Azərbaycan daha sürətli
iqtisadi inkişaf mərhələsinə qədəm qoyur
Dünya dövlətlərinin iqtisadi həyatında hələ də diqqət yetirilən başlıca məsələlərdən biri qlobal maliyyə böhranının fəsadlarının aradan qaldırılması yolları, yarana biləcək növbəti belə problemə qarşı daha effektiv müdafiə tədbirlərinin hazırlanmasıdır. Çünki əksər ölkələr üçün ötən ilin yekunları əsas etibarı ilə iqtisadi tənəzzüllə xarakterizə edilib, bəzi dövlətlərdə isə iqtisadiyyatın geriləməsi hətta sosial iğtişaşlara gətirib çıxarıb. Analoji vəziyyətin təkrar olunmaması üçün dünya miqyasında diqqət yetirilən başlıca məqamlardan biri qlobal maliyyə böhranının təsirlərini minimal həddə endirməyi bacaran, iqtisadi inkişafını qoruyub saxlayan dövlətlərin təcrübəsinin mənimsənilməsidir.
Həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində qlobal böhrandan etibarlı şəkildə müdafiə olunan, inkişaf tempini qoruyub saxlayan dövlətlərdən biri Azərbaycandır. Ötən ilin yekunları bir daha göstərdi ki, ölkəmizdə reallaşan iqtisadi inkişaf strategiyası kifayət qədər rasional, praqmatik xarakter daşıyır və qlobal maliyyə böhranı kimi dünyamiqyaslı problem fonunda belə, yüksək tərəqqini təmin etmək iqtidarındadır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın bir çox dövlətləri üçün iqtisadi sferada kifayət qədər problemli hesab edilən 2009-cu ili uğurlu göstəricilərlə başa vurdu. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı".
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes də bildirir ki, 2009-cu ildə Azərbaycan dünyada ən yüksək iqtisadi artıma malik olan ölkələrdən biri kimi çıxış edib. BVF təmsilçisi Azərbaycanın makroiqtisadi siyasətinin əsas istiqamətləri, həmçinin pul və maliyyə sabitliyi strategiyasını da yüksək qiymətləndirib. O, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanması məqsədi ilə Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi tədbirlərin çevikliyini vurğulayıb. Ümumiyyətlə isə, BVF belə hesab edir ki, cari və növbəti illərdə Azərbaycan yenə də ən yüksək iqtisadi artım nümayiş etdirəcək ölkələr sırasında yer alacaq.
Qarşıdakı dövr ərzində, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin miqyasının daha geniş xarakter alacağını əslində cari ilin yanvar ayının yekunları da təsdiq edir.
Araşdırmalar göstərir ki, yanvar ayında Azərbaycanda əksər sahələr üzrə həm istehsal, həm də ixracat sferasında ötən ilin analoji dövrü ilə müqayisədə daha böyük artım qeydə alınıb. Məsələn, bu ilin ilk ayında Azərbaycanda istehsal olunan sənaye məhsullarının həcmi 2,5 milyard manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faizlik artım deməkdir. Ötən ay ərzində ölkəmizdə neft hasilatı 17,6 faiz artaraq 4,3 milyon tona, təbii qaz hasilatı 1,5 milyard kubmetrə çatıb. O da xüsusi olaraq vurğulanmalıdır ki, sənaye istehsalında 80 faiz özəl sektorun payına düşüb. Göstərilən rəqəmlər il ərzində sənaye istehsalının həcminin daha da artacağını bəri başdan söyləməyə əsas verir. Bunu şərtləndirən əsas amillərdən biri də qlobal maliyyə böhranının səngiməyə doğru getməsi, beləliklə, tərəfdaş olan xarici dövlətlərin ölkəmizdən daha çox sənaye məhsulu idxal etmək imkanlarının artmasıdır.
Lakin bu ilin yanvarında artım təkcə sənaye sahəsini əhatə etmir. Təhlillər göstərir ki, 2010-cu ilin ilk ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 108 milyon 974,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2 faiz çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının həcmi də artıb. Bundan başqa kənd təsərrüfatı məhsullarının ixracında da əhəmiyyətli artım müşahidə edilməkdədir. Məsələn, hesabat dövründə ölkəmizdən meyvə və tərəvəz ixracı ötən ilin yanvar ayı ilə müqayisədə təxminən 6 faiz çoxalıb. Bəzi məhsulların idxal və ixrac göstəriciləri onlara tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Buna konkter misal olaraq içməli çayı göstərmək olar. Belə ki, bu ilin yanvar ayı ərzində Azərbaycana çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azaldığı halda, ölkəmizdən bu məhsulun ixracında 41,6 faizlik artım qeydə alınıb. Eyni sözləri spirtli içkilər barəsində də söyləmək mümkündür. Ötən və cari ilin yanvar aylarının müqayisəli təhlili göstərir ki, Azərbaycanın idxal etdiyi spirtli içkilərin idxalı 77,5 faiz azaldığı halda, ixrac həcmi 71 faiz artıb. İxrac həcmində daha böyük göstərici isə çiyidli pambığa aiddir. Yanvar ayının yekunları göstərir ki, hesabat dövründə çiyidli pambığın ixracında 4,5 dəfəyədək artım baş verib.
Yanvar ayında dinamik artım müşahidə edilən sahələrdən biri də tikinti sektoru olub. Hesablamalara görə, Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri 2009-cu ilin yanvar ayı ilə müqayisədə 2010-cu ilin müvafiq dövründə icra edilən işlərin həcmini 13,2 faiz, yaxud 172,7 milyon manat artırıb. 2010-cu ildə tikinti şirkətləri tərəfindən yeni obyektlərin inşasına, yenidənqurma və genişləndirmə işlərinə 129,4 milyon, əsaslı təmirə 22,4 milyon, cari təmirə 8,8 milyon, digər inşaat işlərinə 12,1 milyon manat məbləğində vəsait sərf olunub. O cümlədən yanvar ayında binaların inşası üzrə işlərin həcmi 99,6 milyon (artım 16,3 faiz), ixtisaslaşmış tikinti işlərinin həcmi isə 43,1 milyon manat (artım 35,7 faiz) təşkil edib. Bütövlükdə, hesabat ayında özəl tikinti müəssisələri tərəfindən 114,5 milyon manat, dövlət tikinti müəssisələri tərəfindən isə 58,2 milyon manat məbləğində işlər həyata keçirilib.
Araşdırmalar göstərir ki, yanvarda tranzit yükdaşımaların həcmində də kifayət qədər ciddi artım qeydə alınıb və bununla bağlı artım göstəricisi 60 faizə bərabər olub. Tranzit yükdaşımaların əsas hissəsi İsveçrəyə, İtaliyaya, Gürcüstana, Türkmənistana, İrana, Türkiyəyə və digər ölkələrə göndərilib.
Ölkəmizdə yanvar ayı ərzində iqtisadiyyatın digər sahələri üzrə də artımlar baş verib. Bu isə öz növbəsində iqtisadi inkişafın daha dinamik mərhələyə qədəm qoymasından xəbər verir. Belə vəziyyət isə cari il ərzində Azərbaycanın yenə də uğurlu nailiyyətlərə imza atacağından, iqtisadiyyatın da yüksək tərəqqi tempini qoruyub saxlayacağından xəbər verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.-25
fevral.- S. 1.