Londonun "Sothebys" qalereyasında dünya şöhrətli rəssam Tahir Salahovun əsərlərindən ibarət "Görünməmiş Salahov" sərgisi açılmışdır

 

Londonun nüfuzlu "Sothebys" qalereyasında "Buta" festivalının təşkilatçılığı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə dünya şöhrətli rəssam Tahir Salahovun əsərlərindən ibarət sərgi açılmışdır.

Səfirlikdən bildirmişlər ki, "Görünməmiş Salahov" adlı sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş olunmuşdur.

Sərginin açılış mərasimində çıxış edən "Buta" festivalının baş direktoru Nəsib Piriyev məşhur rəssamın həyat yaradıcılığı barədə məlumat vermiş, Tahir Salahovun hələ keçmiş Sovet İttifaqı dövründən özünəməxsus yaradıcılıq xəttinə malik azsaylı incəsənət xadimlərindən olduğunu vurğulamışdır.

"Sothebys" qalereyasının direktoru Lord Poltimor məşhur rəssamın əsərlərinin Londonda nümayiş olunmasından məmnunluğunu bildirərək ölkəmizə səfəri zamanı Azərbaycanın zəngin incəsənət irsi ilə tanışlığından danışmışdır. L.Poltimor Bakının zəngin mədəni həyatı qədim incəsənət ənənələri ilə yaxından tanış olduğunu bu gün azərbaycanlı rəssamın əsərlərini Britaniya ictimaiyyətinə təqdim etməkdən xoşbəxt olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tanınmış rəssamın əsərlərindən ibarət sərginin Britaniyada təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirərək mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını qeyd etmişdir. Diplomat həmçinin sərginin Azərbaycan ilə Böyük Britaniya arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Sonda çıxış edən Tahir Salahov təşkilatçılara minnətdarlığını bildirərək əsərlərinin Londonda nümayiş etdirilməsindən məmnun olduğunu qeyd etmişdir.

Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk rus icmalarının nümayəndələri iştirak etmişlər.

Sərgi fevralın 25-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 21 fevral.- S. 7.