İtaliyanın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşmüşdür

 

İtaliyanın Azərbaycandakı səfiri Mario Corco Stefano Baldi Sabunçu rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş şuşalılar üçün salınmış Ramana-420 qəsəbəsində sakinlərlə görüşmüşdür.

Səfir bir neçə mənzilə baxmış, sakinlərin məişət şəraiti ilə maraqlanmışdır.

Görüşdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu nəticələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər ordusu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə məlumat vermişdir.

B.Səfərov Ramana-420 qəsəbəsinin salınması zərurətindən, burada sakinlər üçün yaradılmış şəraitdən, münaqişənin həlli ilə bağlı mövcud vəziyyətdən söz açmış, beynəlxalq qurumların münaqişə tərəflərinə ikili münasibətini xatırlatmışdır.

İcma rəhbəri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin nəticəsizliyindən, münaqişənin həllinə icma üzvlərinin münasibətindən də danışmışdır. Vurğulamışdır ki, qarabağlılar danışıqlar prosesində Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini dəstəkləyirlər. O, problemə İtaliyanın nümayiş etdirdiyi həssas münasibətə və ölkə parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə qəbul olunduğuna görə minnətdarlığını bildirmişdir.

Diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış və diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov doğma yurdlarından didərgin düşmüş insanlara diqqətinə görə Mario Corco Stefano Baldiyə təşəkkür etmişdir.

İtaliyanın bütün dünyada məşhur olan "Komedi şou" Pantomim Teatrının məcburi köçkünlər qarşısında çıxışı böyük maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 3.