Naxçıvanda mətbuatın maddi-texniki bazası möhkəmlənir

 

Son on ildə Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafında böyük irəliləyişlər olub. Ümümmilli lider Heydər Əliyevin 2000-ci ilin əvvəllərində imzaladığı "Azərbaycan Milli mətbuatının yaradılmasının 125 illiyi haqında" fərman bu sahədə yeni mərhələnin başlanğıcını qoyub.

"Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" Muxtar Respublika Ali Məclis Sədrinin imzaladığı 26 mart 2000-ci il tarixli sərəncam da həmin sənəddən qaynaqlanıb. Sərəncamın icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi-texniki bazaları xeyli yaxşılaşdırıldı, onların hər biri müasir informasiya texnologiyaları ilə təmin edildi. Bu qayğı və diqqətdən muxtar respublikanın ictimai-siyasi həyatının güzgüsü olan "Şərq qapısı" qəzetinə daha çox pay düşüb. Redaksiyanın binası əsaslı təmir olunaraq yenidən quruldu, qəzetin tirajı və dövriyyəsi getdikcə artdı. İndi bu qəzet həftədə 5 dəfə çıxır. Rayon qəzetlərinin isə həftədə bir dəfə nəşrinə nail olunub. Yerli büdcədən redaksiyalara dotasiyalar ayrıldı, abunə məsələləri qaydasına düşdü. Şərur rayonunda nəşr olunan qəzet üçün müasir bina inşa edildi. Şahbuz, Kəngərli, Ordubad rayonlarında da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildi. "Əcəmi" nəşriyyat-poliqrafiya birliyinin yaradılması, onun yeni çap texnologiyaları ilə təmin olunması bölgədə kitab, buklet nəşrinə imkan verdi. Hər il onlarca müəllifin kitab və kitabçalarıl bu müəssisədə işıq üzü görür.

AMEA-nın Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda "Tusi", "Qeyrət", "Məktəb" nəşriyyatlarının fəaliyyətə başlaması da bu sahədə həyata keçirilən tədbirlərdəndir. "Qızıldağ" mətbəəsi özəl sahədə öz sözünü deməyə başladı.

2005-ci ilin iyulunda "Şərq qapısı" qəzetinin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Muxtar Respublika Ali Məclis Sədrinin imzaladığı sərəncam da region mətbuatına göstərilən daha bir qayğının təzahürü oldu. Qəzet əməkdaşlarının sosial müdafiəsi diqqət mərkəzinə çəkildi. Az sonra, muxtar respublikanın "Əməkdar jurnalisti" fəxri adı təsis olundu.

Parlament seçkilərində yerli mətbuat işçilərindən iki nəfərin muxtar respublikanın ali qanunverici hakimiyyət orqanına deputat seçilməsi də azad sözə, demokratik fikrə göstərilən qayğıdan irəli gəlir. Onlardan biri bu sətirlərin müəllifilir. NDU-da jurnalistika ixtisasının açılması, Naxçıvan Mətbuat Şurasının yaradılması da həyata keçirilən tədbirlər sırasındadır.

Müsbət ənənələr bu gün də yaşadılır. Cari ildə-milli mətbuatımızın 135 illiyini qeyd etməyə hazırlaşdığımız bir dövrdə Naxçıvanda redaksiya-nəşriyyat kompleksi istifadəyə veriləcək. Şəhərin Təbriz küçəsində tikilən kompleksdə hazırda son tamamlama işləri görülür. Binanın 3 mərtəbəsi "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin ixtiyarına veriləcək. Burada Almaniyadan gətirilən avadanlıqlar quraşdırılacaq. Nəşriyyatın direktoru Rəfael Babayev söhbət əsnasında onu da bildirdi ki, ilk mərtəbədə yeməkxana ilə yanaşı müxtəlif məqsədlər üçün yardımçı otaqlar olacaq. Qəzet sexində "KBA Rapida-75" markalı ofset maşını qurulacaq. Cild sexində kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən avadanlıqlar, eləcə də yeni forma köçürmə qurğuları quraşdırılacaq ki, bunlar da dünyanın ən müasir mətbəələrində istifadə olunan poliqrafiya avadanlıqlarındandır. Nəticədə iqtisadi blokada şəraitində yaşayan Naxçıvanda ən müasir standartlar əsasında çap məhsulları buraxılacaqdır.

Muxtar respublikanın gündəlik ictimai-siyasi həyatının güzgüsü olan "Şərq qapısı" qəzeti üçün burada 14 iş otağı ayrılıb. Hər bir əməkdaş müasir informasiya texnologiyalarından normal istifadə edə biləcək. 50 nəfərlik iclas zalı da jurnalistlərin ixtiyarına veriləcək.

Yeri gəlmişkən indi muxtar respublikada "Şərq qapısı" qəzeti ilə yanaşı 7 rayon (şəhər) qəzeti və "Naxçıvan" adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur. Muxtar respublika sakinlərinə 2 televiziya və 2 radio kanalı xidmət göstərir. Muxtar respublika ərazisində Azərbaycan televiziyalarının əsas kanalları da yayımlanır, əhali internet xidmətindən geniş istifadə edir.

Bir sözlə, yerli həyatın salnaməsi sayılan bölgə mətbuatının üzərinə mühüm vəzifələr düşdüyü üçün bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Ən nəhayət, yeni kompleks istifadəyə verildikdən sonra orada şəhər və rayon qəzetləri rəngli çap olunacaq.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 21 fevral.- S. 4.