ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Əfqanıstana dair müzakirələr keçirilmişdir

 

Fevralın 19-da Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyası öz işini davam etdirmişdir. Təşkilatın üzvü olan 56 ölkənin parlament nümayəndələrinin qatıldığı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə deputatlar Rəbiyyət Aslanova, Fəttah Heydərov, Azay Quliyev Fazil Mustafayevdən ibarət nümayəndə heyəti təmsil etmişdir.

Sessiyanın ikinci günü Əfqanıstanda vəziyyətə dair xüsusi müzakirələr keçirilmişdir. Qazaxıstan Senatının Sədri Qasımcomərd Tokayev bildirmişdir ki, Əfqanıstanda sabitliyin əldə edilməsi ölkəsi tərəfindən ATƏT-ə sədrlik dövründə əsas prioritetlərdən biri elan edilmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın Əfqanıstandakı vəziyyətlə bağlı mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan beynəlxalq birliyin Əfqanıstanda sabitliyin təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyi səyləri dəstəkləyir. Ölkəmiz İSAF fəaliyyətə başladığı ilk günlərdən onun tərkibində hərbi kontingentlə təmsil olunur. Buradakı hərbçilərimizin sayı hazırda 90 nəfərə çatdırılmışdır.

Azərbaycan həmçinin Əfqanıstanla digər sahələrdə (ərazilərin minalardan təmizlənməsi, əfqan mütəxəssislər üçün ixtisasartırma kursları s.) əməkdaşlıq edir. Biz hesab edirik ki, Əfqanıstanda sabitliyin əldə edilməsi üçün siyasi dəstəklə yanaşı, praktiki yardım da göstərilməlidir. Buna görə digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT onun Parlament Assambleyası Əfqanıstanda vəziyyətin normallaşdırılması prosesində səylərini gücləndirməlidir.

Çıxış edən nümayəndələr Əfqanıstanda İSAF missiyasının davam etdirilməsi, demokratiya quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı davamlı sabitliyin əldə olunması üçün birgə səylərin gücləndirilməsinin zəruriliyini vurğulamışlar.

ATƏT-in baş katibi Mark Perren de Brişambo yekun iclasda çıxış edərək sualları cavablandırmışdır. Parlament Assambleyasının gender məsələləri üzrə xüsusi nümayəndəsi Tone Tinqsqaard ATƏT məkanında gender bərabərliyi mövzusunda hesabatla çıxış etmiş sualları cavablandırmışdır.

Bununla da ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyası öz işinə yekun vurmuşdur.

ATƏT-in Parlament Assambleyasının illik sessiyası iyulun 6-dan 10-dək Norveçin paytaxtı Oslo şəhərində keçiriləcəkdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 21 fevral.- S. 4.