Qanunvericilik ekoloji problemlərin həllinə imkan verir
Ekologi problemlərin həlli,
bu sahədə görülməsi vacib olan məsələlərin
vaxtında aradan qaldırılması insanların
sağlamlığının təminatı, sağlıq
durumlarının qorunması üçün zəruri olan əsas
şərtlərdən biridir.
Son bir neçə ildə
dünyada ən yüksək inkişaf dinamikasını təmin
etmiş Azərbaycanda iqtisadi, sosial sahələrdə əldə
edilən uğurlar ölkəmizdə ekoloji problemlərin də
aradan qaldırılmasını təmin edir. Dinamik
inkişafa malik respublikamızda vətəndaşların, həmçinin
gələcək nəslin sağlamlığının
qorunması dövlətimiz qarşısındakı ali məqsəd
və vəzifələrdəndir.
Ölkəmizdə ekoloji məsələlərin
həllini diqqət mərkəzində saxlayan dövlət
başçısı İlham Əliyev bu sahədə
görülən işlərə daim nəzarət edir,
aidiyyəti orqanlara qarşıda duran vəzifələrin
öhdəsindən layiqincə gəlmələri
üçün tapşırıqlar verir. Fevralın 18-də
Prezident İlham Əliyevin yanında ekoloji problemlərə həsr
olunmuş müşavirədə dövlət
başçısı qarşıdan gələn illərdə
həlli vacib olan məsələlərə toxunmuş,
müvafiq qurumlara tapşırıq və tövsiyələrini
vermişdir. Ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
işlərin bundan sonra da həyata keçirilməsi
vacibliyinə toxunan dövlət başçısı
görüləcək tədbirlərin Azərbaycan vətəndaşlarının
sağlamlığını daha da möhkəmləndirəcəyini
qeyd etmişdir. Prezident İlham Əliyev ekologiya sahəsindəki
problemlərin həlli istiqamətində həyata keçirilən
tədbirlərdən söz açaraq prosesin gələcəkdə
də davam etdirilməsi zəruriliyinə toxunmuşdur:
"Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Biz
bütün il ərzində və ondan sonrakı illərdə
ekoloji məsələlərin həllinə böyük diqqət
göstərməliyik. Artıq uzun illərdir ki, Azərbaycanda
bu istiqamətdə işlər görülür. Bir müddət
bundan əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram
çoxşaxəlidir, çox müfəssəl
proqramdır. Proqramda həllini gözləyən, vacib olan
bütün məsələlər öz əksini tapıb,
eyni zamanda, konkret icra mexanizmləri də müəyyən
edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər
istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin
sağlamlaşdırılması istiqamətində daha ciddi
addımlar atmalıyıq".
Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədilə həyata
keçirilən tədbirlər yalnız
yaşıllaşdırma, ağacəkmə kampaniyaları, ətraf
mühitin qorunması, şəhər və qəsəbələrdə
kanalizasiya sistemlərinin yenilənməsi, sanitariya tədbirlərinin
görülməsi, yaşayış məskənlərinə
təmiz içməli suyun nəqli, atmosferin çirkləndirilməsinin
qarşısının alınması ilə bağlı
deyil, həm də bu sahədə görülən işlərin
hüquqi bazasının təkmilləşdirilməsi ilə
davam etdirilir. Bu məqsədlə ölkəmizin qanunverici
orqanı olan Milli Məclisdə ekologiya sahəsi ilə
bağlı müvafiq qanunlar daha da təkmilləşdirilir,
müasir tələblərə uyğunlaşdırılaraq
əlavələr və düzəlişlər edilir. Milli Məclis
sədrinin müavini parlamentin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin sədri, Valeh Ələsgərov Azərbaycanda
ekoloji problemlərin həllinə, ekoloji tarazlığın
bərpa ediməsinə, ətraf mühitin qorunmasına
dövlət qayğısının ildən-ilə
artmasının bu sahədəki məsələlərin
qısa zamanda və uğurla həllinə əlverişli
şərait yaratdığını bildirdi: "Azərbaycanda
sosial, siyasi, iqtisadi və digər sahələr o qədər
güclü inkişaf edir ki, bu gün ölkəmizdə
ekoloji məsələlərə dövlət səviyyəsində
xüsusi diqqət yetirilir. Bu səbəbdən də ölkəmizdə
ekoloji problemlər həllini tapır.
Milli Məclisin sədr
müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
sədri bildirdi ki, ekoloji tarazlığın təmin edilməsi,
ətraf mühitin qorunması istiqamətində Azərbaycan
parlamenti də üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlir: "Ekoloji məsələlərin
həlli istiqamətində Milli Məclisin də üzərinə
qanunvericilik fəaliyyəti ilə bağlı müəyyən
vəzifələr düşür. Bütün ekoloji problemlərin
həllini təmin etmək üçün qanunvericilikdə
lazım olan şərait yaradılıb. Şübhəsiz
ki, zaman keçdikcə yeni şərait, münasibətlər
formalaşır və hər dövrə uyğun tələblər
meydana çıxır. Bu səbəbdən də gələcəkdə
lazım gəldikcə qanunvericilikdə də dövrün tələblərinə
uyğun müəyyən təkmilləşdirilmələr
aparılacaqdır".
Anar RASİMOĞLU
Azərbaycan.- 2010.- 21 fevral.- S. 3.