Azərbaycan ombudsmanı Xocalı
soyqırımının 18-ci ildönümü ilə əlaqədar
bəyanat yaymışdır
Azərbaycan ombudsmanı Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə, bu qurumun İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və Avropa ombudsmanlar qurumlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə bəyanat ünvanlamışdır.
Bəyanatda iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olan Xocalı faciəsi ilə bağlı faktlar öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 83 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Bəyanatda bildirilir ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Prezident İlham Əliyev Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞ PA-nın rəsmi sənədlərində öz əksini tapmışdır. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçi kimi fəaliyyəti hələlik bir nəticə verməmişdir.
Hazırda Xocalı soyqırımı dünyanın bir sıra dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur.
Bəyanatda
insan hüquqlarının kütləvi və kobud şəkildə
pozulması ilə nəticələnmış Xocalı
soyqırımına hələ də beynəlxalq miqyasda
hüquqi qiymət verilmədiyi, terrorçu əməllərə
qarşı qəti tədbirlər görülmədiyi təəssüflə
qeyd olunmuşdur.
Azərbaycan.- 2010.- 23 fevral.- S. 6.