Lyudmila Lavrova: Azərbaycanın siyasəti
riyazi dəqiqliklə
ölçülüb-biçilmişdir
Yazıçı-publisist, Sovet İttifaqının dağılmasından bəhs edən "Kül ilə yetişdirilmiş" və "Şeytanın gəlinciyi" adlı məşhur romanların, bir sıra populyar məqalələrin və başqa əsərlərin müəllifi Lyudmila Lavrova AzərTAc-a müsahibəsində bildirmişdir ki, müasir Azərbaycan və onun rəhbərliyinin yeritdiyi siyasət söz ilə əməli işin ölkənin hərtərəfli və davamlı inkişafına doğru aparan siyasətdə necə təcəssüm etməsinə əyani misal ola bilər.
L.Lavrova demişdir: "Prezident İlham Əliyevin yeni iqtisadi siyasəti respublikanın sözdə deyil, əməli işdə qurulmasında, yeniləşməsində, modernləşməsində təzahür edir. Aşkar görünür ki, neft kontraktlarından əldə edilən vəsait yeni möhtəşəm magistrallar salınmasına, idman qurğularının, sosial və təhsil müəssisələrinin yaradılması proqramlarına sərf edilir. İqtisadi böhran barədə nə qədər danışsalar da, böhrandan necə çıxmaq, iqtisadiyyatı necə modernləşdirmək, innovasiya istehsalını necə yaratmaq və digər məsələləri nə qədər müzakirə etsələr də, Azərbaycanda bütün bu tikinti meydançalarını, yeni zavodları, ölkənin dəyişməkdə olan simasını görəndə Prezidentin sözlərinin və əməli işlərinin respublikanın hərtərəfli və davamlı inkişafına doğru aparan iqtisadi siyasətdə necə təcəssüm etdiyini anlamağa başlayırsan. Bunu demək kifayətdir ki, Azərbaycan ÜDM artımına görə lider ölkələr arasında hətta Rusiyanı da geridə qoymuşdur. Ümumi milli məhsul və sənaye istehsalı sürətlə artmaqdadır. Bu o deməkdir ki, respublika inkişaf edir, modernləşir, sabaha inam yaranır. Azərbaycan Prezidenti İlham Əliyevin riyazi dəqiqliklə ölçülüb-biçilmiş siyasəti mürəkkəb böhran dövründə Azərbaycanın iqtisadi inkişaf reytinqində aşkar ifadə olunur".
L.Lavrova ölkəmizin beynəlxalq nüfuzundan bəhs edərək demişdir ki, Azərbaycan bu məsələdə də bir sıra dövlətlər üçün nümunə ola bilər. O, xüsusi vurğulamışdır: "Fikir verin, Azərbaycan beynəlxalq məsələlərdə ehtiyatlı və dəqiq iştirak edir, hər hansı beynəlxalq danışıqlarda öz simasını qoruyub saxlayır. Belə bir mürəkkəb geostrateji və geosiyasi mövqedə, mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan həmişə müstəqil mövqe tutur. Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın şəxsində Azərbaycan iqtidarının hətta televiziya ekranlarında kənar müşahidəçiyə də çox xoş təsir bağışlamasına diqqəti cəlb etmək istərdim. Azərbaycan lideri hər yerdə yüksək ləyaqət, təmkin və iradə nümayiş etdirir. Bir siyasi xadim kimi onun obrazı bəzi siyasətçilərdən tamam fərqlidir. Mən Azərbaycana gələndə, eləcə də Azərbaycan Prezidentinin Rusiyaya səfərlərini, onun çıxışlarını müşahidə edəndə dövlət başçısı İlham Əliyevi fərqləndirən ləyaqət, təmkin, siyasi mənada çox yaxşı tərbiyə, diplomatik məharət amillərini təcəssüm etdirən obrazını görürəm. Eyni zamanda, bu, çox demokratik obrazdır. Aydın görünür ki, xalqla onun arasında heç bir sədd yoxdur, o, sadə, xeyirxah, gülərüz, özünə güvənən rəhbərdir, insanlarla asanlıqla dil tapır".
Yazıçı ölkəmizdə həyata keçirilən demokratik dəyişiklikləri şərh edərək demişdir: "Azərbaycanda demokratiya siyasəti barədə danışmaq üçün bu ölkədə nə qədər müxtəlif qəzet çap edildiyinə, onlarda nə qədər müxtəlif fikirlər söylənilməsinə diqqət yetirmək kifayətdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan demokratiya və fikir plüralizmi prinsiplərinə sadiqdir. Bu isə o deməkdir ki, ölkədə siyasi həyat fəaldır, vətəndaş cəmiyyəti qurulur".
Lyudmila Lavrova xüsusi vurğulamışdır ki, ölkəmizdə, cəmiyyətdə tolerantlığa yönəlmiş siyasət yeridilir: "Bakıda katolik kilsəsi fəaliyyət göstərir, Roma Papası buraya səfər etmişdir, pravoslav icması tərəqqi edir, kilsələr bərpa olunur, məscidlərin sayı artır, onların tikintisini şəxsən dövlət başçısı dəstəkləyir. Yəni, burada istər dini mənsubiyyət, istərsə də söz və fikir azadlığı prinsipinə görə heç kəsin hüquqları pozulmur. Bunu mətbuatda dərc edilən yazılardan aşkar görmək olar. Bir çox dövlətlər üçün bu, ən mürəkkəb məqamdır və Azərbaycanda bu məsələ uğurla həll edilir".
L.Lavrova daha sonra demişdir: "Azərbaycanda rus dili və ona qayğıkeş münasibət barədə ayrıca söhbət açmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda nəinki rus dili, başqa xalqların dilləri də əsla sıxışdırılmır. Ölkədə çoxsaylı qəzetlər çap olunur, Slavyan Universiteti fəaliyyət göstərir, mədəni əlaqələr inkişaf etdirilir. Ölkələrimiz arasında mədəni əlaqələrə gəldikdə deməliyəm ki, bu proses hələ ümummilli lider Heydər Əliyevin dövründə başlanmışdır. O, Rusiya ilə əlaqələrə çox böyük əhəmiyyət verirdi. Azərbaycanda hakimiyyətin varisliyinin əhəmiyyətinin bir də nədə təzahür etdiyini bilirsinizmi? Bu varislik onda təzahür edir ki, ölkənin indiki Prezidenti İlham Əliyev bütün sahələrdə ən yaxşı dəyərlərin hamısını qoruyub saxlamış, davam və inkişaf etdirmişdir. Bu, çox dəyərli faktdır ki, hakimiyyət yeni liderə keçəndə yeni komanda əvvəlki dəyərlərin hamısını inkar etməyə başlamamışdır. Burada da müdrikliyin varisliyi özünü göstərir. Mənə belə gəlir ki, bu cür gənc və müdrik Prezidentin çox böyük potensialı vardır və onun Prezident vəzifəsində olması respublikanın inkişaf edəcəyinə təminatdır".
L.Lavrova son olaraq əlavə etmişdir ki, bizim bir-birimizi daha yaxşı tanımağımız üçün Azərbaycanda çox iş görülür, özü də təkcə iqtisadiyyatda, ticarətdə, geosiyasətdə deyil, ən başlıcası, mənəvi sahədə bütün dəyərlər qorunub saxlanır. O demişdir: "Azərbaycanın Rusiyadakı səfiri bəstəkar Polad Bülbüloğlunun yubileyinin bu yaxınlarda Moskvada qeyd edilməsi, Böyük Teatrda onun baletinin Yekaterinburq Teatrının quruluşunda premyerası, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti, "Baku" jurnalının nəşri, Rusiyanın ən nüfuzlu linqvistik tədris müəssisələrinin birində - Linqvistika Universitetində Azərbaycan dili şöbəsinin açılması - bütün bunlar möhtəşəm hadisələrdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtidarı təkcə maliyyə-iqtisadi mənada deyil, həm də mədəni-tarixi baxımdan hər şeyi yüksək ləyaqətlə, böyük müdrikliklə qiymətləndirir. Mən belə hesab edirəm ki, bu, Prezident İlham Əliyevin çox böyük xidmətlərindən biridir".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 23 fevral.- S. 2.