Azərbaycan Respublikasının Hərbi
Prokurorluğu ermənilər tərəfindən Xocalıda
törədilmiş soyqırımı ilə bağlı
istintaq-əməliyyat tədbirlərini davam etdirir
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu qəsbkar ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı ilə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir.
1. Zarviqorov Yuri Yuriyeviç - MDB-yə məxsus 366-cı alayın komandiri
2. Çitçyan Valeri İsaakoviç - MDB-yə məxsus 366-cı alayın 1-ci batalyonunun qərargah rəisi
3. Ayriyan Vaçaqan Qriqoryeviç - MDB-yə məxsus 366-cı alayın kəşfiyyat rəisi
4. Akopyan Movses Qrantoviç - MDB-yə məxsus 366-cı alayın 1-ci batalyonunun 2-ci rotasının komandiri
5. Abramyan Poqos Qarnuşeviç - Xankəndində 11-ci alayın komandiri
6. Kisebekyan Qriqoriy Akopoviç - MDB-yə məxsus 366-cı alayın rabitə rotasının komandiri
7. Arutyunyan Slavik Vadimoviç - MDB-yə məxsus 366-cı alayın 5-ci rotasının komandiri
8. İşxanyan Andrey Artyuşeviç - MDB-yə məxsus 366-cı alayın 1-ci rota təchizat vzvodunun komandiri
9. Beqlaryan Sergey Yurikoviç - MDB-yə məxsus 366-cı alayın 2-ci batalyonu, vzvod komandiri
10. Arutyunyan Kamo Rafaeloviç - MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri
11. Danielyan Armen Borikoviç - MDB-yə məxsus 366-cı alayın təmir rotasının vzvod komandiri
12. Qarmaş Viktor Anatolyeviç - MDB-yə məxsus 366-cı alayın zabiti
13. Smaqin Aleksandr Vladimiroviç - MDB-yə məxsus 366-cı alayın zabiti
14. Balyazin Oleq Viktoroviç - MDB-yə məxsus 366-cı alayın zabiti
15. Beqlaryan Armen Volodiyeviç - MDB-yə məxsus 366-cı alayın 1-ci rotasının baş texniki
16. Ayrapetyan Aleksandr
Aleksandroviç - MDB-yə məxsus 366-cı alayın giziri
17. Mirzoyan Vaçik
Qrantoviç - MDB-yə məxsus 366-cı alayın 2-ci rotasının
starşinası
18. Ayrapetyan Vaçik
Qurqenoviç - MDB-yə məxsus 366-cı alayın 3-cü rotasının
starşinası
19. Abramyan Armo Aramoviç -
Xankəndi şəhər DİŞ-nin rəisi
20. Qukasyan Mavrik
Araratoviç - Əsgəran RDİŞ-nin rəisi
21. Aqacanyan Karlen
Levonoviç - Əsgəran RDİŞ-nin sabiq rəisi
22. Barseqyan Şaqen
Semyonoviç - Əsgəran rayon DİŞ-nin rəis
müavini
23. Petrosyan Karo Vaniyeviç
- Əsgəran RDİŞ yanğın təhlükəsizliyi
bölməsinin rəisi
24. Koçaryan Serjik
Sumbatoviç - Xankəndi şəhər həbsxanasının
rəisi
25. Ayriyan Samvel
Samurkayeviç - Əsgəran RDİŞ-də müfəttiş
26. Qriqoryan Edik
Emirvaroviç - Əsgəran RDİŞ-nin əməkdaşı
27. Qriqoryan Ararat
Rantikoviç - Əsgəran RDİŞ-nin əməkdaşı
28. Akopyan Oleq Nikolayeviç
- Həsənabad kənd sovxozunun üzvü
29. Tumasyan Seyran Aprakoviç
- Xasq kəndində sürücü
30. Babayan Georgi
Ginikoroviç - Həsənabad kənd sovxozunda
sürücü
31. Qriqoryan Valerik
Sergeyeviç - Həsənabad kənd sovxozunun üzvü
32. Balasanyan Vitaliy
Mixayloviç - DQMV erməni xalq cəbhəsinin sədri
33. Mirzoyan Maksim
Mixayloviç - Stepanakert şəhəri 2718 saylı avtobazanın
rəisi
34. Babayan Bahadur
Giniqoroviç - Əvvəllər Xocalıda
yaşamış
35. Manqasaryan Artik
Qurgenoviç - Əsgəran rayonu, Daşbulaq kənd sakini
36. Kaqramanyan Hamlet
Asriyeviç - Əsgəran rayonu, Daşbulaq kənd sakini
37. Qriqoryan Canpolad
Xanlaroviç - Əvvəllər Xocalıda
yaşamış
38. İşxanyan Yura
Georgiyeviç - Əsgəran rayonunda yeməkxana müdiri
işləmiş
Hərbi Prokurorluğun mətbuat
xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir
ki, ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar
erməni millətçilərinin Azərbaycan
Respublikasına qarşı əsassız ərazi iddiaları
irəli sürməsi və qondarma Dağlıq Qarabağ
probleminin ortaya atılması azərbaycanlıların
kütləvi şəkildə qırğını və əsrlər
boyu yaşadığı tarixi ərazilərdən
deportasiyası, şəhər və kəndlərimizin,
maddi-mədəniyyət abidələrimizin
dağıdılması, milli genefondumuzun məhvinə
yönəlmiş digər qəsdlərlə nəticələnmişdir.
1991-1992-ci illərdə Xocalıda və digər
yaşayış məntəqələrində
soyqırımı törədilmiş,
Azərbaycan xalqına
qarşı törədilmiş bu ağır cinayətlərin
istintaq edilməsinin və onlara hüquqi qiymət verilməsinin,
həmin cinayətlərin təşkili və törədilməsində
iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib
mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə
cəlb olunması, habelə beynəlxalq hüquq
normalarının kobud şəkildə pozulması
faktları barəsində beynəlxalq təşkilatlar
qarşısında müvafiq vəsatətlər
qaldırılması məqsədi ilə 2003-cü il
dekabrın 18-də Azərbaycan Respublikası Baş
prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik
nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat
qrupu yaradılmışdır.
Baş prokurorun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət
işlərinə prosessual rəhbərliyin həyata
keçirilməsi Azərbaycan Respublikası hərbi
prokuroruna həvalə edilmişdir.
Sülh və insanlıq əleyhinə
törədilmiş başqa ağır və xüsusilə
ağır cinayətlərin hərtərəfli, tam və
obyektiv araşdırılmasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikası Baş prokurorunun 2009-cu il 30
mart tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Ağır Cinayətlərə dair
İşlər üzrə İstintaq İdarəsinin
Xüsusi istintaq şöbəsi yaradılmış və
şöbənin rəisi istintaq-əməliyyat qrupunun rəhbəri
təyin olunmuşdur.
Azərbaycan Respublikası Hərbi
Prokurorluğu tərəfindən bu qəbildən olan işlərin
icraatı təzələnməklə istintaqın başa
çatdırılması, həmin cinayətlərin təşkili
və törədilməsində iştirak etmiş şəxslərin
müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən
cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq
hüquq normalarının kobud şəkildə pozulması
faktları barəsində beynəlxalq təşkilatlar
qarşısında müvafiq vəsatətlər
qaldırılması ilə əlaqədar zəruri tədbirlərin
həyata keçirilməsi istiqamətində təxirəsalınmaz
istintaq işləri aparılır.
Xocalının işğalı
ilə əlaqədar 1992-ci il fevralın
27-də 2000-ci il sentyabrın 1-dək qüvvədə
olmuş Azərbaycan Respublikası CM-in 70-ci maddəsi
(banditizm), 94-cü maddəsinin 4 və 6-cı bəndləri
(ağırlaşdırıcı hallarda qəsdən adam
öldürmə) ilə cinayət işi başlanmış
və istintaq aparılmışdır.
İstintaqla müəyyən
olunmuşdur ki, 1992-ci ilin fevral ayının 26-na keçən
gecə saat 22.00 radələrində Ermənistan hərbi birləşmələri
və Dağlıq Qarabağın separatçı erməni
silahlı quldur dəstələri Xankəndidə yerləşən
366-cı alayın zabit, gizir və əsgərlərinin
iştirakı ilə həmin alayın sərəncamında
olan müxtəlif çaplı atıcı silahlar və
zirehli hərbi texnikalardan istifadə etməklə Xocalı
şəhərinə hücum etmiş, şəhərin
yüzlərlə dinc sakinlərini, özünümüdafiə
batalyonunun döyüşçülərini, şəhərin
özündə, eləcə də şəhəri tərk
edib canını qurtarmaq üçün Ağdam rayonunun ərazisinə
getməyə cəhd edən əhalini, o cümlədən
uşaqları, qadınları, qocaları həmin istiqamətdəki
yollarda təqib edərək, onların fiziki məhvinə
nail olmaq məqsədi ilə, odlu silahlardan atəş
açmaqla, işgəncələr verməklə vəhşicəsinə
qətlə yetirmiş, girov götürmüş, dövlət
və ictimai idarə, təşkilat və müəssisələri,
vətəndaşlara məxsus binaları və əmlakı
yandırmış, məhv etmiş və talan etmişlər.
Xocalı faciəsi ilə əlaqədar
başlanmış cinayət işinin icraatı 1994-cü il martın 31-də
dayandırılmışdır. Həmin cinayət işinin
icraatı 2005-ci il iyulun 12-də Azərbaycan
Respublikasının hərbi prokuroru tərəfindən təzələnərək
bu cinayət işi üzrə əməllər Azərbaycan
Respublikası CM-in 103-cü (soyqırım), 107-ci (əhalini
deportasiya etmə və ya məcburi köçürmə),
115.2-ci (müharibə qanunlarını və adətlərini
pozma) və s. maddələrinə tövsif olunmuşdur. Həmin vaxtdan sülh və insanlıq əleyhinə
müharibə cinayətləri törətmiş şəxslərin
beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə
cəlb, axtarış və mühakimə edilməsi istiqamətində
istintaq hərəkətləri aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Xocalı faciəsi
zamanı 350 nəfər Xocalı sakini, o cümlədən
52 uşaq, 111 nəfər qadın, 16 nəfər 60 yaşdan
yuxarı kişi vəhşicəsinə qətlə
yetirilmiş, 371 nəfər girov götürülmüş,
150 nəfər itkin düşmüş, 421 nəfər
müxtəlif dərəcəli bədən xəsarəti
almış, Azərbaycan dövlətinə və
ayrı-ayrı vətəndaşlara bütövlükdə
144.730.267 manat və ya 170.270.816 ABŞ dolları məbləğində
maddi ziyan vurulmuşdur.
Faciə zamanı qətlə
yetirilənlərdən 192 nəfəri əslən Xocalı
sakini, həmçinin 24 nəfər 1988-ci ildə Ermənistandan
qovulmuş azərbaycanlı qaçqın, 32 nəfər
1988-1989-cu ildə Xankəndi şəhərindən və 35
nəfər Dağlıq Qarabağın digər azərbaycanlılar
yaşayan kəndlərindən zorla
çıxarılmış məcburi köçkün, 8 nəfəri
isə Fərqanə hadisələri zamanı Özbəkistandan
köçərək Azərbaycana pənah gətirmiş
ahıska türkləri və s. olmuşdur.
Həmin silahlı birləşmələr
Xocalı sakinlərinə qarşı soyqırımı
törədərkən 111 nəfəri Xocalıda, mühasirədən
çıxıb qaçmağa müvəffəq olmuş
Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik
meşəsində, 130 nəfəri Naxçıvanik yolunda,
23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz
kəndi yaxınlığında, 8 nəfəri Şelli
istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun
86-cı kilometrində və s. yerlərdə, əsir
götürülənlərdən 18 nəfərini isə Əsgəran
Rayon Daxili İşlər Şöbəsində işgəncə
verərək xüsusi amansızlıqla qətlə
yetirmişlər.
Meyitlərin xarici müayinəsi,
məhkəmə-tibb ekspertizalarının rəyləri,
mühasirədən çıxmağa müvəffəq
olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin
və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara
qarşı törətdikləri ağlasığmaz işgəncə,
vəhşilik faktları: baş dərisinin soyulması,
qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi,
gözlərinin çıxarılması, erməni qəbirlərinin
üstündə azərbaycanlıların
başlarının qurbanlıq kimi kəsilməsi, qadına,
qocaya və uşağa da fərq qoymadan qəddarlıqla
işgəncə verilməsi müəyyən edilmişdir.
İstintaqla müəyyən
edilmişdir ki, erməni silahlı qüvvələri və
Dağlıq Qarabağın silahlı separatçı
qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə
dislokasiya olunmuş 366-cı alayının hərbçiləri
ilə birlikdə törətdikləri bu əməldə
Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisinin "Soyqırım cinayətinin
qarşısının alınması və ona görə cəzalandırma
haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan
Respublikası CM-in 103-cü maddəsində nəzərdə
tutulmuş soyqırımı cinayətinin tərkibi
vardır. Həmçinin cinayət işi öyrənilərkən
müəyyən edilmişdir ki, Xocalı
soyqırımını həyata keçirən Ermənistanın
hərbi birləşmələri, Dağlıq
Qarabağdakı silahlı separatçı birləşmələr
və MDB-nin Xankəndidə yerləşən 366-cı
alayının hərbçiləri tərəfindən
dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq
hüquq normalarına da riayət edilməmiş, 1949-cu il 12
avqust tarixli "Döyüşən silahlı qüvvələrdə
yaralıların və xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında", "Hərbi
əsirlərlə rəftar haqqında" və
"Müharibə zamanı mülki əhalinin qorunması
haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində
nəzərdə tutulan - döyüş əməliyyatlarında
bilavasitə iştirak etməyən şəxslərə
qarşı onların həyatına və şəxsiyyətinə
qəsd etmək, o cümlədən hər hansı şəraitdə
öldürmək, şikəst etmək, qəddarcasına rəftar
etmək və işgəncə vermək, girov götürmək,
insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz
və alçaldıcı tərzdə rəftar edilməsi
kimi qadağan olunması barədə tələblər kobud
surətdə pozulmuşdur.
Siyahıda göstərilən
38 nəfərin - 366-cı alayın hərbi
qulluqçuları və digər şəxslərin
Xocalı soyqırımında iştirakı tam sübuta
yetirilmiş və onların Azərbaycan Respublikası CM-in
soyqırımına görə məsuliyyət nəzərdə
tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə,
müharibə cinayətlərinə görə məsuliyyət
nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 113-cü (işgəncə),
115.4-cü (müharibə qanunlarını və adətlərini
pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik,
məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi
zorakılıqla əlaqədar başqa hərəkətlər
etmə) maddələri ilə nəzərdə tutulan cinayəti
etməkdə təqsirləndirilən şəxs kimi cəlb
olunmaları barədə qərarlar
çıxarılmış, barələrində məhkəmələr
tərəfindən həbs qətimkan tədbiri
seçilmiş və beynəlxalq axtarışlarının
həyata keçirilməsi üçün müvafiq sənədlər
İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
İstintaq
zamanı Xocalı soyqırımı ilə bağlı 2213
nəfər şahid və zərərçəkmiş
şəxs qismində dindirilmiş, 800-dən artıq
ekpertizalar keçirilmişdir.
366-cı alayın həlak
olmuş və yaralanmış hərbi qulluqçularının
siyahısının təqdim edilməsi, hərbi
texnikasının ermənilər tərəfindən ələ
keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların
yaşayış məntəqələrinin 366-cı alaya məxsus
hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar
məlumatların alınması və digər xüsusatlarla
bağlı Rusiya Federasiyası, Özbəkistan və
Qazaxıstan respublikaları baş prokurorluqlarına hüquqi
yardım göstərilməsi barədə təqdimatlar
göndərilmişdir.
Xocalı
soyqırımının törədilməsində
iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri
olmuş mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan
Respublikasının müdafiə naziri vəzifəsində
işləyir), 366-cı alayın 3-cü batalyonunun komandiri
olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin
iştiraklarını sübuta yetirən materialların toplanması
və Azərbaycan Respublikası CM-in müvafiq maddələri
ilə nəzərdə tutulan cinayətləri törətməkdə
təqsirləndirilən şəxslər kimi cəlb
olunmaları, eləcə də əsir və girovlarla
amansız rəftar edərək onlara işgəncələr
verməklə qəddarlıqla qətlə yetirmiş, habelə
Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda
və digər yaşayış məntəqələrində
soyqırımı, həmçinin Azərbaycan millətindən
olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi
surətdə didərgin salınaraq deportasiya etməklə
xüsusilə ağır cinayətləri törətmiş
şəxslərin müəyyən edilməsi istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzərTAc
Azərbaycan.- 2010.- 24 fevral.- S. 6.