Viktor Xrekov: "Qlobal maliyyə böhranının Azərbaycana təsiri olmamışdır"

 

Rusiya Federasiyası Prezidenti Administrasiyasının məsul əməkdaşı Viktor Xrekov AzərTAc-a müsahibəsində demişdir: "Qlobal maliyyə böhranının Azərbaycana təsiri olmamışdır, inkişaf sürəti faktiki olaraq azalmamışdır, hər yerdə həyat qaynayır, iş qaynayır".

 

Bu il yanvar ayında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun nümayəndə heyətinin tərkibində paytaxtımıza gəlmiş rusiyalı qonaq Azərbaycan Dövlət Teleqraf Agentliyində də olmuş, ölkənin aparıcı informasiya agentliyinin işi ilə maraqlanmışdır. O demişdir: "Bakının hər yerində tikinti işləri aparılması bizim nümayəndə heyətinin üzvlərinin çoxunu heyrətləndirmişdir. Küçələr, evlər bərpa edilir. Bakı mənim üçün doğma şəhərdir, mən müntəzəm olaraq buraya gəlirəm. Axırıncı dəfə il yarım bundan əvvəl Bakıda olmuşam. Bu müddətdə şəhər xeyli dəyişmiş, cavanlaşmış, küçələr daha təmiz olmuşdur. Qədim Bakının cavanlaşdığını görmək fərəh doğurur.

Tamamilə aydındır ki, bu dəyişikliklər ölkə rəhbərliyinin uzaqgörən iqtisadi siyasəti sayəsində mümkün olmuşdur. Bizə dedilər ki, bu gün Azərbaycan təkcə neft və qaz hasil edən ölkə deyil, burada çoxsaylı müasir sənaye müəssisələri də vardır".

Rusiyalı ekspert forum iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün çox mühüm və maraqlı olduğunu vurğulayaraq demişdir: "Bu, unudulmaz söhbət idi. Saat yarım sanki bir göz qırpımında keçdi. Bu söhbət, sadəcə mədəniyyət, incəsənət və elm xadimlərinin siyasi xadimlə söhbəti deyil, mehriban köhnə tanışların söhbəti idi. Biz öz fikirlərimizi bölüşdük, aktual məsələləri, problemləri mehribanlıq şəraitində müzakirə edirik. Bu, təkcə müzakirə yox, həm də yaranan problemlərin həllinin axtarışı idi. Bu ünsiyyət zamanı yeni layihələr, yeni planlar yarandı. Məsələn, Prezident Rusiya və Azərbaycan ictimaiyyətinin dövlətlərarası forumunu daimi fəaliyyətdə olan foruma çevirmək, onun işinə bizim dövlətlərin ziyalılarının nümayəndələri ilə yanaşı, Müstəqil Dövlətlər Birliyinin üzvü olan başqa ölkələrin, uzaq xarici ölkələrin ictimaiyyətinin nümayəndələrini də cəlb etmək ideyasını dəstəklədi".

V.Xrekov demişdir: "Prezident İlham Əliyevlə görüş mənə güclü təsir bağışladı. O, Rusiyada keçirdiyi illəri çox səmimi xatırladı. Rusiya nümayəndə heyətinin tərkibində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (U) rektoru Anatoli Torkunov da vardı. İlham Əliyev Moskvada oxuduğu və sonralar MDBMİ-də dərs dediyi illəri xatırladı. İlham Əliyev çox yüksək diplomatik hazırlığa malik Prezidentdir. Azərbaycan rəhbərliyinin səyləri ölkənin dünya birliyində layiqli yer tutmasına yönəlmişdir. Azərbaycan Prezidentinin yeritdiyi xarici siyasət xəttini təkcə Rusiya deyil, bir sıra başqa ölkələr də dəstəkləyir".

Viktor Xrekov tədbirin özü ilə əlaqədar demişdir: "Fikrimcə, bu cür nüfuzlu forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dövlətlərarası münasibətlər anlayışı, dostluq, əməkdaşlıq və sair münasibətlər anlayışı vardır. Lakin dövlətlər arasında münasibətlər, ilk növbədə insanlar arasında münasibətlərdir. Bu münasibətlər müəyyən görüşlər, söhbətlər, ünsiyyət, fikir mübadiləsi yolu ilə qurulur. Bakı forumunda bütün bunlar var idi. Lakin son illərin təcrübəsi göstərir ki, bu münasibətlərin daha səmərəli olması üçün təkcə insanlar arasında münasibətlər deyil, həm də, necə deyərlər, düzgün siyasi xətt olmalıdır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-21  fevral.- S. 4.