Oleq Kuzin: Azərbaycanın uğurları məni sevindirir

 

Rusiyada çıxan "Tribuna" qəzetinin baş redaktoru Oleq Kuzin AzərTAc-a müsahibəsində demişdir: "Bu yaxınlarda sizin ölkənizin paytaxtı gözəl Bakı şəhərində olarkən mənə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etmək nəsib olmuşdur. Azərbaycan dövlətinin başçısı mənə çox xoş təsir bağışladı. Qarşımda savadlı, bütün məsələləri mükəmməl bilən, öz xalqının və ölkəsinin mənafeyi naminə ölçülüb-biçilmiş qərarlar qəbul etməyi bacaran və nəhayət, dünyada baş verən bütün proseslərə müasir nəzərlə yanaşan əzmkar bir rəhbər gördüm. Bir rusiyalı kimi çox xoş oldu ki, İlham Əliyev Moskvanın nüfuzlu ali məktəblərindən birini müvəffəqiyyətlə bitirmişdir, doğma Azərbaycan dilindən əlavə rus dilini və bir sıra xarici dilləri də gözəl bilir.

Prezident İlham Əliyev bizə Azərbaycanın müasir iqtisadiyyatının çox dolğun mənzərəsini təsvir etdi. Bundan sonra bütün dünyanı bürümüş iqtisadi böhranın nəyə görə Azərbaycana demək olar ki, təsir göstərməməsinin səbəbi bizə aydın oldu. Qarabağ probleminin uzanması barədə Prezidentin qətiyyətli, məsələnin mahiyyətinə varan fikirlərini dinlədikcə, məndə belə bir qəti inam yarandı ki, bu münaqişə hökmən və tezliklə həll ediləcək, evsiz-eşiksiz qalmış insanlar, nəhayət, öz doğma yurdlarına, torpaqlarına qayıdacaqlar".

Oleq Kuzin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında da çox xoş sözlər dedi. Onun başçılıq etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini böyük hörmətlə vurğulayaraq, Mehriban xanımın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində gördüyü işlər haqqında heyranlıqla danışdı...

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun işində iştirak etmiş və Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da olmuş "Tribuna" qəzetinin baş redaktoru demişdir: "Bakıda olmaq mənim xoşuma gəlir. Ona görə xoşuma gəlir ki, mən sizin şəhərinizi sevirəm, burada dəfələrlə olmuşam, burada məni böyük dost kimi qəbul edirlər, mən Bakı sakinlərini də sevirəm. Onlar çox səmimi, qonaqpərvər, gülərüz insanlardır. Açıqürəkli bu insanlar həmişə yaxşılıq etməyə hazırdırlar. Bunu həm də ona görə bilirəm ki, azərbaycanlılarla, ümumiyyətlə, əslən Bakıdan olub, hazırda Moskvada yaşayan insanlarla ünsiyyətdə oluram. Onlardan biri Rafael Hüseynovdur. Bildiyiniz kimi, o, bizim qəzetin rəhbərliyində işləyir. Mən Rusiyada yaşayan başqa azərbaycanlılarla da tanışam. Bu insanlar Rusiya cəmiyyətinə gözəl Bakı koloriti, öz xalqının zəngin mədəniyyətini və mentalitetini gətirmişlər.

Rəhbərliyi mənə etibar olunmuş "Tribuna" qəzeti də Azərbaycanla sıx bağlıdır. Bunu xatırlatmaq kifayətdir ki, ölkənizin rəhbərləri haqqında iki kitabın müəllifi olan Viktor Andriyanov bizim redaksiyada işləyir. Bu kitablardan birincisi böyük siyasi xadim və dövlət xadimi Heydər Əliyev haqqındadır. "Görkəmli adamların həyatı" seriyasından olan bu kitab bir neçə xarici dilə tərcümə olunmuşdur. İkinci kitab Azərbaycanın indiki Prezidenti İlham Əliyev haqqındadır.

Sizin həmvətənlərinizlə ünsiyyətdə olduğumdan, təbii ki, Azərbaycanın problemlərindən, o cümlədən Qarabağ problemindən xəbərim vardır. Bu problem dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq təkcə hər bir azərbaycanlını deyil, hər hansı millətə mənsub olan sağlam düşüncəli bütün insanları narahat edir".

"Tribuna" qəzetinin baş redaktorunun sözlərinə görə, Bakı bu dəfə də ona unudulmaz təsir bağışlamışdır. Bu gözəl şəhər böyük inşaat meydançasına çevrilmişdir. Axırıncı dəfə burada beş il bundan əvvəl olduğunu deyən müsahibimiz indi tamam başqa mənzərə gördüyünü söyləyir. O vaxtdan bəri Bakı daha da qəşəngləşmiş, göz oxşayan işıqlı yeni binalar ucaldılmış, köhnə tikililər sökülmüşdür. Qalan qədim binalar da indi tamam başqa görkəm almışdır. Şəhərdəki parklar, bağlar səliqə-sahmanı, yaşıllığı ilə göz oxşayır.

Oleq Sergeyeviç demişdir: "Bakıda gəzərkən qaçqınların yaşadığı mikrorayona gedib çıxdım. Cansıxıcı mənzərədir. Prezident İlham Əliyevin sözləri yadıma düşdü. Onun dedikləri ilə razılaşmamaq çətindir: Azərbaycan üçün əsas məsələ Qarabağ probleminin həllidir. Bu problem həll edilmədən bütövlükdə regionun inkişafı qeyri-mümkündür".

"Tribuna" qəzetinin baş redaktoru müsahibənin sonunda qeyd etdi ki, Xəzər sahilində yerləşən, onu çoxdan məftun etmiş Bakı şəhərində yenə görüşəcəyimizə ümid edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-24  fevral.- S. 3.