İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin gələcək inkişafına
həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə Avropa Şurası Nazirlər Komitəsində İsveçrə Konfederasiyasının sədrliyi ilə bu ölkənin İnterlaken şəhərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ədliyyə nazirlərinin konfransı keçirilmişdir.
Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkəmizin Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, habelə Ədliyyə Nazirliyinin məsul əməkdaşları təmsil etmişlər.
Açılış mərasimində İsveçrənin ədliyyə və polis naziri Evelin Vidmer-Şlumpf, Avropa Şurasının Baş katibi Turbyorn Yaqland, AŞ Parlament Assambleyasının sədri Mevlüt Çavuşoğlu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, İnsan Hüquqları üzrə Avropa komissarı Tomas Hammarberq məruzə ilə çıxış etmişlər.
Avropa Şurasının üzv dövlətləri ədliyyə nazirlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi mötəbər konfransda İnsan Hüquqları üzrə Avropa Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair ən səmərəli mexanizmlərin müəyyən edilməsi, Avropa Məhkəməsinin səmərəsinin artırılmasına dəstək və bu kimi digər aktual məsələlər ətrafında müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, hazırda Avropa Məhkəməsinə daxil olan şikayətlər, çıxarılan qərarlardan qat-qat çox olduğundan tarazlığın təmin olunması məqsədilə təcili təsirli tədbirlərə böyük ehtiyac vardır.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək ölkəmizdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi üzrə görülən işlərlə bağlı məlumat vermişdir. Eyni zamanda, dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hüquqşünasların peşəkarlığının artırılması üzrə həyata keçirilən tədbirlərdən danışmış, həm Avropa məkanında, həm də üzv dövlətlərdə bu sahədə vəziyyətin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürmüşdür.
Maraqla qarşılanmış çıxışın ingilis və rus dillərində mətni tədbir iştirakçıları arasında yayılmışdır.
Konfransın sonunda Avropa və yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən Siyasi Bəyannamə qəbul olunmuşdur.
Tədbir çərçivəsində Avropa Şurasının rəhbər şəxsləri, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.-23
fevral.- S. 2.