Milli intibaha xidmət edən maarifpərvər missiya

 

Nər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu, cəmiyyətdəki missiyasını onun dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. Belə nəcib şəxsiyyətlər mənsub olduqları xalqın intibahını haqlı olaraq elm və təhsildə, mədəni tərəqqidə axtarır, milli-mənəvi irsin qorunmasına böyük töhfələr verir, saf və ülvi məqsədlərin cəmiyyətdə hakim olmasına çalışır, bununla özləri də ucalığa yüksəlirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da çoxşaxəli fəaliyyətində ümummilli liderin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır.

 

Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür. Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" ənənəsini də öz fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva formalaşdırmış, bu statusda böyük ictimai rəğbət və etimad qazanmışdır. Məhz Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çevrilmişdir.

Xalqa xidməti həyat kredosuna çevirmiş belə şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuşlar. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. İnsanpərvərlik və humanizm ruhunda köklənmiş xeyriyyəçilik fəaliyyətinə, nəcib, tərəqqipərvər təşəbbüslərinə görə hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixdə imzaladığı sərəncamla "Heydər Əliyev mükafatı"na layiq görülməsi onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. Heydər Əliyev Fondunun prezidenti son beş illik fəaliyyəti ilə belə bir yüksək mükafata layiq olduğunu sübuta yetirmişdir. Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beş illik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması da onun cəmiyyət həyatındakı əlahiddə mövqeyinin və nüfuzunun daha bir əyani göstəricisi kimi vurğulana bilər.

Fransa Respublikası Prezidentinin bu günlərdə imzaladığı sərəncamla Mehriban xanım Əliyevanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi də bu rəğbətin bariz təcəssümüdür. Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirmişdir ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülmüşdür.

Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" ordeninin 5 dərəcəsi vardır. On bir nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra onun təqdim edilməsinə icazə verilir. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülmüşlər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanmışdır.

Yarandığı gündən Heydər Əliyev Fondu milli genefondun qorunması, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin mühafizəsi və gələcək nəsillərə ötürülməsi naminə əzmkar fəaliyyət göstərir. Fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətininin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması qətiyyən təsadüfi deyil. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan Fond Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov kimi və digər vətənpərvər ziyalıların yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək kimi ağır missiyasını üzərinə götürmüşdür. Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur.

Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi tendensiyalardan hifz olunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin elmi, ictimai, mədəni və humanitar həyatında öz sözünü deyir.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə güclü rezonansa səbəb olmaqla, böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində gördüyü tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən Fondun ümummilli mənafelərinə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan Fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq hakimiyyət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının, imkanlı iş adamlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir. Müasir tələblərə cavab verən məktəb binaları zəruri avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I Dövlət Proqramında yeni məktəblərin inşası məsələsinə də xüsusi diqqət ayrılırdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində bölgələrdə də mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir. Son 5 il ərzində Fondun xəttilə 238 yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən Fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərin bundan sonra da davam etdiriləcəyini, qarşıdakı illərdə də yeni məktəb binalarının tikilib istifadəyə veriləcəyini bəyan edir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri zamanı Azərbaycanın birinci xanımı Fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə Fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Qısa müddətdə 30-dan artıq internat məktəbi əsaslı təmir edilmişdir. Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılmasını təmin etmiş, sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyən edilmişdir. Heydər Əliyev Fondunun rəhbəri Bakı və ölkəmizin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıqlarını vermişdir.

Ümummilli lider Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir" kəlamını fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayında oxucuların ixtiyarına verilmişdir. Heydər Əliyev Fondu eyni zamanda Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi məsələsi üzərində də ciddi iş aparır. Bu sahədə müəyyən problemlərin olduğunu nəzərə alan Heydər Əliyev Fondu klassik yazıçı və şairlərin, o cümlədən ali məktəblər üçün dərs vəsaitlərinin mərhələlərlə yenidən nəşr olunması prosesində yaxından iştirak etməyə çalışır.

Təhsil sahəsində Azərbaycan-YUNESKO əməkdaşlığı başqa bir əlamətdar cəhəti ilə mühüm aktuallıq kəsb edir. Bu da Ermənistanın Azərbaycana hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının Azərbaycan təhsilində yaratdığı ağır problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir. Bütün dünyada təhsil, maarifçilik hərəkatının geniş vüsət aldığı bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğati baxımdan böyük əhəmiyyətə malikdir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın təşkili böyük əhəmiyyət kəsb etmiş, respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaratmışdır.

Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfransların davamı, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədi ilə regionlarda infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblərlə eyni səviyyədə fəaliyyət göstərir.

Dünyada məşhur insanların adını daşıyan xeyriyyə fondları çoxdur. Yeni yaradılarkən çoxunun həmin fondlar kimi xeyriyyə məqsədləri daşıyacağını zənn etdiyi Heydər Əliyev Fondu gözlədiyimizdən xeyli böyük amalları reallaşdırmağa başladı. Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas gözəl keyfiyyətlərdən biridir və fərəhlidir ki, hazırda Heydər Əliyev Fondu bu ənənələri uğurla davam etdirir. Fondun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir.

Bu məsuliyyətli seçim ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji siyasət kursunun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

 

 

Afət SADIQOVA,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 4.