Azərbaycan həqiqətlərinin yayılmasında ictimaiyyətin rolu əvəzsizdir

 

Dünən Azərbaycan Müəllimlər İnstitutunda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş "Vətənpərvərlik tərbiyəsinin formalaşmasında və Azərbaycan həqiqətlərinin yayılmasında ictimaiyyətin rolu" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Milli Məclisin üzvləri, institutun müəllim və tələbələri, ayrı-ayrı ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

İştirakçılar əvvəlcə Şuşa, Xocalı, Ağdam bölgələrində erməni quldur birləşmələri tərəfindən yerli əhalinin işgəncələrlə qətlə yetirildiyini əks etdirən foto-sərgiyə baxdılar. Erməni terrorizmi vəhşiliklərinə dair yeni nəşrlər və video disklərlə tanış oldular. Şuşa, Daşaltı, Kərkicahan, Xankəndi istiqamətlərində gedən döyüşlərdə əsir düşən Atakişiyev Fərhad Rəhman oğlunun döyüş yolundan bəhs edən filmə baxdılar. Sonra Xocalıda həlak olanların və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı konfransı açaraq Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi, eləcə də Dağlıq Qarabağın digər yerlərində törətdikləri vəhşiliklər, terror aktları barədə məlumat verdi.

İnstitutun ixtisasartırma və yenidənhazırlama fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Telman Haqverdiyev çıxış edərək çarizmin, daha sonra sovet hökumətinin zaman-zaman xalqımıza qarşı yeritdiyi soyqırımı və torpaqlarımızın işğalı ilə bağlı tarixi faktlardan, hadisələrdən və faciələrdən söz açdı. Bildirdi ki, çar Rusiyası 1828-1829-cu illərdə İrandan və Türkiyədən İrəvana köçürülmüş ermənilər vasitəsilə Qafqazda məqsədli münaqişə ocağı yaratmışdır.

Rus çarizmi tərəfindən bünövrəsi qoyulan siyasət sonralar davam etdirilərək ölkəmizin qərb hissəsinin itirilməsinə və Dağlıq Qarabağın işğalına gətirib çıxarmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş soyqırım, etnik təmizləmə, terror, insanlığa və bəşəriyyətə qarşı digər cinayətlər, o cümlədən əsir və girovlarla münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktların ictimaiyyətin, tələbə-gənclərin bilməsi vacibdir.

Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Xocalı soyqırımı ilə əlaqədar gördüyü işlərdən danışaraq bildirdi ki, toplanmış rəsmi sənədlərdən, şahid dindirmələrindən ibarət arxiv yaradılıb. Tarixi ədalətsizliyin ictimaiyyətə çatdırılmasında gənclərin, gənc tədqiqatçıların rolu böyükdür. Odur ki, arxivimizin qapıları onların üzünə hər zaman açıqdır.

MTN, DİN və respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov çıxış edərək əsirlikdə olan azərbaycanlıların taleyi, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə bir sıra faktları açıqladı. Dedi ki, ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın komandanlığı və əsgərləri ilə birləşərək Xocalı faciəsindən iki gün əvvəl - fevralın 24-də Qaradağlılar kəndini dörd tərəfdən mühasirəyə alaraq dinc əhalini atəşə tutmuşlar. Bu zaman 12 nəfər şəhid olub, 104 nəfər əsir götürülüb, Əyrikbaba deyilən ərazidə 36 azərbaycanlı gənc oğlanı güllələyib silos quyusuna basdırıblar, 67 nəfəri isə bir gündə vəhşicəsinə qətlə yetiriblər, komissiya MTN və DİN-lə əlaqəli işləyərək yeni faktlar, xüsusi amansızlıqla ölüm, işgəncə halları və soyqırımla əlaqədar digər hadisələr aşkarlayıb. Soyqırımı iştirakçılarının müəyyənləşdirilib cəzalandırılması istiqamətində işlər davam etdirilir.

Əsirlikdən azad edilmiş Bəxtiyar Nağıyev erməni silahlılarının əsirlikdə olarkən onlara verdiyi işgəncələrdən danışdı.

İnstitutun IV kurs tələbəsi Dünya Kərimova Xocalıya həsr etdiyi şeiri oxudu.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 3.