Opera teatrımızın dünəni və bu gunü

 

Əsası 1920-ci ildə qoyulmuş, opera və balet truppası 1924-cü ildə müstəqil kollektivə çevrildikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrı kimi fəaliyyətə başlamış bu musiqi məbədi xalqımızın mədəni-maarif səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Azərbaycanın ən istedadlı musiqili teatr xadimlərindən Bülbül Məmmədov, Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Şövkət Məmmədova, Fatma Muxtarova kimi bənzərsiz sənətkarlar bir sıra milli və xarici bəstəkarların əsərlərində aparıcı rollar oynamış və bənzəri olmayan obrazlar yaratmışdılar. Teatr indimizdə də tarixi ənənələrini uğurla davam etdirir. Lakin opera və balet teatrı kollektivinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə milli kadrlar hazırlanması sahəsində neqativ hallara yol verildiyindən klassik opera tamaşalarında iştirak etmək üçün gənc azərbaycanlı ifaçılar hazırlanmırdı.

Romantik opera qəhrəmanları partiyalarını gənclik dövrünü çoxdan geridə qoymuş qeyri-azərbaycanlı solistlər birtəhər yola verirdilər. Toska partiyasında əsər qəhrəmanına heç bənzəri olmayan tosqun, həm də səsdən xeyli məhrum xanım, V.Kavaradossi rolunda yöndəmsiz görkəmli, pensiya yaşlı solist, D.Radames partiyasında bütün dişləri metaldan olan tüklü və əyriayaq tenor A. çıxış edirdilər. Mantuyalı hersoqun partiyasında çıxış edən N. kefcil və bir qədər də pozğun subyekti gülüş doğuran şəkildə təqdim edirdi. Ona görə ki, heç bir registrdə məlahətli səs nümayiş etdirə bilməyən "hersoq" əl-qol atma hərəkətləri ilə özünü "təmizə çıxarmağa" çalışırdı. Zavallı operasevərlər kor-peşman tamaşa salonunu tərk etməli olurdular. Məhz bu səbəbdən də teatrda tamaşaçı azlığı adət halını almışdı. Tamaşa salonuna səhnə iştirakçılarından sayca az adam toplaşırdı. Teatrın inzibatçıları digər teatrlara zəng vurub yaranmış vəziyyətin digər teatrlarda da eyni İlə təkrar olunduğunu biləndə təskinlik tapırdılar. Tamaşaçı azlığının əsl səbəbi Bakı camaatının operaya yox, zay ifaçılara biganəliyi idi. Bunu qastrola gələn ifaçıların iştirakı ilə gedən tamaşaların anşlaqla keçməsi də sübüt edirdi.

Azərbaycan operalarına - "Şah İsmayıl"a, "Əsli və Kərəm"ə, "Leyli və Məcnun"a, "Aşıq Qərib"ə tam başqa isti münasibət hökm sürürdü. Bülbülün, Ağababa Bünyadzadənin, Hüseynağa Hacıbababəyovun, Fatma Muxtarovanın iştirakı ilə gedən tamaşalarda boş yer tapılmırdı.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tamaşalara baxmaq və öz sözünü demək üçün hər axşam teatrın onun üçün ayrılmış lojasında görünməsi kollektivi müəyyən qədər səfərbər edir və eyni zamanda da ruhlandırırdı.

Həmin dövrdə Qərb bəstəkarlarından Rossininin "Sevilya bərbəri", Bizenin "Karmen" operaları Azərbaycan dilində də oynanılırdı. Tanınmış muğam ustası Hüseynağa Hacıbababəyov opera studiyasında təhsilini başa çatdırdıqdan sonra "Sevilya bərbəri" operasında qraf Almaviva partiyasında uğurla çıxış edirdi. Onun tenor-altino səsi tamaşaçıların çox xoşuna gəlirdi.

"Sevilya bərbəri"ndəki Fiqaro bənzərsiz tembrli və böyük diapazonlu bariton Ağababa Bünyadzadənin ifasında xoş təsir bağışlayırdı. Koloratur soprano səsli Elmira Axundova təəccüb doğuracaq ruladaları və fiorituraları ilə alqışlarla qarşılanırdı.

Dramatik tenor səsli Yaqub Rzayevin Qərb operalarında baş rollarda çıxışı böyük maraqla qarşılanırdı. Yaqub Rzayev Bakıya qayıtmazdan əvvəlki illərdə "Bolşoy Teatr"ın aparıcı solisti olmuşdu. Onun "Karmen" operasında Xoze, metso-soprano Fatma Muxtarovanın Karmen partiyalarında çıxışları sürəkli alqışlarla qarşılanırdı. Yeri gəlmişkən onu da deyək ki, Fatma Muxtarova SSRİ məkanında Karmen partiyasının bənzərsiz ifaçısı sayılırdı. Onlar Azərbaycandan kənarda öz vəsaitləri hesabına vokal dərsləri almış sənətçilər idi.

Tamaşalarda əsas tenor patiyalarını Bakı hərbi dairəsi mahnı və rəqs ansamblının teatra dəvət olunmuş solistlərinin birtəhər ifa etməsi publikanın heç xoşuna gəlmirdi. İtalyan opera məktəbinin yaxşı səs qoyuluşlu vokalçılarının nəzərə alınaraq yazıldığı ariyaları rus səs xarakterli "soldat solistlərin" oxuması Azərbaycanın opera məkanında yaranmış yüksək səviyyəli vokalçı kasadlığından korluq çəkən Bakı operasevərlərinin qeyzini daha da artırırdı. Müxtəlif vaxtlarda teatrın yaradıcılıq sükanı arxasında dayanan İsmayıl Hidayətzadə, Azər Rzayev, Şəmsi Bədəlbəyli, Fikrət Əmirov kimi böyük istedadlar, Sara Seyidova kimi partokrat xadim də teatrın öz adına yaraşmayan durğunluqdan çıxması üçün müəyyən tədbirlər görsələr də, bunun kardinal nəticəsi olmurdu. Sonrakı illərdə Moskvanın Stanislavski və Nemiroviç-Dançenko musiqili teatrının solisti gözəl tenor İbrahim Cəfərovun teatra solist kimi Bakıya gətirilməsi də istənilən nəticəni vermədi. Ona görə ki, kiminsə aparıcı tenor təyin edilməsi naminə istedadlı İbrahim Cəfərov teatrdan uzaqlaşdırıldı və o, Moskvaya qayıtmalı oldu.

Rauf Atakişiyev, Kazım Məmmədov, Hüseyn Əliyev kimi tenorların səhnə fəaliyyəti teatrın öz tamaşaçı auditoriyasını tam itirməsinin qarşısını birtəhər alırdı. Təəssüflər olsun ki, Dövlət Konservatoriyasının müvafiq kafedralarında opera solistlərinin hazırlanması işi durğunluqda idi. Əvvəllərdə olduğu kimi, yenə də Qərb bəstəkarlarının operalarında baş tenor və soprano partiyalarını gənclik dövrünü uzaqda qoymuş qeyri-azərbaycanlılar (hətta mənfur ermənilər) ifa edirdilər. Ötən əsrin sonlarında opera və balet teatrı Leninqrada (indiki Sankt-Peterburq şəhərinə) qastrol səfərinə getmişdi. Tamaşalar indiki Mariya Teatrının (Azərbaycan mətbuatında onu səhvən Maarinsk adlandırırlar. Bilmirlər ki, Maarinsk sözü rus imperatoru İkinci Aleksandrın arvadı xeyriyyəçi Mariya Fyodorovanın adı ilə əlaqədardır. Mariya adı rus dilində hallandırılanda Maarinsk kimi səslənir) qənşərindəki Konservatoriya binasının akt salonunda verilirdi. Binanın girişinin qarşısında "Yeddi gözəl" baletinin aparıcı rəqqaslarından erməni mənşəli birisinin Bəhramgur rolunda bədənnüma şəklini görəndə bərk hirsləndim və düşündüm ki, rus tamaşaçıları yəqin ki, həmin baletin erməni müəllifi tərəfindən yazıldığını güman edəcəklər. Həmin dövrlərdə milliliyə demək olar ki, əhəmiyyət verilmədiyindən bu olay yaranmışdı.

Opera teatrımızın dünəni bu cür yadda qalmışdır.

Özünü xalq cəbhəsi adlandıran siyasi qurumun nümayəndələrinin hakimiyyətə qısamüddətli gəlişindən sonra, musiqili teatrın nə olduğunu dərk etməyən funksionerlərin mədəniyyət sahəsində ilk "tədbirlərindən" biri Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının repertuardan çıxarılması barədə sərəncamları oldu. Bunu operada Keşiş obrazının varlığı ilə əlaqələndirirdilər. Onların sonrakı göstərişlərindən biri Azərbaycan səhnəsində balet tamaşalarının, ümumiyyətlə, ləğv olunmasına yönəldilmişdi. Şükürlər olsun ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi cəbhəçilərin xam xəyallarına son qoydu. Və Azərbaycanın Milli Opera və Balet Teatrı kollektivi üçün geniş yaradıcılıq imkanları açıldı. İlk növbədə, aparıcı solistlərin tərkibi cavanlaşdırıldı. Nəvə-nəticə sahibləri olan məcnunlar və leylilər öz yerlərini çox istedadlı gənclərə etibar etməli oldular. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilmiş muğam müsabiqəsinin qalibləri və diplomantlarından bir qrupunun - Təyyar Bayramovun, İlkin Əhmədovun, Elnur Zeynalovun və başqalarının teatra cəlb olunması milli muğam operalarımızı daha baxımlı etdi. Bakıda Bülbül adına beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi klassik operalarda aparıcı qadın və kişi partiyalarını ifa etmək qabiliyyətli sopranoların, baritonların və basların teatra dəvət alması ilə repertuarın zənginləşdirilməsi üçün zəmin yaratdı. Balet truppasına cəlb olunan gənc istedadlar bu sənət sahəsində öz sözlərini deməyə başladılar. Gənc istedadların və Bakı Balet Məktəbi şagirdlərinin iştirakı ilə klassik balet nümunələrinə həyat vəsiqəsi verilməsi baletsevərlər üçün böyük hədiyyə oldu. Teatra gələn tamaşaçıların sayı artdı. Hazırda istər balet, istərsə də opera tamaşaları anşlaqla keçir.

Məlum olduğu kimi, uzun illərdən bəri klassik operalar tamaşaçılara yalnız rus dilində təqdim olunurdu. İş o yerə çatmışdı ki, hətta Türkiyədən qastrola gələn solistlərlə tərəf-müqabil azərbaycanlı ifaçılar arasında, xüsusən reçitativlərdə gülünc olaylar yaranırdı. Türk ifaçının azərbaycanlı ifaçıya türk dilində ünvanladığı sözə rus dilində cavab verilirdi.

Şükürlər olsun ki, zaman dəyişdi və hər şey öz layiqli yerini tutdu. Dünyanın sivil dünya ölkələrinin opera məkanına yaxınlaşmaqda olan Azərbaycan Opera Teatrında partiyaların öz orijinalında ifa olunmasına önəm verilməyə başlandı. Hazırda solistlər də, xoristlər də orijinalın dilində oxuyurlar. Bülbül adına müsabiqə laureatı, respublikanın əməkdar artisti bariton Əvəz Abdullayevin, əməkdar artist soprano İnarə Babayevanın, əməkdar artist soprano Gülnaz İsmayılovanın, vokalçıların beynəlxalq müsabiqəsinin diplomantı bas-bariton, əməkdar artist Əkrəm Poladovun, Bülbül adına beynəlxalq müsabiqənin "Qran-pri" mükafatçısı əməkdar artist, möhtəşəm bas səsli Əli Əskərovun, əməkdar artist metso-soprano Fidan Hacıyevanın, əməkdar artist tenor Fərid Əliyevin, əməkdar artist tenor Həsən Enaminin, metso-soprano Səbinə Əsədovanın və digər gənc ifaçıların italyan, fransız dillərində ifa etdikləri partiyalar bütün tamaşaçıları, o cümlədən diplomatik korpus üzvlərini, xarici nümayəndəliklərin əməkdaşlarını son dərəcə razı salır. Bu yaxınlarda böyük italyan bəstəkarı Coakino Rossininin "Sevilya bərbəri" operasında Əvəz Abdullayevin bərbər Fiqaro, İnarə Babayeva və Gülnaz İsmayılovanın Rozina, Həsən Enami və Fərid Əliyevin qraf Almaviva, Səbinə Əsədovanın qulluqçu Berta, Əkrəm Poladovun doktor Bartolo, Əli Əskərovun don Bazilio rollarında parlaq çıxışları tamaşaçıların sürəkli və gurultulu alqışları ilə dəyərləndirildi. Xarici qonaqlar gənc ifaçılarımızın səlis italyan dilində ifa tərzini çox bəyəndiklərini bildirdilər.

Əməkdar artist Fidan Hacıyeva fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasında təzadlı xarakterli Karmen obrazının mahir ifaçısı kimi sevilir.

Əvəz Abdullayev Cüzeppe Verdinin "Riqoletto" operasında baş qəhrəman obrazını sənətkarlıqla yaradır. Tamaşaçılar Əvəzin təfsirində indiyədək rastlaşmadıqları təlxək Riqoletto gördülər.

Respublikanın xalq artistləri Qərinə Kərimova və Azər Zeynalovun iştirakı ilə böyük italyan bəstəkarı Cakomo Puççininin tamaşaya qoyulmuş "Toska" operasında Əvəz Abdullayev polis rəisi Skarpianın sərt təbiətli və aristokrat incəlikli obrazını misilsiz dərəcədə yaxşı yaratdı.

Teatrın repertuarında ölməz italyan bəstəkarı Cüzeppe Verdinin operalarına yer verilməsi tələbkar tamaşaçı zövqünün oxşanmasına yönəldilmiş məramdır. Onun "Aida" operası məziyyətlərinə görə dünyanın ən yaxşı operalarından biridir. Aida obrazının vokal baxımından mürəkkəb və həddindən artıq çətin partiyaları respublikanın xalq artisti, bir çox prestijli mükafatlar laureatı Qərinə Kərimovanın ifasında xoş təsir bağışlayır. Dramatik soprano səsli bu xanımın vokal imkanları çox geniş olduğundan tamaşaçıları əsl italyan ifaçılığı məkanına apararaq onların böyük zövq almalarına şərait yaradır. Aidanın (Qərinə Kərimovanın) operanın "Nil sahili" pərdəsindəki ariyası aşağı, orta, zil notlarda rəvan səslənməklə tamaşaçıları heyran qoyur. Bizim opera teatrımızda heç bir müğənni xanım, eyni zamanda hətta qastrola gələnlər də bu partiyanın çox zil "do" notunu Qərinə Kərimova kimi asanlıqla götürə bilmir. Yuxarı "do" notunun dramatik soprano səsli ifaçı tərəfindən çətinliksiz və təmiz götürülməsi dinləyicilərin sürəkli alqışları ilə qarşılanır.

Teatrda istedadlı gənc ifaçıların ifa mədəniyyətini cilalamaq üçün onların Avropa şəhərlərində ustad dərsləri keçməsi məqsədilə tədbirlər həyata keçirilir. Həmin istedadlardan biri də soprano İlahə Əfəndiyevadır. O, Moskvanın opera ifaçılığı mərkəzində məşhur Qalina Vişnevskayadan bir çox ifaçılıq sirlərini mənimsəyəndən sonra Bakıya - doğma Opera Teatrına qayıtmışdır. İlahənin çox qaltanlı, geniş diapazonlu, əsasən də ürəyə yatımlı soprano səsini dinləmək insana xoş təsir bağışlayır. O bu yaxınlarda Cüzeppe Verdinin "Traviata" operasında xüsusi səs çevikliyi və diapazon genişliyi tələb edən Violettanın - əsərin baş qəhrəmanının vokal partiyasında böyük insani səmimiyyət və ustalıq nümayiş etdirdi. İlahə birinci pərdədəki ariyasını qoşma not ("mi-bemol") zirvəsini asanlıqla fəth etməklə tamaşaçıları da məmnun qoydu.

Respublikada yaxşı tanınan tenor Samir Cəfərov Opera Teatrı rəhbərliyinin təqdimatı və hökumətin dəstəyi ilə xarici ölkələrdə çox görkəmli vokalçılardan - məşhur ispan tenoru Xose Karrerasdan, görkəmli primadonna Monserat Kabayedən, rus primadonnası Qalina Vişnevskayadan ustad dərsləri almışdır. Lirik-dramatik tenor səsli bu gənc ifaçı müəllimlərini muğam boğazları nümayiş etdirməklə həmişə heyran qoymuşdur. Avropa oxu təmrinləri keçən folklor ifaçıları adətən boğaz xırdalıqlarını və zəngulə vurmaq imkanlarını itirir, səslərini qarın diafraqmasını idarə etmək, burun rezonatorlarını işlətmək sayəsində vokalçılara çevrilirlər. Samir vokalçı kimi yetişməklə bərabər, azərbaycanlı müğənnilərə xas olan boğaz xırdalıqlarını da itirməmişdir. Ötən günlərin birində Samir Cəfərov hər iki ifa üsulunu nümayiş etdirdi. Teleproqramların birində Samir dünya tenorları üçün çətin hesab olunan bir ariyanı - dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivlərindən istifadə etməklə böyük italyan bəstəkarı Cakomo Puççininin ərsəyə gətirdiyi çox məşhur "Turandot" operasından Kalafın ariyasını italyansayağı oxuyandan sonra melizmlərlə zəngin Azərbaycan xalq mahnısını da ifa etdi.

Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" musiqili komediyalarının yeni quruluşda reallaşdırılması komediyasevərlərin böyük razılığına səbəb olmuşdur. Respublikanın xalq artisti Azər Zeynalovun uğurla oynadığı romantik rollardan savayı, komik opera qəhrəmanlarının - tacir Əskərin və baqqal Məşədi İbadın rollarında çıxışlarını tamaşaçılar xüsusi maraqla qarşılamışlar. Klassik operaların baş qəhrəmanlarının ("Toska"da Kavaradossinin, "Traviata"da Alfredonun, "Məzhəkəçilər"də Kanionun) partiyalarının bənzərsiz ifaçısı sayılan Azər Zeynalovun növbəti dəfə Məşədi İbad kimi komik obrazı yarada bilməsi onun müğənni-aktyor ampluasının genişliyindən xəbər verir. A.Zeynalovun "Aida" operasında Radames, "Koroğlu" operasında Koroğlu, "Kənd namusu" operasında Turiddu partiyalarında da müvəffəqiyyətli çıxışlarının şahidi olacağımz gün çox da uzaqda deyildir.

Teatrın direktoru Akif Məlikovu musiqi aləmində incə duyumlu musiqiçi, prinsipial təşkilatçı və yenilikçiliyə can atan adam kimi tanıyırlar. Onun təşkilatçılığı sayəsində Azərbaycan Opera və Balet Teatrının kollektivi ilə Almaniya, Sankt-Peterburq, Ukrayna musiqi kollektivləri arasında möhkəm yaradıcılıq əlaqələri yaranmışdır. Ötən ilin noyabr ayının sonunda opera incəsənətinin Münhen festivalının bədii rəhbəri və baş dirijoru professor Korneliya fon Kersenbrokun Bakıda Cüzeppe Verdinin "Travita" operasında dirijorluğu Bakının musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuşdu. Azərbaycan Opera və Balet Teatrı orkestrinin professional çalğısından, artistlərin vokal məharətindən, zəngin dekorlardan və zövqlə hazırlanmış kostyumlardan, xor artistlərinin və solistlərin nöqsansız ifa xüsusiyyətlərindən, Violetta partiyasının ifaçısı Olqa Fomiçovanın (Ukrayna), Alfredo partiyasının ifaçısı Azər Zeynalovun, Jermon rolunun ifaçısı Əvəz Abdullayevin yüksək ifa tərzindən məmnunluq duyan xanım Korneliya fon Kersenbrok demişdi ki, "Azərbaycan opera teatrı Avropanın ən yaxşı teatrlarından biridir". Xanım fon Korneliya Kersenbrokun dəvəti ilə Opera Teatrımızın simfonik orkestri və solistləri (bariton Əvəz Abdullayev və soprano Gülnaz İsmayılova) dalbadal dörd il həmin festivalda öz məharətlərini göstərib. Sankt-Peterburq Dövlət Akademik simfonik orkestrinin baş dirijoru Andrey Anixanov, Münhen teatrından dünya şöhrətli bəstəkar-dirijor Pyer Ponelli, Ukraynadan rejissor professor Nikolay Tretyak Azərbaycan Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq edirlər. Onların bizim musiqiçilərlə keçirdikləri ustad dərsləri sənət məbədimizin sivil dünyanın opera mədəniyyəti səviyyəsinə yüksəlməsinə möhkəm özül yaratmışdır.

Hazırda italyan bəstəkarı Pyetro Maskanyinin "Kənd namusu" operasının məşqləri gedir. Tamaşanın rejissoru professor Valentina Rekadır.

Tamaşaçılar bu günlərdə istedadlı Azərbaycan vokalçıları İlahə Əfəndiyevanın, İnarə Babayevanın, Həsən Enaminin iştirakı ilə böyük italyan bəstəkarı Cakomo Puççininin "Bohema" operasını dinləyə biləcəklər. Cüzeppe Verdinin "Trubadur" operasının da bu yaxınlarda oynanılması opera truppasının tamaşaçılara yeni hədiyyəsi olacaqdır.

Bakıya dünya operasının qızıl soprano adlanan müğənnisi Viktoriya Çenskayanın gəlişi də gözlənilir.

Teatrın balet truppası da yaradıcılıq fəaliyyətini uğurla davam etdirir. Kollektivin dünya şöhrətli bəstəkar Frederik Şopenin anadan olmasının 200-cü ildönümü şərəfinə hazırladığı "Şopeniana" baleti (quruluşçu baletmeyster respublikanın xalq artisti Tamilla Şirəliyevadır) Azərbaycan-Polşa əməkdaşlığına önəmli töhfə olacaqdır.

Dünya şöhrətli Qara Qarayevin "Yeddi gözəl" baletinin yeni təfsirdə və yeni quruluşda oynanılması da əlamətdar hadisəyə çevrilmişdir.

Balet truppasının tamaşaya qoyduğu L.Vaynşteynin "Çəkməli pişik" və "Zoluşka", P.Çaykovskinin "Şelkunçik", Ştrausun musiqi motivləri əsasında "Düyməcik" uşaq baleti, Nazim Əliverdibəyovun "Cırtdan" uşaq operası uşaqlara layiqli hədiyyə kimi qiymətləndirilməlidir.

Opera və Balet Teatrı öz repertuarını getdikcə zənginləşdirmək əzmindədir.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.- 21 fevral.- S. 7.