Xocalı dərdim!

 

Hərdən mənə elə gəlir ki, Xocalının bütün dərdləri Ağdamdan gəlib keçdi. Allahın müqəddəs evlərindən sayılan Ağdam məscidi insanların başına gətirilən vəhşiliklərin şahidinə çevrildi. Kəsik qollar, başsız bədənlər, bədənsiz başlar gördü. Xocalıların başına gətirilən müsibətləri görmək üçün bizim üz tutduğumuz birinci ünvan məscid idi. Eşitdiklərimiz varlığımızı sarsıtsa da, yenə deyilənləri gözümüzlə görməyə can atırdıq.

Məscidin həyətində yan-yana düzülmüş 12-13 yaşlı qız uşaqlarının cəsədləri vardı. İçəri keçmək istəyəndə məscidin işçiləri bizə mane oldular. Yaşlı bir kişi, qızım sən baxma, ürəyin davam gətirməz - dedi. Çox təkid etdikdən sonra o biri ölənlər haqqında məlumat verdi. 4-5 yaşlı oğlan uşağının ürəyini çıxarıb, məftillə boğazına bağladıqlarını, bəzi cəsədlərin gözlərini dəldiklərini bildirdi. Bəlkə bu, müharibə iştirakçılarının hamısına tanış hissdir. Qan-qada gördükcə insan elə bil, bərkiyir. Düşmənə sonsuz nifrət bir növ, insanı qüvvətləndirir. Düşünürəm, bütün olanlara necə baxa bilmişəm?! Ağdamın mərkəzi meydanına yığışıb ölənindən-itənindən xəbər gözləyən, üz-gözü şırımlanmış ana-bacıların ah-naləsini, say-seçmə oğulların başıaşağı, üzgün görkəmini xatırladıqca indi bədənimdən soyuq gizilti keçir. Göz yaşlarımızı, göz yaşına qatdığımız soydaşlarımız o gün ürəyimizə elə bir dağ çəkdi ki, illər keçsə , o yaranın yeri ağrıyacaq...

O vaxt həm "Qarabağ" qəzetinin müxbiri kimi bəzilərini danışdırıb qeydlər aparırdım... Nənəş Səlimova oğlu Arazla birgə əsir düşübmüş. Erməni qatillər ananın gözü qarşısında oğlunu tikə-tikə doğrayıblar, ət parçalarını da zorla ananın ağzına qoyurmuşlar ki, yesin. Sonra ananı sağ buraxıblar. Bunu əlbəttə, mərhəmət etdiklərinə görə yox, qaniçənliklərindən vandallıqlarından etmişdilər. Yaxşı bilirdilər ki, sağ qalan ananın ömrü boyu ciyərparasının dağını yaşaması deməkdir. Bu onlara xüsusi zövq verirdi.

O dəhşətli faciənin sarsıntısını yaşadığımız ərəfədə erməni vəhşiliyinin bariz nümunəsi olan bir siyahı da əldə etmişdik.

Yandırılan xocalılılar:

 

Şakir Hüseynov

Ağayar İmani

Saday Məmmədov

Allahverdi Hüseynov

Cəbrayıl Rəcəbov

Cahan Fərzəliyev

Firuz Kərimov

Bahadur Səlimov

 

Digər siyahı isə gözləri çıxarılan xocalılılardır.

 

Fatma Həsənova

Məhruzə Məmmədova

Tamara Məmmədova

İqbal Aslanov

 

Bütün faktlar ermənilərin cəngəllik qanunları ilə işlədiyini, barbar millət kimi Yer üzünə, bəşəriyyətə ləkə olduğunu sübut edir. Amma etmək olar? Görünür, dünyaya şər qüvvə kimi bir alət lazım imiş...

Bu aləti itiləyib işlədən hansısa maraqlı qüvvələr Xocalıda işlətdikləri cinayətin məsuliyyətini daşıyırlar. Haqq səsimizin dünya dövlətlərindən əks-sədası gəlməsə , bu cinayətin ağır cəzası olduğuna ümidliyik. Çünki ən ali hakim uca Tanrıdır. Hələlik isə 20 illik qan yaddaşımıza bir salam vermək istədim:

 

Əlim ətəyə çatmır, ahım göylərə dəyir,

Ələyənlər ələyib, əyilməzləri əyir,

Yetim uşaq görəndə yaralarım göynəyir.

Bu dərd tək mənim olsa, ürəyimdə çəkərdim.

Salam, Xocalı dərdim!

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.-24  fevral.- S. 6.