Azərbaycanın İordaniyadakı
səfirliyi Xocalı soyqırımı ilə
bağlı bəyanatla
çıxış etmişdir
Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olmuş, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilmiş faciənin 18-ci ildönümü ilə bağlı və "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın İordaniyadakı səfirliyi bəyanatla çıxış etmişdir.
Bəyanat İordaniyanın Xarici İşlər Nazirliyinə və bir sıra dövlət təşkilatlarına, habelə krallıqda akkreditə olunmuş səfirliklərə göndərilmiş, yerli KİV-də dərc edilmiş və səfirliyin rəsmi saytında yerləşdirilmişdir.
Səfirlikdən bildirmişlər ki, İordaniyanın məşhur jurnalisti, ölkənin aparıcı "Ər-Rəy" və "Şihən" qəzetlərinin siyasi icmalçısı Mərvan Sudahın fevralın 18-19-da bu mətbu orqanlarda Xocalıda baş vermiş faciə haqqında məqalələri dərc olunmuşdur.
Səfirliyin elanlar lövhəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsini və yaralanmasını əks etdirən məlumatlar və fotolar yerləşdirilmişdir.
Xocalı soyqırımı haqqında məlumatı daha geniş yaymaq məqsədilə səfir Elman Araslı və səfirliyin əməkdaşları İordaniyanın rəsmi və ictimai dairələrinin nümayəndələri, krallıqda akkreditə olunmuş xarici ölkələrin diplomatları ilə görüşlərdə ermənilər tərəfindən törədilmiş bu dəhşətli hadisə və onun ağır nəticələri, Dağlıq Qarabağda separatçı rejimin məqsədləri, münaqişənin tarixi barədə geniş məlumat vermişlər. Səfir E.Araslı İordaniya Senatının sədri, bu ölkənin xarici siyasət idarəsinin baş katibi, İordaniya Televiziyasının rəhbəri, habelə bir sıra mədəniyyət və elm xadimləri ilə görüşlərdə ermənilər tərəfindən törədilmiş qanlı hadisələr haqqında danışmışdır.
Bundan əlavə, fevralın 15-də səfirliyin Heydər Əliyev Fondu ilə birgə İordaniya Universitetində təşkil etdiyi tədbirdə Xocalı soyqırımı ilə bağlı kitablar, bukletlər və digər məlumatlar krallığın ictimaiyyətinə təqdim olunmuşdur. Kitabların bir nüsxəsi İordaniyanın aparıcı kitabxanalarına göndərilmişdir.
Xocalı soyqırımının
18-ci ildönümü ilə
əlaqədar bəyanat
və məlumat fevralın sonunda səfirliyin bülleteninin
növbəti nömrəsində
öz əksini tapacaqdır. Fevralın
26-da isə səfirliyin
önündəki Azərbaycan
bayrağı matəm
əlaməti olaraq endiriləcək və Xocalı hadisələrini
əks etdirən fotosərgidə şəhidlərimizin
xatirəsi ehtiramla yad olunacaqdır.
Azərbaycan.- 2010.- 23 fevral.- S. 6.