Dmitri Medvedev Ramiz Abutalıbovu "Puşkin medalı" ilə təltif etmişdir
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Fərmanı ilə soydaşımız, tanınmış ictimai xadim, Fransa "Fəxri legion" ordeninin sahibi, "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti idarə heyətinin üzvü Ramiz Abutalıbovu mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə "Puşkin medalı" ilə təltif etmişdir.
Ramiz Abutalıbov uzun müddət Parisdə, YUNESKO-nun katibliyində işləmiş, ötən əsrin əvvəllərində, vətəndaş müharibəsindən sonra xaricə aparılmış maddi-mədəni dəyərlərin Azərbaycan və Rusiyaya qaytarılmasına kömək etmişdir. Belə ki, məşhur rus rəssamları İvan Ayvazovskinin və Filipp Malyavinin rəsmləri, görkəmli rus yazıçısı İvan Buninin məktubları, ötən əsrin 30-cu illərində Parisdə dərc edilmiş qəzet və jurnalların nadir nüsxələri, Paris arxivlərindən və şəxsi kolleksiyalardan indiyədək məlum olmayan materiallar Sovet, sonralar isə Rusiya Mədəniyyət Fonduna qaytarılmışdır. Bir çox rus və Azərbaycan mühacirləri öz şəxsi arxivlərini və qiymətli əşyalarını SSRİ-yə göndərməyi yalnız ona etibar edirdilər.
Bu gün ona verilən şəkillər, xalçalar, kitablar, sənədlər Dövlət Tarix Muzeyində (Moskva), Qara Dəniz Donanması muzeyində (Sevastopol), Marina Svetayeva muzeyində (Moskva), Rusiya Mədəniyyət Fondunda, Azərbaycan Dövlət Arxivində, Azərbaycan Müstəqillik, Təsviri sənət, Ədəbiyyat, Xalçaçılıq və s. muzeylərində saxlanılır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.-23
fevral.- S. 4.