Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft Akademiyasının yaradılmasının 90 illiyi tamam olur.

Fəaliyyətə başladığı vaxtdan etibarən ötən müddət ərzində Azərbaycan Dövlət Neft Akademiyası respublikamızda və onun hüdudlarından kənarda neft, qaz və neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları hazırlayan ali təhsil ocağına və elmi tədqiqatlar mərkəzinə çevrilmişdir.

Ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 2.