Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi

 

Fevralın 23-də Milli Məclisin rəhbəri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Deputatlar əvvəlcə Xocalı faciəsinin 18-ci ildönümü ərəfəsində soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Cari məsələlərin müzakirəsi zamanı deputatlardan İltizam Əkbərli, Xanhüseyn Kazımlı, Gülhüseyn Əhmədov, Əli Məsimli, Aynur Quliyeva, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Elman Məmmədov ictimai-siyasi proseslərlə bağlı öz fikirlərini bildirdilər. Qeyd olundu ki, İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının müsbət nəticələri göz qabağındadır.

Deputat Mübariz Qurbanlı bildirdi ki, ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın gündəmə gətirilməsi istiqamətində erməni lobbisinin fəaliyyəti güclənib. Martın 4-də ABŞ Konqresinin müvafiq komitəsində bu məsələ yenidən müzakirəyə çıxarılacaq. Mübariz Qurbanlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bununla bağlı ABŞ Konqresinə etiraz məktubu göndərməsini təklif etdi.

Deputat Musa Quliyev isə öz çıxışında soydaşlarımızın Ermənistandan deportasiyaya məruz qalmalarını xatırlatdı. Musa Quliyev dedi ki, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı bu ölkədən deportasiya edilib. Ağır şəraitdə yaşayan minlərlə soydaşımız elə bu səbəbdən də dünyasını vaxtsız dəyişib. Deputat təklif etdi ki, 1948-1953-cü il hadisələri parlament tərəfindən deportasiya kimi qiymətləndirilsin və həmin insanlara, onların ailə üzvlərinə deportasiya qurbanları statusu verilsin, habelə beynəlxalq təşkilatlar qarşısında bu hadisələrə görə Ermənistandan təzminat alınması məsələsi qaldırılsın.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentdə Xocalı faciəsi ilə bağlı 75 qərar, müraciət, qətnamə, bəyanat qəbul olunub. Sevindirici haldır ki, Xocalı soyqırımına ilk dəfə olaraq beynəlxalq aləmdə də düzgün qiymət verilib. İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Dünyanın 56 ölkəsinin üzv olduğu İKT-nin Parlament Assambleyasında Xocalı faciəsinin insanlığa qarşı cinayət adlandırılmasını ehtiva edən qətnamə qəbul olunub.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev sənəd barəsində ətraflı məlumat verərək bildirdi ki, 2010-cu ilin yanvarın 31-də Uqandada İKT parlament birliyinin ali orqanı olan konfransın 6-cı sessiyası keçirilib. Toplantıda Milli Məclisin nümayəndə heyəti də iştirak edib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İKT Gənclər Forumu tərəfindən qətnamə layihəsi hazırlanıb. Sənəd İKT-nin Gənclər Forumu ilə İKT parlament birliyi arasında əməkdaşlıq məsələlərini ehtiva edir. İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən kampaniya çərçivəsində həmin qətnaməyə Xocalı faciəsi ilə bağlı müddəalar daxil edilib. İKT parlament birliyinin baş katibliyi ilə birgə səylərin nəticəsi olaraq qətnamədə Xocalı soyqırımı erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

Bu, olduqca əlamətdar hadisədir. İKT ilk beynəlxalq təşkilatdır ki, Xocalı faciəsini insanlığa qarşı cinayət adlandırır və bu cinayətin erməni silahlı qüvvələri tərəfindən törədildiyini qeyd edir. İKT həmçinin bu quruma üzv olan ölkələrə qanunverici orqanlarında Xocalı faciəsinə insanlığa qarşı cinayət kimi qiymətləndirməyi tövsiyə edir. Sənəddə eyni zamanda İKT-yə üzv olan dövlətlərin parlamentlərinə üzvləri olduqları digər beynəlxalq təşkilatlarda Xocalı faciəsinə qiymət verilməsi tövsiyə edilir.

Bu qətnamə siyasi, həm də özündə olduqca vacib hüquqi amillər daşıyan sənəddir. Azərbaycan bu sənədi rəhbər tutaraq digər beynəlxalq təşkilatlar qarşısında da analoji məsələ qaldıra bilər.

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlandı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Konstitusiya qanununun layihəsi barədə məlumat verdi. Komitə sədri bildirdi ki, muxtar respublikanın Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Sənədə bəzi redaktə xarakterli dəyişikliklər də edilmişdir.

Sənədin müzakirəsi zamanı deputatlardan Qüdrət Həsənquliyev, İsa Həbibbəyli, İlyas İsmayılov, Xanhüseyn Kazımlı bir sıra təkliflərlə çıxış etdilər.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Əsasən redaktə xarakterli olan bu dəyişikliklər qanunvericiliyin əsaslarının möhkəmlənməsinə xidmət edir.

Deputatlar bu qanun layihəsinə də müsbət münasibət bildirdilər.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun imzaladıqları Birgə Bəyannamənin təsdiq edilməsi barədə, Azərbaycan Prezidentinin və Sloveniya Prezideninin Birgə Bəyanatının təsdiq olunması haqqında, habelə "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri təsdiq edildi.

İclasda daha sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi.

Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov bildirdi ki, 2009-cu il ölkəmiz üçün uğurlu, yaddaqalan və əlamətdar olmuşdur. Respublikamızda demokratiyanın, eləcə də yerli demokratiya və özünüidarənin inkişafı sahəsində olduqca önəmli işlər görülüb. Ötən il də ölkəmizdə bələdiyyə institutunun inkişaf etdirilməsi istiqamətində müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilib. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunmasına və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilib. Bu islahatlar nəticəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində dönüş yaranıb.

Qanuna müvafiq olaraq 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 bələdiyyə yaradılıb. Bütövlükdə bələdiyyələrin sayı ölkə üzrə xeyli azalaraq 1718 olub. 2009-cu ilin dekabrında keçirilmiş seçkilərdə vətəndaşların fəal iştirakı bir daha sübut etdi ki, bu orqanların fəaliyyətinə maraq var. Bələdiyyə seçkiləri nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilib. Yeni seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edirlər. Onların sırasında qadınların və gənclərin xüsusi çəkisi xeyli artıb.

Bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib. 2009-cu ildə bələdiyyə üzvləri və qulluqçuları üçün ixtisasartırma kursları, seminarlar təşkil olunub. Bələdiyyələr üçün 872 tövsiyə və 19 metodiki vəsait hazırlanıb.

2009-cu il ərzində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21383 akt göndərilib. Onlardan 1231-i Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icraatında olub. Bu aktlardan 333-ü ləğv edilib və ya dəyişdirilib, 87 bələdiyyə aktının ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıb.

Sonra məruzə ətrafında çıxışlar oldu. Deputatlardan Əli Məsimli, Eldar Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, Yevda Abramov bələdiyyələrin fəaliyyətində şəffaflığın və demokratik prinsiplərin qorunması üçün maarifçiliyin daha da genişləndirilməsinin, bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılmasında qanunvericiliyin tələblərinə riayət edilməsinin, qiymət intizamının, inzibati nəzarət mexanizminin gücləndirilməsinin, qanunlara riayət edən və uğurlar qazanan bələdiyyələrin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanmışdır.

Sonda məruzə nəzərə alındı.

İclasda "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi də müzakirəyə çıxarıldı. Parlamentin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev qanun layihəsi üzərində birinci oxunuşdan sonra aparılmış əlavə və dəyişikliklər, təkmilləşdirmələr haqqında məlumat verdi. Qeyd olundu ki, qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.

Müzakirələr zamanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, Astan Şahverdiyev, Hikmət Atayev, Gövhər Baxşəliyeva, Əli Hüseynov qanun layihəsinin müasir dövrdə əhəmiyyətinin vacib olduğunu qeyd edərək bir sıra təkliflər verdilər.

Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 3.