"İrəli" Ukraynanın gənclər təşkilatı ilə birgə Xocalıya həsr olunmuş konfrans keçirmişdir

 

"İrəli" İctimai Birliyi Kiyevin "Molodejnıy Evropeyskiy Rux" şəhər təşkilatı ilə birgə "Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan" mövzusuna həsr olunmuş konfrans keçirmişdir.

Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, tarixçilərin, politoloqların və jurnalistlərin qatıldığı tədbiri Ukrayna Avropa Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba açaraq 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəriyyətə qarşı cinayətin hələ də cavabsız qalmasından təəssüflə danışmışdır.

Əsrlər boyu Ukrayna xalqının da dəfələrlə soyqırımı və faciələrlə üzləşdiyini bildirən "İrəli" İctimai Birliyinin Ukraynadakı təmsilçisi Cavid Hüseynzadə "Xocalıya ədalət" kampaniyasına qoşulan ukraynalı həmyaşıdlarına minnətdarlığını bildirmişdir.

Ukrayna Avropa Gənclər Hərəkatı təşkilatının fəallarından Alesya Xoleç XX əsrin ən amansız faciəsi olan Xocalı soyqırımına hələ də hüquqi siyasi qiymətin verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirərək azərbaycanlı gənclərin bununla bağlı beynəlxalq təşkilatlara və dünya birliyinə müraciət etmək üçün imzatoplama kampaniyasına qoşulduqlarını bildirmişdir. Konfransda Ukrayna Dövlət Televiziyasının aparıcı jurnalisti Georqi Spasokukotskinin və Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun ssenarisi əsasında çəkilmiş "Qarabağ tarixin burulğanında" sənədli filminin təqdimatı olmuşdur. İştirakçılar filmdə son iki əsrdə erməni və ermənipərəst qüvvələrin Azərbaycan xalqına qarşı həyata keçirdikləri amansız faciə və soyqırımı siyasəti ilə tanış olmuşlar.

Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı, Nataliya Rudenko və digər çıxış edənlər Xocalı faciəsinin hələ də cəzasız qalmasını bəşər tarixinin qara ləkəsi adlandırmışlar.

Konfrans iştirakçılarına həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar paylanmışdır.

 

 

Azərbaycan.- 2010.-23  fevral.- S. 6.