Heydər Əliyev: "Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"

 

"Böyük Ermənistan" xülyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq istəyən ermənilər tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirərək saysız-hesabsız faciələrə bais olmuşlar. 1988-ci ildən başlayaraq öz mənfur siyasətlərini yeni mərhələyə keçirən faşizm ideologiyasına bürünmüş ermənilər xaricdəki havadarlarının köməyi ilə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etmiş, minlərlə dinc azərbaycanlını qətlə yetirmişlər. Öz çirkin ideologiyasını həm də azərbaycanlıları bir millət kimi Yer üzündən silməklə həyata keçirməyi qarşısına məqsəd qoymuş Ermənistan hökuməti 1988-1994-cü illərdə insanlıq tarixinə qara ləkə olan onlarla faciəyə rəvac vermişdir. Onsuz da tarix boyu dəfələrlə acı günlər yaşamış Azərbaycan xalqı 18 il bundan əvvəl, 1992-ci il fevralın 26-da bu faciələrdən ən dəhşətlisi ilə üzləşdi. 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri 613 nəfərin həyatına vəhşicəsinə son qoydular. Əsasən qocalar, qadınlar və uşaqlar gözləri oyulmaqla, başlarının dəriləri çıxarılmaqla, bədən əzaları kəsilməklə, eləcə də digər tükürpədici üsullarla qətlə yetirildilər. 1275 nəfər isə girov götürüldü, şəhər Yer üzündən silindi. Amma bu faciə xalqımızın iradəsini qıra bilməmiş, əksinə, onu daha da mətinləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev də hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm mərasimlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsini Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsil siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz eyni zamanda xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Hələ on beş il əvvəl - 1995-ci il fevralın 25-də Xocalı faciəsinin 3-cü ildönümü ilə bağlı M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. Həmin çıxışı oxuculara bir daha təqdim edirik:

 

Bu faciə Azərbaycan xalqının iradəsini qıra bilməmişdir

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı

 

- Hörmətli bacılar, qardaşlar, hörmətli həmvətənlər!

Biz burada toplaşanlar - hamımız bu matəm mərasiminin təsiri altındayıq. Xocalı faciəsinin üçüncü ildönümü münasibətilə bütün Azərbaycan xalqına bir daha başsağlığı verirəm. Xalqımıza səbir diləyirəm. Allah Xocalı faciəsinin bütün qurbanlarına rəhmət eləsin. Onlar Azərbaycan xalqının milli azadlığı uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həlak olublar, şəhid olublar. Bu gün biz hamımız o şəhidlərin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin. Allah onların ailələrinə, buraya toplaşanların hamısına səbir versin. Allah Azərbaycanın müstəqilliyi uğrunda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların hamısına rəhmət eləsin.

Bugünkü ədəbi matəm mərasimi, güman edirəm ki, bu salona toplaşanların hamısını həyəcanlandırdı. Xocalı faciəsi gözümüzün önündə bir daha canlandı. Biz kədər içindəyik, qəm içindəyik. Üç ildir ki, biz bu qəm-dərdi çəkirik. Bu gün biz Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk etdik. Ancaq eyni zamanda, bu gün burada səslənən sözlər onu göstərir ki, bu faciə də, bu soyqırımı da, son altı ildə Azərbaycanın başına gələn bəlalar da xalqımızın iradəsini qırmayıbdır və qıra da bilməz! Əksinə, hər belə hal - Xocalı soyqırımı, Xocalı faciəsi, başqa faciələrimiz bu gün burada deyilən sözlər kimi, bizim hamımızda daha çox inam yaradır. Hamımızı daha cəsarətli, rəşadətli, mətanətli olmağa dəvət edir. Hamımızı dəvət edir ki, biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.

İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir. İnanıram ki, Azərbaycan xalqı buna nail olacaq və inanıram ki, bugünkü gecə də hamımızı buna dəvət edir. İnanıram ki, bu gün burada səslənən sözlərdən hər kəs özü üçün nəticə çıxaracaqdır və mən də sizin kimi, gələcəyə nikbin baxıram.

Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Belə qaranlıq günlərin işıqlı günləri olur, xoşbəxt günləri olur. Onlar qabaqdadır. Biz o günlərə doğru gedirik və heç vaxt başımızı aşağı salmamalıyıq. Biz qəmlənərik, eyni zamanda, gücümüzü toplayırıq da. Əminəm ki, haqq-ədalət öz yerini tutacaq. Azərbaycan xalqının haqq işi başa çatacaq. Azərbaycan xalqı müstəqilliyini tam bərqərar edəcək, bütün ərazisinin sahibi olacaq, bütün taleyinin sahibi olacaq, ölkəmiz müstəqil dövlət kimi əbədi yaşayacaqdır. Mən buna inanıram və əminəm ki, siz də inanırsınız. Əminəm ki, bütün Azərbaycanın həqiqi vətənpərvər insanları da, vətəndaşları da buna inanırlar.

Bir daha, Allah Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin. Sağ olun.

 

25 fevral 1995-ci il,

Azərbaycan Dövlət Filarmoniyası

 

1995-ci il fevralın 24-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması və bu hadisələrin üçüncü ildönümü ilə əlaqədar dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul etmişdir. Müraciətin mətnini bir daha təqdim edirik.

 

Xocalı soyqırımı müharibə dövründə xalqımıza vurulmuş ən ağır zərbədir

 

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalı faciəsi, soyqırımıdır.

O müdhiş fevral gecəsi Ermənistan silahlı qüvvələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə Azərbaycanın gözəl bir diyarı olan Xocalının sakinlərinə qarşı dəhşətli soyqırımı etmişlər. Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılılara bir gecənin içində böyük zərbələr vurulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, gənc, körpə, uşaq həlak olmuşdur. Yüzlərlə xocalılı yaralanmış, xəsarət almış, şikəst olmuşdur. Yüzlərlə insan əsir düşmüşdür.

Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər həlak olmuşlar, şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana bulaşmışdır.

Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır bir mənəvi zərbə olmuşdur. Ancaq xocalılıların iradəsi sınmamış, insanlar qəhrəmanlıqla, mərdliklə şəhid olmuşlar. Xocalılılar bu ağır faciəni mərdliklə yaşamışlar. Faciənin yeddi ilinin tamam olduğu bu gün məğrur xocalılılar yenə də qəhrəmanlıq həyatı keçirirlər.

Heç şübhə yoxdur ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulacaqdır, Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcəkdir, bu torpaqlardan zorla çıxarılmış soydaşlarımız öz yerinə, yurduna, evinə, obasına qayıdacaqlar. Heç şübhə yoxdur ki, Xocalı işğaldan azad olunacaqdır və xocalılılar öz doğma torpaqlarına qayıdacaqlar, həyatlarını yenə də doğma torpaqları üzərində davam etdirəcəklər.

Ancaq Xocalı yarası qəlbimizdə daim yaşayacaqdır. Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi ilə məhkum olunacaqlar. Xocalı soyqırımının törədilməsində günahı olan Azərbaycanın keçmiş rəhbərliyi və digər vəzifəli şəxslər də xalq qarşısında öz cəzalarını çəkəcəklər. Ədalət məhkəməsi onların cəzasını verəcəkdir.

Xalqımız tarix boyu böyük müharibələrdən çıxmış, öz torpağını, mənliyini qoruyaraq qurbanlar vermişdir. Xalqımız hər dəfə belə müharibələrdən, döyüşlərdən, çətinliklərdən çıxaraq daha da mətin, iradəli olmuşdur. Əminəm ki, bu gün xalqımız, o cümlədən xocalılılar müstəqil Azərbaycan dövlətində daha da mətinləşiblər, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın hamısının azad edilməsi uğrunda sona qədər mübarizə aparmaq əzmindədirlər.

Bu gün, Xocalı faciəsinin ildönümündə, Xocalıda qəhrəmancasına şəhid olmuş övladlarımızın ruhu qarşısında baş əyirəm. Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının yeddinci ildönümünü yaşayaraq, qeyd edərək, eyni zamanda, Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılılara onlarla bir yerdə olduğumuzu bəyan edirik.

Xocalı faciəsi təkcə xocalılıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Mən bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılılara, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər, Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.

Bununla yanaşı, bu gün sizinlə görüş mənə çox böyük təsir bağışlayır. Burada qeyd etdiniz, mən 1993-cü ildə Azərbaycanın Prezidenti seçiləndən sonra ötən illərdə Azərbaycan xalqının başına gəlmiş bəlaları dərindən təhlil etməyə başladım və lazımi tədbirlər gördüm. O cümlədən Xocalı soyqırımına 1994-cü ilin fevral ayında qiymət verildi və bu gün matəm günü elan olundu.

Ancaq hər dəfə xocalılılarla görüşərkən mən qürur hissi keçirirəm. Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalılıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda, vətənpərvərlik nümunəsidir.

Əgər bizim bütün sülhsevər addımlarımız, təşəbbüslərimiz, apardığımız tədbirlər son nəticədə işğal edilmiş, torpaqların azad olunmasını təmin etməsə, nəyin bahasına, hansı qurbanların bahasına olur-olsun, torpaqlarımızı azad edəcəyik, siz öz yerinizə-yurdunuza qayıdacaqsınız, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur - əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.

Azərbaycanın Prezidenti kimi mən bu barədə öz məsuliyyətimi daim hiss edirəm. Bildirirəm ki, Azərbaycan Prezidenti kimi fəaliyyətimin əsas hissəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, işğal edilmiş torpaqların azad olunmasına həsr edilmişdir.

Ötən illərdə mən bu işlə gecə-gündüz məşğul olmuşam. Bu gün də məşğul oluram və gələcəkdə də məşğul olacağam. Əmin ola bilərsiniz ki, mən həmişə sizinləyəm, şəhid ailələri iləyəm, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızlayam. Siz mənim üçün Azərbaycanın ən əziz, ən sevimli vətəndaşlarısınız və daim sizinlə bir yerdə olacağam. İnanıram ki, işğal olunmuş torpaqları hamımız birlikdə azad edəcəyik. Xocalı azad olunacaq, Xocalı torpağı yenidən öz sakinlərinə təqdim ediləcək və siz öz torpağınızın sahibi olacaqsınız.

 

26 fevral 1999-cu il

 

Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş Milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə "Qızıl Ulduz" medalları, "Azərbaycan Bayrağı" ordenlərinin təqdimedilmə mərasimində Heydər Əliyevin nitqi

 

Ulu öndərin xalqa müraciəti

 

Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.

15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə, on minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları Şərq tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.

1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir. Bu, Xocalı şəhidlərinin, Vətən müdafiəçilərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuz olmaqla bərabər, həm də faciənin beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına yönəlmişdir.

Azərbaycanın dövlət rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazilərimizin işğaldan azad edilməsi üçün məqsədyönlü və ardıcıl iş aparır. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir, zaman bizim xeyrimizə işləyir. Bu gün dövlətimiz və xalqımız iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisəolunmaz dərəcədə güclənib, müstəqil Azərbaycan dövləti dünya siyasətinin mühüm faktoruna çevrilib. İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır!

Bu milli matəm günündə Xocalı şəhidlərinin və qəhrəmanlarının müqəddəs ruhu qarşısında baş əyərək Allahdan onlara rəhmət diləyir, onların yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm!

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2003-cü il

 

Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciəti

 

Dövlət səviyyəsində qeyd edilən Xocalı soyqırımının (genosidinin) fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə Xocalı Soyqırımı Günü elan edilmiş həmin matəm xalqımız tərəfindən dərin hüznlə yad edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur.

Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində, əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

Xocalı faciəsi XX əsrdə "Böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər.

Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər. Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurları düşünülmüş surətdə Dağlıq Qarabağın onlarca yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə Yer üzündən silmiş, Qaradağlı kəndində yaşayanların əksəriyyətini məhv etmişlər.

Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlüklə, əsrin əvvəlindən bu günə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən öldürülməsi, azərbaycanlılar yaşayan 6 min kvadratkilometrlik əzəli azəri torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1 milyon nəfərdən çox azərbaycanlının qovulması, 2 minə yaxın Azərbaycan mənşəli yaşayış yerlərinin tarixi adının dəyişdirilməsi, ərazimizin 20 faizinin (12 rayonun) erməni hərbi birləşmələrinin işğalı altında olması, bunun nəticəsində 1 milyon nəfərin qaçqın kimi yaşaması faktlarını bütün dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini, Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş edirik.

Qoy heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasın!

 

 

24 fevral 1995-ci il

 

Azərbaycan.- 2010.- 24 fevral.- S. 5.