə iştirak etmək hüququ deməkdir. Separatçılar üçün öz müqəddəratını təyin etmək prinsipi hər zaman ümumi dövlətdən qopma kimi destruktiv mahiyyət kəsb etmişdir.
Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra separatizm postsovet məkanında inanılmaz dərəcədə siyasətin aparıcı amilinə çevrilmiş, bəzi hallarda hətta "milli-azadlıq hərəkatı" kimi qondarma və saxta məzmun almışdır. Bəzən separatçı hərəkatların nəticələrinin təhlili zamanı nəzərə alınmır ki, SSRİ-nin dezinteqrasiyası kifayət qədər kortəbii baş versə də, bunu dünya birliyi etmişdi. Yəni, belə bir konsensusa nail olunmuşdu ki, bu, etnik birliklərin öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək cəhdlərinin nəticəsi yox, keçmiş ittifaq respublikalarının öz müstəqilliklərini bərpa etmələrinin tarixi qanunauyğun prosesidir. Respublikaların ittifaqdan ayrılması bütün tərəflərin razılığı əsasında baş vermiş, bu halda, etnik icmalar yox, çoxmillətli dövlətlər öz müqəddəratını təyin etmişlər. Bu zaman erməni milləti də öz müqəddəratını təyin edərək müstəqil Ermənistan dövlətini yaratmışdır.
Milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti də bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan Dağlıq Qarabağdakı separatçı erməni rejiminin belə bir iddia ilə çıxış etməsinin hüquqi və siyasi əsasları yoxdur. Azərbaycan Prezidenti haqlı olaraq bildirir ki, ayrı-ayrı dövlətlərin ərazisində yaşayan ermənilər öz müqəddəratlarını təyin etmək niyyətinə düşsələr, bu halda dünyanın hazırkı siyasi xəritəsindən əsər-əlamət qalmaz. "Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək" hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə "öz müqəddəratlarını təyin etməyə" başladıqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir", - deyən cənab İlham Əliyev hesab edir ki, hər bir millət öz müqəddəratını təyin etmək hüququndan ancaq bir dəfə, həm də konkret ərazi hüdudlarında istifadə edə bilər. Ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında "təyin etməklə" Ermənistan Respublikasını yaratmışlar və Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verilməyəcəkdir.
Beynəlxalq normalara görə, öz müqəddəratını təyinetmənin subyekti milli azlıq deyil, xalq və millətdir. Bu baxımdan dövlət ərazisində yaşayan xalq bütövlükdə müqəddəratını təyin etmək hüququna malikdir. Dağlıq Qarabağda yaşayan ermənilər milli azlıq olduqlarına görə onların müqəddəratlarını təyin etmək hüququ yoxdur. Yalnız xalqın iradəsi ilə dövlət ərazisinin mənsubiyyətinin dəyişdirilməsi prosesi həyata keçirilə bilər. Azərbaycan dövlət müstəqilliyini əldə etməklə xalqın yaşadığı ərazi məsələsini də birmənalı şəkildə həll etmişdir. Həmin ərazi müstəqil Azərbaycan dövlətinin ərazi statusunu almışdır. SSRİ-nin dövlət kimi tənəzzülə uğraması Azərbaycan dövlətinin ərazisinin dəyişdirilməsinə səbəb ola bilməz. Çünki "Dövlətlərin müqavilələrə münasibətdə hüquq varisliyi haqqında" 23 avqust 1978-ci il tarixli Vyana Konvensiyasına əsasən, dövlətlərin hüquq varisliyi müqavilələrlə müəyyən edilmiş sərhədlərə toxunmur. Yəni, dövlətlərin müqavilələrlə müəyyən edilmiş sərhədləri hüquq varisliyinin həyata keçirilməsinə əsasən dəyişdirilmir. Sərhədlərin dəyişdirilməsi yalnız dövlətlər arasında yeni müqavilələrin bağlanması yolu ilə həyata keçirilə bilər. Azərbaycan ərazisində yaşayan milli azlıqlar müqəddəratı təyin etmək hüququnun subyekti olmadığına görə onların iradəsi Azərbaycan dövləti ərazisinin dəyişdirilməsi üçün əsas ola bilməz.
ATƏT-in 1995-ci il iyulun 4-8-də Vyanada keçirilmiş sessiyasında qəbul edilmiş sənədlərdə göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitədir; kollektiv şəkildə dinc və demokratik inkişaf deməkdir; ayrılmaq hüququ mütləq hüquq demək deyildir; hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ başqa xalqların hüquqları ilə tarazlaşdırılmalıdır; bu prosesdə zorakılıq yolverilməzdir. Yəni, öz müqəddəratını təyin etmək istəyi qətiyyən suveren dövlətin ərazi bütövlüyünün separatçılıqla parçalanması üçün əsas ola bilməz. Bu sənədlərdə həmçinin göstərilir ki, öz müqəddəratını təyinetmə prosesi konkret statusa nail olmağa doğru gedə bilər.
Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil etmişlər. Eyni zamanda bu müxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşamışlar. Belə olan halda həmin ərazidə yalnız ermənilərin öz müqəddəratını təyin etmək kimi iddia ilə çıxış etməsi yolverilməzdir. Azərbaycan Prezidenti bu reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır. Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi ən yüksək muxtariyyət statusu münaqişənin həllinin ən optimal yoludur və gec-tez separatçı rejimin havadarı olan Ermənistan bu reallıqla barışmalı olacaqdır.
Təcavüzkar tərəf münaqişələrin
dinc yolla həlli prinsipini də pozur
Beynəlxalq mübahisələri sülh yolu ilə, heç bir təhdidsiz və zor işlətmədən həlli müasir beynəlxalq hüququn mühüm prinsiplərindən birinə çevrilmişdir. Beynəlxalq mübahisələrin həlli üçün müharibə və digər zor vasitələrinə müraciət etmək isə hüquqazidd hərəkətdir. BMT Nizamnaməsinə əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik beynəlxalq mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün qorxu törətmədən, tərəflərin və üçüncü dövlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi "Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"də əksini tapmışdır.
Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım bu dinc vasitələri kobudcasına pozmağa, beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə əsaslanır. Ermənistan tərəfi indiyə kimi münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir real addım atmamış, bu istiqamətdə görüntü, imitasiya yaratmağa çalışmışdır. Halbuki BMT Nizamnaməsinin 38-ci maddəsinə əsasən, hər hansı münaqişədə qarşıduran tərəflər mübahisəni danışıqlar, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə əməliyyatları və s. müraciət yolu ilə və ya özlərinin seçdikləri başqa dinc vasitələrlə həll etməlidirlər. Göründüyü kimi, BMT Nizamnaməsi hətta dinc vasitələrin seçilməsində belə dövlətlərə məhdudiyyət qoymur, bunun üçün tərəflərə istədikləri dinc vasitəni seçmək hüququ verir.
Ümumiyyətlə, bir çox beynəlxalq təşkilatların indiyədək qəbul etdiyi qərarlar da Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, işğalçı dövlət olduğunu təsdiqləyir. Azərbaycan ərazilərinin etnik separatizm zəminində işğalı faktının ilk hüquqi təsdiqi kimi dünyada sülh və təhlükəsizliyin təminatçısı qismində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. Eləcə də 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsi də rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. Məlumat üçün vurğulayaq ki, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə edir. Eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir.
Avropa Şurası, ATƏT, İKT, Avropa Birliyi və digər dövlətlər də münaqişənin məhz ərazi bütövlüyü çərçivəsində həlli vacibliyini diqqətə çəkmiş, Ermənistanın işğalçılıq siyasətini pisləmişlər. Görünür, elə bunun nəticəsidir ki, Ermənistan müəyyən reallıqlarla barışmaq məcburiyyətində qalmışdır.
Ermənistan 2008-ci ildə hüquqi
öhdəlik götürməyə məcbur olub
Son 2 ili, xüsusən 2009-cu ili ümumən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar baxımından uğurlu saymaq olar. 2008-2009-cu illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində canlanma müşahidə olunur və bunu inkar etmək mümkün deyil. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi - həmsədrlərin iştirakı ilə xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər prosesin ciddi şəkildə irəlilədiyini deməyə əsas verir.
Hələ 2008-ci ilin payızında Moskvada keçirilən görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə birgə bəyannamə imzalaması danışıqlar prosesini intensivləşdirmək, problemi qarşılıqlı güzəştlər əsasında həll etməklə bağlı siyasi iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradılması məsələləri əksini tapmışdır. Tərəflər Moskva görüşündə razılaşmışlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı imzaladıqları bəyanatda məsələnin yalnız və yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli vacibliyi xüsusi önə çəkilmişdir.
2009-cu ildə ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin intensivləşməsi ölkə diplomatiyasını bu yöndə daha intensiv fəaliyyətə sövq etmişdir. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşməsi isə bir sıra reallıqlarla şərtlənir. Məsələ bundadır ki, Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən dövlətlərə çevrildiyi halda, Ermənistan özünü regionda həyata keçirilən strateji əhəmiyyətli layihələrdən kənarda saxlayır, beləliklə, həm də gələcək inkişafını sual altında qoyur. Təcavüzkar dövlət həm də regionda daha geniş əməkdaşlıq imkanlarına mane olmağa çalışır. Halbuki münaqişənin həllinin uzanmasına, region dövlətləri ilə münasibətlərin gərginliyinə görə ən böyuk zərbə məhz Ermənistana dəyir. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan bu səhv siyasətin nəticəsi olaraq özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlayır.
Region dövlətləri sıx şəkildə iqtisadi inteqrasiya proseslərində iştirak etsələr də, Ermənistan faktiki olaraq bu imkandan məhrum olmuş, davamlı inkişaf perspektivini itirərək xarici borcların və yardımların ümidinə qalmışdır. Üstəlik, işğalçı dövlətin xarici borcları da getdikcə artır. Qlobal böhranla əlaqədar Ermənistanda ümumi daxili məhsulun 20 faiz azalması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi əhalinin sosial vəziyyətini daha da ağırlaşdırır. Qlobal böhran şəraitində Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan bu ölkənin "for-post"una çevrilərək bütün strateji əhəmiyyətli müəssisələrini itirir.
Üstəlik, ABŞ və Qərb dövlətləri Türkiyənin sərt mövqeyini nəzərə alaraq bu ölkə ilə münasibətlərini sahmana salmağa çalışan Ermənistanın münaqişənin həllində konstruktivlik nümayiş etdirməsinə çalışırlar. Bu və digər reallıqlar isə təcavüzkar tərəfi geri çəkilmək məcburiyyətində qoyur.
2009-cu il Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı, əsasən də Rusiyanın dövlət başçısı Dmirtri Medvedevin vasitəçiliyi ilə gerçəkləşən 4 görüşü danışıqlar prosesinin pozitiv məcrada inkişafının təmin edilməsi, prinsipial mübahisə predmeti olan məqamlar üzrə müzakirələrin davam etdirilməsi baxımından faydalı sayıla bilər. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində danışıqlar prosesinin gedişində müsbət dinamikanın olduğunu bildirmişdir: "Danışıqlara gəldikdə, deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş vardır. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə, Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl 4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıbdır".
Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq edir. Beynəlxalq birliyin tamhüqüqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyildir. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarının azad etmək üçün hərbi əməliyyatlara başlayacağını qətiyyətlə bəyan edir. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməyəcəkdir. Münaqişənin başlanmasının əleyhinə olan dövlətlər isə "ikili standartlar"dan əl çəkərək, ilk növbədə, təcavüzkar dövlətə təsir göstərməli, BMT qətnamələrinin icrasını təmin etməlidir.
Zahid CƏFƏROV,
hüquq elmləri namizədi,
BDU-nun Mülki proses, əmək və
ekologiya hüququ
kafedrasının dosenti
Azərbaycan.- 2010.- 21 fevral.- S. 2.